525.Az

"Milli Şura" Nardaran məsələsində də siyasi və şəxsi maraqlarını önə çıxardı


 

"Milli Şura" Nardaran məsələsində də siyasi və şəxsi maraqlarını önə çıxardı<b style="color:red"></b>

Nardaranda ötən həftə baş verən məlum hadisələrdən Azərbaycan müxalifətinin radikal qanadı yenə də öz məqsədi üçün istifadə etməyə çalışdı.

Bu, əslində "Milli Şura" adlanan qurumun ənənəvi mövqeyidir. "Milli  Şura" dəfələrlə baş verən istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar hər dəfə nümayiş etdirdikləri bu mövqeləri ilə Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazır olduqlarını göstərirlər.

Təsadüfi deyil ki, bu qurum və onun başında duran anti-milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışıb.  Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "Milli Şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə etməyə və yararlanmağa cəhd göstərib. Bununla "Milli Şura" Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini növbəti dəfə büruzə verib, terrorçularla həmrəy olduğunu açıq göstərib. "Milli Şura" nəinki ən ciddi qınaq obyektinə çevrilməlidir, onun terrora dəstək  verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar.

Politoloq Qabil Hüseynli "525"ə açıqlamasında  "Milli Şura"nın mövcud yanaşmasına münasibətinin çox pis olduğunu deyib. Onun sözlərinə görə, orda açıq şəkildə separatizm, ekstremizm nümayiş etdirilib, radikal çağırışlar olub. Həm də bu vəziyyət dünən, bu gün yaranmayıb. İllərdir ki, Nardaranda eyni vəziyyət hökm sürür. Q.Hüseynli əlavə edib ki, orda vəziyyət dözülməz həddə çatmışdır və dövlət tərəfindən lazımi tədbirlərin görülməsi mütləq idi: "Aşura günü Nardaranda bir dənə olsun Azərbaycan bayrağı qaldırılmır, ancaq İranın bayraqlarını görmək olur. Latın qrafikası ilə hər hansı yazı yoxdur. Çətinlikə orda bələdiyyə seçkiləri baş tutdu, amma işləməyə imkan vermirlər. Qəsəbəni Ağsaqqallar Şurası idarə edir. Sanki keçmiş dövrdür".

Politoloq hesab edir ki, müxalifət hakimiyyəti tənqid edə bilər, onun iqtisadi, siyasi, digər sahələrdə apardığı tədbirləri bəyənməyə bilər, bu, təbiidir. Amma Nardaranla bağlı konkret "Milli Şura"nın tutduğu mövqe qəbuledilməzdir. Bu, bir vətənpərvərlik məsələsi idi və vətənpərvərlik mövqeyi tələb edirdi, təəssüf ki, burda da həmin dairələr öz siyasi və şəxsi maraqlarını önə çıxardılar. "Milli Şura"nın bəyanatı İranın mövqeyi ilə üst-üstə düşür. Buna görə də həmin dairələr getdikcə öz elektoral bazalarını itirirlər. Mən burda AXCP sədri Əli Kərimlinin mövqeyinin üzərində xüsusi dayanmaq istəyirəm. Təəssüf edirəm ki, "Milli Şura" və onun aparıcı üzvü olan AXCP belə bir yanaşma ortaya qoydu. Əli Kərimli hakimiyyətə yönəlmiş əvvəlki fikirlərini, tənqidlərini bir kənara qoyaq, amma konkret Nardaran məsələsində, onun sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən fikirləri tamamilə qəbuledilməzdir. Düzü onun yanaşması məni heyrətləndirdi. Separatçılara, radikallara qarşı keçirilən əməliyyatı  barbarlıq adlandırır, əməliyyatın lenti tələb edir, Nardaran bir qanayan yaradır, burda ancaq vətənpərvərlik mövqeyi tələb olunurdu, təəssüf ki, onlar bunu nümayiş etdirməyi bacarmadılar".

Politoloq Ramiz Alıyev isə "525"ə bildirib ki,  "Milli Şura"dan başqa bir münasibət gözləmək də olmaz, ona görə ki, bu qurum və ora daxil olan təşkilatlar yalnız hazırkı hakimiyyətə deyil, Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı müxalif mövqedədirlər: "Hesab edirəm ki, həm Nardaranda baş verən xoşagəlməz hadisələrin təşkilatçıları, həm də "Milli Şura"ya himayədarlıq edib maliyyə vəsaiti ilə onları təmin edən xarici xidmət orqanları eynidir, ya da yaxın münasibətləri var:

"Fikir verdinizsə, milli şuraya yaxınlığı ilə seçilən siyasətçilər və partiya sədrləri Nardaranda o hadisələr baş verən zaman şəhid olmuş hüquq mühafizə orqanlarının əməkdaşlarının günahkar olmaları ilə bağlı bəyanatlar verdilər və ekstremist qüvvələri haqlı çıxardılar. Demək ki, hər şey düşünülmüş şəkildə gedirdi, yəni o qüvvələr Nardaranda iğtişaşlar törədib, dövlətə qarşı çıxmalı, digər bu sapı özümüzdən olan baltalar da mətbuatda və sosial şəbəkələrdə onları müdafiə etməli idilər və etdilər də. Görünən odur ki, bu cür insanlar üçün vətən, dövlət anlayışı yox, hansı yolla olursa olsun əldə edə biləcəkləri maliyyə vacibdir".

PƏRVANƏ

 





01.12.2015    çap et  çap et