525.Az

"Azərbaycan multikulturalizmi" fənni Erciyəz Universitetində


 

"Azərbaycan multikulturalizmi" fənni Erciyəz Universitetində<b style="color:red"></b>

Məlum olduğu kimi, artıq ikinci ildir ki, Azərbaycanın, eləcə də ayrı-ayrı xarici ölkələrin bir sıra məşhur universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur.
 
Belə təhsil ocaqlarından biri də Türkiyənin Kayseri şəhərindəki Erciyəz Universitetidir.

Bəri başdan qeyd edim ki, qardaş Türkiyənin mərkəzində yeləşən qədim Kayseri şəhəri ilk anadilli şairlərimizdən biri olan, doğma ana dilində bağladığı mükəmməl divanı tam şəkildə günümüzə qədər gəlib çatan Qazı Bürhanəddinin vətənidir. Bu şəhərdəki Erciyəz Universiteti ölkənin ən böyük və məşhur unversitetlərindən biri sayılır. Belə ki, 1978-ci ildən fəaliyyətə başlayan universitetdə 70 min tələbə təhsil alır ki, onlar sırasında müxtəlif ölkə vətəndaşları da vardır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 26-27 noyabr 2015-ci il tarixində Erciyəz Universitetində tədris olunan "Azərbaycan multikulturalizmi" fənni ilə əyani tanışlıq əldə etmək və burada mühazirə oxumaq üçün Kayseri şəhərinə ezam olundum. İki günlük bu səfərimdə öncə bu fənnin tədrisi ilə məşğul olan tanınmış araşdırmaçı və jurnalist, Erciyəz Universitetinin ədəbiyyat fakültəsindəki erməni dili və ədəbiyyatı bölümünün baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Qafar (Çaxmaqlı) Mehdiyevlə görüşüb söhbət etdik. Söhbət zamanı məlum oldu ki, "Azərbaycan multikulturalizmi" fənni artıq üçüncü aydır ki, Universitetin ədəbiyyat və sosial bölmlər fakültələrində magistr pilləsində təhsil alan tələbələr üçün tədris olunur və onlar tərəfindən böyük maraqla qarşılanır. Ümumi sayı 11 nəfər olan həmin tələbələrlə də görüşüb söhbət etdim və onların sözügedən fənnə münasibətləri ilə maraqlandım. Tələbələr öncə bu fənnin tədrisinin yüksək səviyyədə təşkil olunduğunu böyük məmnunluqla bildirdilər və fənn haqqındakı fikirlərini belə əsaslandırdılar: "Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Buna görə də Azərbaycanda olduğu kimi, Türkiyədə də tolerantlıq ənənələri, multikultural dəyərlər xüsusi önəm daşıyır və özünə möhkəm yer almışdır. Axı bizim tariximizdə də, taleymizdə də dünyabaxış və inanclarımzda da ortaq nöqtələr kifayət qədərdir. Biz eyni həyatı yaşamış, eyni problemlərlə üzləşmiş xalqlarıq. Məhz bu səbəbdən də "Azərbaycan multikulturalizmi" fənni bizim üçün çox önəmlidir. Biz bu fənnin tədrisindən özümüz üçün çox şeylər götürdük. Fənnin materialları bizim gələcək fəaliyyətimizdə çox gərəkli olacaqdır".

Və nəhayət, noyabrın 27-də Erciyəz Universitetində ədəbiyyat və sosial bilimlər fakültələrinin magistr pilləsində təhsil alan tələbələr qarşısında "Klassik Azərbaycan ədəbiyyatında multikultural düşüncələr" mövzusunda mühazirə ilə çıxış etdim. 50 nəfərlik salonda tələbələrlə yanaşı, Universitetdə çalışan azərbaycanlı müəllimlər də iştirak etdilər. İki saat davam edən mühazirə canlı diskussiya şəraitində, daha çox sual-cavab formasında keçdi. Müəllimlərin və tələbələrin özlərinin dediyinə görə mühazirə onların böyük marağına səbəb oldu və məmnunluqla qarşılandı. Suallardan aydın oldu ki, tələbələrin bir çoxunun klassik Azərbaycan ədəbiyyatı haqqında bilgiləri çox azdır, lakin buna böyük maraq və əlaqə vardır.

Mühazirədən sonra tələbələrlə ayrıca söhbət etdik və onlar belə səfərlərin tez-tez təşkilini və bir qədər uzunmüddətli olmasını arzu olaraq bildirdilər. Ümumiyyətlə, bu səfər zamanı tələbələr qarşısında çıxışımdan, onlarla görüşümdən, söhbətlərdən böyük məmnunluq hissi keçirdim və Kayseridən yüksək təəssüratla qayıtdım. Dərsdən sonra şəhərin bəzi tarixi yerlərini ziyarət etmək imkanım da oldu.

Son olaraq onu da qeyd edim ki, Qafar Mehdiyev hazırda "Azərbaycan multikulturalizmi" fənninin Türkiyənin başqa universitetlərində də (konkret olaraq Ankaradakı universitetlərdən birində və Kırşəhirdəki universitetdə) tədris olunması ilə bağlı danışıqlar aparır.

Möhsün NAĞISOYLU

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü

 





01.12.2015    çap et  çap et