525.Az

"Audiovizual məkanda vətənpərvərlik" müzakirəyə çıxarılıb


 

"Audiovizual məkanda vətənpərvərlik" müzakirəyə çıxarılıb<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsi çərçivəsində bu dəfə "Audiovizual məkanda vətənpərvərlik" mövzusu müzakirə olunub.
 
Layihənin üçüncü mərhələsi günümüzün ən əhəmiyyətli və aktual məsələsinə - vətənpərvərlik mövzusuna həsr edilib.

Ötən gün Nizami Kino Mərkəzində keçirilən növbəti tədbirdə kinomanların və medianın "hədəfi" rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmi olub.

Bu dəfə milli kinomuzda vətənpərvər müasirimizin obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziya müstəvisində yayımlanması ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, vətənpərvərlik mövzusu kinoda vacib, tələbat olan və tez-tez müraciət edilən mövzudur: "Azərbaycanda sovet dövründə bu mövzu İkinci Dünya müharibəsinə həsr olunurdu. Azərbaycan kinosunun həmin dövrlərə aid uğurlu layihələri var. "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Mən ki gözəl deyildim", "Tütək səsi" kimi filmlərdə arxa cəbhədə baş verən hadisələrdən, Azərbaycan xalqının qəhrəmanlığından, şücaətindən bəhs olunur.

Azərbaycan kinosunda hərbi vətənpərvərlik mövzusunun əks olunması 2 yerə bölünür: sovet və müasir dövr. Müasir dövrdə vətənpərvərlik mövzusunda çəkilən filmlər Qarabağa həsr edilir. Buna misal olaraq "Fəryad", "Dolu" və digər filmləri göstərmək olar".

Cəmil Quliyev Azərbaycan və Belarus kinematoqrafçılarının dərin ənənələrə malik olmasından söhbət açaraq bildirib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında çəkilmiş "Sizi dünyalar qədər sevirdim" və bu gün təqdim ediləcək "Yarımçıq xatirələr" filmləri iki ölkə kinematoqrafçılarının müştərək istehsalıdır.

Sonra "Yarımçıq xatirələr" filmi təqdim edilib. Film Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir.

Nümayişdən sonra filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, film barədə müxtəlif fikirlər səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.

Xatırladaq ki, layihə çərçivəsində "Azərbaycanfilm" kinostudiyasında son iki ildə çəkilən filmlər Nizami Kino Mərkəzi, "Park Cinema" və "28 Cinema" kinoteatrlarında nümayiş etdirilir.

Sırada daha bir görüş, "Nabat" filminə baxış və müvafiq mövzu ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

S.ABDULLAYEVA

 





01.12.2015    çap et  çap et