525.Az

Macarıstandakı səfirliyimiz xeyriyyə yarmarkasında


 

Macarıstandakı səfirliyimiz xeyriyyə yarmarkasında<b style="color:red"></b>

Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt təşkilatının təşəbbüsü ilə İntercontinental otelində yeni il qabağı sayca beşinci xeyriyyə yarmarkası təşkil edilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən 525.az-a verilən məlumata görə, macar ictimaiyyətinin böyük maraq göstərdiyi tədbir Macarıstan prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilib.

Tədbirdə 40-dan çox ölkənin səfirlikləri, müxtəlif mədəniyyət mərkəzləri və digər qurumlar iştirak ediblər.

Səfirliyimiz hər il olduğu kimi bu il də tədbirə qatılıb.

Azərbaycanın Macarıstandakı səfirinin xanımı Şəhla Vəzirovanın, diplomat xanımlarının və Budapeştdəki Azərbaycan icması təmsilçilərinin fəal iştirakı ilə Azərbaycan milli mətbəxinin, tətbiqi-dekorativ sənət nümunələrinin xeyriyyə məqsədi ilə satışı və tanıdılması təşkil edilib.

Tədbir çərçivəsində modelyer-dizayner Leyla Cəbrayıl qızının Azərbaycan qadın milli geyimlərindən ibarət kolleksiyası milli musiqimizin sədaları altında tamaşaçıların diqqətinə təqdim edilib və böyük rəğbətlə qarşılanıb.

Nümayişi izləyən və xoş təəssüratlarını dilə gətirən prezident xanımı A.Herseq, Azərbaycan stendi ilə yaxından tanış olub.

Yarmarka zamanı Azərbaycan Səfirliyi də daxil olmaqla, müxtəlif ölkələrin Səfirlikləri tərəfindən satışa çıxarılan suvenir və milli mətbəx nümunələrinin satışından əldə edilən vəsait 3 müxtəlif yardım fonduna köçürülüb.

Cavid QƏDİR

 





01.12.2015    çap et  çap et