525.Az

Dövlətimiz İslam həmrəyliyinin gücləndirilməsində fəal rol oynayır


 

AZƏRBAYCAN DÜNYADA İSLAMAFOBİYA, İSLAMIN MAHİYYƏTİNİN TƏHRİF EDİLMƏSİ, ONUN TERRORLA EYNİLƏŞDİRİLMƏSİNƏ QARŞI ƏN KƏSKİN ŞƏKİLDƏ ÖZ SƏSİNİ UCALDAN DÖVLƏTDİR

Dövlətimiz İslam həmrəyliyinin gücləndirilməsində fəal rol oynayır<b style="color:red"></b>

Bəzi xarici qüvvələr Azərbaycanı gözdən salmaq, ölkəni qarşıdurma məkanına çevirmək üçün fəaliyyətə keçib.

Dünyaya tolerantlıq dəyərləri aşılayan Azərbaycanı qatı dumanın içində görmək istəyən məkrli qüvvələr bununla dini və irqi münasibətlərin ziddiyyət təşkil etməsində maraqlı olduqlarını bir daha sübut edirlər. Bu məqsədlə islamafob və ksenefob qüvvələr xüsusi hazırlıq keçmiş agentlərini ölkəmizə göndərərək radikal-ekstremist meylli qruplar yaratmağa cəhd edir, müxtəlif təxribat əməlləri həyata keçirməyə çalışırlar. Son olaraq Bakının Nardaran kəndində baş verən hadisə buna misaldır. Xarici qüvvələr qəsəbə sakinlərinin dini inanclarından istifadə edərək Azərbaycanda radikal-ekstremizmin buradan kök salmasına çalışıblar. Birmənalı olaraq, həmin missiyasını yerinə yetirən şəxslər din pərdəsi altında fəaliyyət göstərir, xarici dairələr tərəfindən idarə olunurlar. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ekstremistlərin qarşısı alınıb, silah-sursatı ələ keçirilib. Məlum olub ki, "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın sədri Taleh Bağırzadə radikal təmayüllü qüvvələrin lideri funksiyasını yerinə yetirib. Onun ətrafında birləşən ekstremistlər xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər.

Lakin müsbət haldır ki, Nardaranda əksəriyyət radikal ekstremist təfəkkürlü ünsürlərin fikirlərini bölüşmür. Çünki hər kəsə məlumdur ki, Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır. Ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir. Hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunur. Bir sözlə, dövlət bütün dinlərinin daşıyıcıları üçün bərabər şərait yaradıb.

Ölkə əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyini nəzərə alsaq, bu sahədə də diqqət çarpacaq dərəcə inkişafın, irəliləyişin əldə olunduğunu  diqqətə çatdırmaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparılır. Diqqət yetirsək, müstəqilliyin ilk illərində Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə rəhbəri İlham Əliyevin öz ailəsi ilə birlikdə Həcc ziyarətinə getməsi dövlət başçısının İslam dininə verdiyi böyük önəmin bariz nümunəsidir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Yaxın zamanlarda Bakıda İSESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaqdır.

Eyni zamanda, qeyd edək ki, Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir.

Bundan əlavə, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.

Azərbaycan bütün dünyada islamafobiyaya, İslamın mahiyyətinin təhrif edilməsi, onun terrorla eyniləşdirilməsinə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətin İslam dininə, dini dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir.

Nardaran hadisələrindən söhbət açmışkən, məsələnin mənfi tərəfi isə həmin insanların radikal-ekstremist təmayüllü qüvvələrin təhdid və təzyiqlərilə üzləşməsi olub. Bu, terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Yaxın və Orta Şərq, eləcə də Şimali Afrikada  baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq, ölkəni Liviyaya, Suriya, Əfqanıstana çevirməkdir.

Terrorçu dəstə bütün imkanlardan istifadə edərək dövlət tərəfindən həyata keçirilən sosial, infrastruktur tədbirlərini sabotaj etməyə çalışıb. Halbuki, Nardaran kəndində sosial problemlərin həll edilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, o cümlədən, Nardaran kəndinin sosial-iqtisadi problemləri uğurla həll edilir.

Kənd sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı barədə iddialar öz təsdiqini tapmır. Bütün bunlar terrorçu ünsürlərin, onların havadarlarının dezinformasiya vasitəsilə ölkə ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyil. Ona görə də, Azərbaycan dövləti, hüquq mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərmək məqsədi güdənlərə qarşı sərt ölçü götürməli, kənddə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir.

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, ölkədə ictimai sabitliyi pozmaq istəyən qüvvələr var. Onun sözlərinə görə, məkrli qüvvələr yaddan çıxarırlar ki, Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas vəzifə ölkədə sabitlik, təhlükəsiz həyat şəraitinin yaradılması, inkişaf istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir.

Siyasi hakimiyyətin ölkədə ictimai sabitliyin qorunması baxımından kifayət qədər təcrübəyə malik olduğunu deyən E.Həsənli xatırladıb ki, 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çaxnaşma, qarşıdurma, vətəndaş müharibəsi yaratmaq istəyən qüvvələrin qarşısı qətiyyətlə alınıb və bugünə qədər sabitlik təmin olunub: "Azərbaycan hakimiyyəti ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı həmişə təxirəsalınmaz tədbirlər görüb, müəyyən cinayətkar qruplaşmalar tərəfindən planlaşdırılan təxribat cəhdlərinin qarşısı alınıb. Təəssüflər olsun ki, hazırda da Azərbaycanda qarşıdurma yaratmağa çalışan qüvvələr məqsədli şəkildə fəaliyyətlərini davam etdirirlər. Bəzi xarici dairələr insanların dini inanclarından istifadə edərək siyasi çevriliş planlarını həyata keçirmək, Azərbaycanı Suriya, Əfqanıstana döndərmək istəyirlər".

Hərbi ekspert qeyd edib ki, bəzi xarici qüvvələr İslamı terrorla bərabər tutmağa çalışırlar: "Onlar İslam pərdəsinə bürünərək radikal qruplar yaradır, sonda əvvəlki donlarına qayıdaraq müsəlmanları terrorçuluqda ittiham edirlər. Bütün terror şəbəkələrini araşdırdıqda onların arxasında müxtəlif xarici dairələr, ayrı-ayrı dövlətlərin kəşfiyyat strukturları çıxır. Ona görə də, xarici qüvvələrin mərkli niyyətlərinə aldanmaq olmaz. Azərbaycan xaqlı bunu yaxşı bilir.  Əksəriyyət Azərbaycanın dünyəvi dövlət quruluşa malik olmasını dəstəkləyir, dövlətçilik, müstəqilliyin möhkəmlənməsi və güclənməsinin tərəfdarı kimi çıxış edir.

E.Həsənli vurğulayıb ki, Nardaran hadisələrində ölkə ictimaiyyəti birmənalı şəkildə dövləti dəstəklədiyini ortaya qoyub: "İqtidar və ya müxalifət olmasından asılı olmayaraq hər kəs dövlətin hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silah işlədilməsini kəskin şəkildə tənqid edib. Xüsusilə qeyd etmək lazımdır ki, Nardaran kəndinə aidiyyatı olmayan insanların kəndə gedərək sakinləri səhv yola çəkməyə çalışması məkrli xarici qüvvələrin əli ilə bu işlərin görüldüyünü ortaya qoyur".

Radikal-ekstremist qruplaşmanın üzvlərinin zərərsizləşdirilməsi zamanı hüquq mühafizə orqanlarının əməkdaşlarının qətiyyətli addım atdığını bildirən hərbi ekspert deyib ki, bu hadisələr Azərbaycan dövlətinin təhlükəsizliyinə cavabdeh olan hüquq mühafizə oranlarının kifayət qədər təcrübəyə malik olduğunu göstərib. Onlar birmənalı olaraq, dövlətinin müstəqilliyini, təhlükəsizliyini qorumağı qarşılarına məqsəd qoyublar.  Hüquq mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi son əməliyyat xaricə bir mesaj idi ki, heç bir halda, ölkədə çaxnaşma, vətəndaş qarşıdurması yaratmaq istəyən qüvvələrin məkrli planları baş tutmayacaq, bundan sonra da radikal-ekstremist qrupların qarşısı qətiyyətlə alınacaq".

Birlik sədri qeyd edib ki, dövlət gənclərin qarşısına kifayət qədər seçim imkanları qoyub: "Gənclərimizin dünyanın ən müasir universitetlərində təhsil ala, müxtəlif peşələrə sahib ola, idmanla məşğul olaraq nailiyyətlər əldə edə, gələcəyini qura, asudə vaxtını xoş və səmərəli keçirə bilər. Bunun üçün dövlət hər cür şərait yaradıb. Yaxşı olar ki, gənclərimiz məkrli qüvvələrin apardığı oyunlara getməsin, müstəqil dövlətində öz gələcəyini qurmaq barədə düşünsünlər".

Ceyhun ABASOV

 





01.12.2015    çap et  çap et