525.Az

Nardaran - müasir Azərbaycan reallığı ilə uzlaşmayan kənd


 

XARİCİ DAİRƏLƏR TƏRƏFİNDƏN İDARƏ OLUNAN RADİKAL-EKSTREMİSTLƏRİN QARŞIDURMA YARATMAQ CƏHDİ BOŞA ÇIXDI

Nardaran - müasir Azərbaycan reallığı ilə uzlaşmayan kənd<b style="color:red"></b>

Ötən həftə Nardaranda baş verən hadisələr qara qüvvələrin din pərdəsi adı altında Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə, ölkəmizdə hökm sürən sabitliyə, əmin-amanlığa yönəlmiş və əvvəlcədən hazırlanmış destruktiv  planın bir hissəsi idi. Məqsəd də aydın idi. Hüquqi, demokratik, dinamik inkişaf edən, qanunun aliliyinin qorunduğu ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq.
 

Bu gün hər kəsə bəllidir ki, Nardaran qəsəbəsi istisna olmaqla Azərbaycanın heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur. Təsadüfi deyil ki, uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər.

Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir.  Xarici dini mərkəzlərdən qidalanan miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırlar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır. Onlar təhsilin, maarifçiliyin, müasirliyin zəif olduğu yerlərdə öz niyyətlərini reallaşdırmağa çalışırlar. Buna görə də təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Nardaranda qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Buna görə də Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb.

Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz "ağsaqqallar şurası hakimiyyəti" yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir. Qəsəbənin küçələrini Azərbaycan reallığını tamamilə yad olan dini bayraqlar, şüarlar bəzəyir, dini ayinlərin icrası şəriət qaydalarının hökm sürdüyü bəzi Şərq ölkələrinin mənzərəsini xatırladır.  Qəsəbədə narkomaniya başda olmaqla bütün mənfi təzahürlər geniş vüsət alıb. Bəzi azğınlaşmış sakinləri isə Nardarana gedən insanları təhdid edir, onların həyatına təhlükə yaradırlar. Nardarandan olmayan, lakin orada mülk, bağ əldə etmiş vətəndaşların heç biri qəsəbəyə girə, öz mülklərinə baş çəkə bilmirlər. 

Bir sözlə, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, İŞİD poliqonunu xatırladan bir məkandır.

Elə bütün bunlara görədir ki, Nardaran həm də terrorun, radikal ekstremizmin yuvasına çevrilib. Nardaran Azərbaycanın gözəl bir məkanından orta əsr qanunlarının hökm sürdüyü "qara yaraya" çevrilib.

Nardaran müasir Azərbaycanda, milli-mənəvi və mütərəqqi ümumbəşəri dəyərlərin vəhdətini təşkil edən, dünya mədəni irsinin ayrılmaz parçasına çevrilən Bakının bir neçə kilometrliyində yerləşmiş orta əsr "anklavı" təəssüratı bağışlayır.

Bu orta əsr "anklavı" özünü Azərbaycandan daha çox dini-teokratik  cəmiyyətlərə aid edir ki,  bu da tam şəkildə Azərbaycan reallığına uyğun gəlmir. Nardaran arxaik yaşayış qaydaları, gerilik, eybəcər dini sektantlıq rəmzinə çevrilərək müasirliyi, elmi-texniki tərəqqi əsrini inkar edir. İnkişafı, elmi-texniki tərəqqini, müasirliyi inkar edənlərlə necə birgə yaşamaq olar? Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirən, ancaq Dağlıq Qarabağ kimi ümummilli problemi yada belə salmayanlar Azərbaycan cəmiyyətinə nə verə bilərlər, onlarla bir yerdə necə yaşamaq olar?!

Məhz orta əsr sxolastikasının hökm sürdüyü Nardaran kimi yerlərdə xarici dini mərkəzlərin ideoloji təsiri özünü açıq büruzə verir, fanatik dini cərəyanlar güclənir, onlara qoşulanların sayı artır.  Məhz Nardaran kimi orta əsr "anklavlarında" Hacı Mövsüm Səmədov, Taleh Bağırzadə kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlaya bilirlər.  Təsadüfi deyil ki, Azərbaycanda İslam partiyasının sosial bazası yalnız Nardarandan ibarətdir, bu partiyanın rəhbərləri və funksionerləri həmin kəndin sakinləridir.

Millət vəkilləri, ekspertlər, ictimaiyyət nümayəndələri də hesab edirlər ki, Nardaran müalicəsinə ciddi ehtiyac duyulan bir xəstəlik mənbəyidir və lazım gələrsə, ən radikal metodlardan istifadə etməklə bu problemi qısa zamanda həllinə nail olmağın zamanıdır. Bir sözlə, Nardaran Azərbaycan reallığına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməlidir.

Millət vəkili, politoloq  Elman Nəsirov Nardaran hadisələrini şərh edərkən bildirib ki, xarici qüvvələr daxili qüvvələrlə əlaqədə olub öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışırlar.Onun  sözlərinə görə, özünü "müsəlman birliyi" adlandıran bu hərəkat və üzvlərinin formalaşmasında, fəaliyyət göstərməsində, maliyyə cəhətdən təmin edilməsində müəyyən xarici qüvvələrin təsiri var: "Ayrı-ayrı ölkələrdə bu tip özünü islam qüvvəsi kimi qələmə verən, əslində isə islam dini ilə heç bir əlaqəsi olmayan qüvvələrin fəaliyyətində hər zaman xarici qüvvələr rol oynayıb. Onlar ən azından maliyyə və ideoloji təsir baxımından öz işlərini görə biliblər".

E.Nəsirovun fikrincə, bu hərəkatın əsas məqsədi ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir: "Bu proseslərdə müəyyən xarici qüvvələrin də əli var. Həmin qüvvələr, indiki halda özünü "müsəlman birliyi" adlandıran hərəkat öz sıralarına müxtəlif yerlərdən insanlar cəlb edir və onları məqsədyönlü şəkildə hazırlayıb ölkəmizin daxilindəki sabitliyi pozmağa, xalq və hakimiyyət birliyini  aradan qaldırmağa, ölkədə xaos vəziyyət yaratmağa çalışırlar. Bununla da Azərbaycanı bir çox xaos məngənəsinə sürüklənən müsəlman dövlətlərinin sırasına daxil etmək istəyirlər.  Lakin Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Ölkəmizin hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları məsələnin üzərində işləyib prosesin əsl mahiyyətini və burada hansı kənar qüvvələrin iştirak etdiyini aydınlaşdıracaqlar".

Millət vəkili Bəxtiyar Əliyev isə hesab edir ki, Nardaranda baş vermiş son hadisələr xarici ölkələrin müəyyən dairələri tərəfindən ciddi şəkildə Azərbaycanda sabitliyi pozmaq, Azərbaycana siyasi təzyiqlər göstərmək üçün düşünülmüş bir aksiya idi.

O qeyd edib ki, Azərbaycana qarşı bu cür münasibət göstərənlər bir məsələni unudublar: "Bu məsələdə bir yalnışlıq var. Onlar unudurlar ki, Azərbaycan artıq güclü bir dövlətdir və istənilən xarici təsirlərə adekvat cavab verməyə qadirdir. Azərbaycanın daxilində hər hansı ekstremist qruplaşmalar yaratmaq heç bir xarici qüvvəyə müyəssər olmayacaq".

B.Əliyev bildirib ki, Nardaranda baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının atdığı addımlar adekvat və düzgündür. O, hesab edir ki, hüquq-mühafizə orqanları bu cür məsələlərdə hər zaman kəskin şəkildə öz münasibətlərini bildirməlidir: "Azərbaycan xalqı bu cür pozucu hərəkətləri qətiyyətlə pisləyir, hüquq-mühafizə orqanlarının qanun çərçivəsində atdığı bu addımları alqışlayır".

O, əlavə edib ki, Azərbaycanda terrora münasibət aydındır. Azərbaycan özü terrordan həmişə əziyyət çəkir və terrora qarşı beynəlxalq aləmdə koalisiya şəklində mübarizə aparmaq iradəsinə malikdir: "Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə bu xarici dairələrə cavab verəcək. Bu işdə əli keçənlərin hamısı qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdır".

Siyasi ekspert Elçin Mirzəbəyli isə deyib ki, Nardaranda baş verən proseslər əslində çoxdan Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə qarşı yönəlib. Bu kiçik qəsəbədə yaşayan insanların bir qismi mütəmadi olaraq Azərbaycanın dünyəvi dövlət quruluşunun əleyhinə çıxışlar edərək ayrı-ayrı dövlətlərin maraqlarının təmsilçisi mövqeyində dayanıblar. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda "İslam Partiyası"nın istintaqa cəlb edilən üzvlərinin müxtəlif anti-azərbaycançı qüvvələrin xüsusi xidmət orqanları ilə əlaqələri üzə çıxmışdır.

Politoloq bildirib ki, Azərbaycanı feodal dövrün dağınıqlarına çəkmək istəyən bir qrup terrorçunun nəzarəti altında olan bu qəsəbədə böyük problemlər mövcuddur: "Həmin şəxslər dini deyil, siyasi cinayətkar fəaliyyətlə məşğuldurlar. Nardaran müasir Azərbaycanda, milli-mənəvi və mütərəqqi ümumbəşəri dəyərlərin vəhdətini təşkil edən, dünya mədəni irsinin ayrılmaz parçasına çevrilən Bakının bir neçə kilometrliyində yerləşmiş orta əsr "anklavı" təəssüratı bağışlayır. Bu terrorçular və ekstremistlər onların sırasına qoşulmayan, fikirlərini bölüşməyən və cəmiyyətin siyasi həyatında iştirak etməyən dindarları isə münafiqlər (dönüklər) kimi qələmə verirlər. Əgər Nardaranda baş verən hadisələr, hansısa terrorçu sektanın qiyamı, hüquq mühafizə orqanları əməkdaşlarının güllələnməsi Fransada və ya ABŞ-da baş versəydi, bu ölkələrin hakimiyyətləri hansı tədbirlər görərdi? Fransada, ABŞ-da terrorçulara münasibət bəllidir. Bəs Nardaranda polisləri güllələyən, vəzifəli şəxsləri, vətəndaşları ölümlə hədələyən terrorçulara qarşı Azərbaycan hüquq-mühafizə orqanları necə davranmalıdır?".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev isə düşünür ki, Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir".

Onun sözlərinə görə, Nardaranda baş verən hadisələr göstərdi ki, həmin qüvvələr öz məqsədlərinə çatmaq üçün nəinki təbliğat-təşviqatdan, hətta silahlı qarşıdurmadan da çəkinmirlər: "Bizim polis qardaşlarımızın orada öldürülməsi də bunun göstəricisi kimi dəyərləndirilə bilər. Bu, sadəcə qətl deyil, eyni zamanda dövlətə qarşı qalxmaqdır. Bunun bir bədəli olmalıdır. Hesab edirəm ki, dövlət öz güc və potensialından istifadə edərək bütövlükdə ekstremist təmayüllü şəxslərə qarşı çox sərt davranış nümayiş etdirməlidir. Burada hər hansı bir güzəşt ola bilməz".

Ə.Nuriyev əlavə edib ki, bu gün Nardaran özünəməxsus adət-ənənələri ilə fərqlənir: "Hətta Nardaran ağsaqqallarının özləri belə bu kimi hadisələrin qarşısını almağa cəhd göstərməlidirlər. Burada bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən orta əsr qaydaları ilə yaşamaq, istəmək arzusunda olanlar var. Bu şəxslərin hərəkətinin qarşısı alınmalıdır. Düşünürəm ki, Nardaran camaatı yetərincə bacarıqlı və qabiliyyətlidir. Hətta onların özləri də bu ekstremistlərin qarşısının alınması ilə bağlı nəhayət hərəkətə keçəcəklər".

PƏRVANƏ  

 





01.12.2015    çap et  çap et