525.Az

Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi "Molla Nəsrəddin" jurnalında


 

Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi "Molla Nəsrəddin" jurnalında<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

"Molla Nəsrəddin" jurnalının 1910-cu il nömrələrinin birində  rəssam Rotterin ustalıqla çəkdiyi karikaturada xəstə bir qadın, hətta ərinin razılıq verməsinə baxmayaraq, yenə də: "Yox, yox, ölsəm də açmaram" - deyə üzünü həkimdən gizlədir. Bu, bir daha sübut edir ki, o dövrdə əhali doğrudan da həkimə inanmırdı, çünki onun zəkası "ilahi" qanunların uydurmaları ilə zəhərlənmişdi, bilik səviyyəsi yox dərəcəsində idi.

Ona görə də əhali mollaların dua oxumasına, onların "sehrli" və "gizli" müalicə üsullarına, ara həkimlərinin apardığı "müalicənin" gücünə daha çox inanırdı. Əlbəttə, belə inam nəinki insanın şüuruna, həm də onun sağlamlığına əks təsir göstərirdi. Digər bir karikaturada həmin xəstə qadın üzünü həkimdən gizlətdiyi halda mollaya inanaraq nəinki boğazını, hətta yarımçılpaq bədənini belə ona göstərməkdən çəkinmir. Ərinin icazəsini gözləmədən: "Qoy molla göbəyimi yazsın, bunun zərəri yoxdur" deyə qadın kişisini qabaqlayır.

"Molla Nəsrəddin" jurnalının səhifələrində mollaların, ara həkimlərinin və digər şarlatanların apardıqları türkəçarə "müalicə üsulları" müntəzəm olaraq öz əksini tapırdı. Jurnalının 1909-cu il 47-ci nömrəsində dua yazan məşhur bir mollanın karikaturası verilmişdir:

-Xanım, inşallah bircə saatdan sonra qarnınızın ağrısı keçər.

Şəkildə molla sancı çəkən bir qadının yarıçılpaq bədəninə tamaşa edərək dua oxuyur ki, qadın bu duadan "şəfa" tapsın. Lakin sancı get-gedə artır. Belə vəziyyəti görən molla: "- Xanım, inşallah bircə saatdan sonra qarnınızın ağrısı keçər" - deyə qadını sakitləşdirməyə çalışır. Jurnal avam xalqı aldadıb, onun cibini soyan, öz dini fəaliyyətini müalicə işi ilə bağlayan bu cür mollaların fırıldağını acı gülüşlərlə ifşa edir və onların iç üzünü açıb xalqa göstərir.

Zaman keçdikcə əhali həkimin xəstələrə qayğısını hiss edir və onun doğrudan da xəstəni sağaltdığını öz gözü ilə görürdü. Şübhəsiz ki, həkimə inanmaq və ona qarşı münasibətin yaxşılaşması bir çox illər ərzində tədricən başa gəlmişdir. Sonralar xalq arasında həkimdən söhbət  düşəndə "həkim Allah adamıdır", hətta "həkim qadına məhrəmdir" deyirdilər. İslam dininə görə, yad kişinin qadına baxması günah sayılır. O vaxtlar isə Naxçıvanda qadınlardan həkim yox idi. Ona görə də kişi həkimlərin xəstə qadınlara baxmasına "Allah özü razılıq verib"- deyə onu günah saymırdılar, həkimi məhrəm hesab edirdilər.

"Molla Nəsrəddin" jurnalının inqilabdan əvvəlki nömrələrinin birində tibb elmindən xəbəri olmayan bir boyaqçının uşaqlarda göyöskürək xəstəliyini necə müalicə etməsi ifşa edilmişdir. Həmin boyaqçının karikaturası altında belə yazılıb: "Boyaqçı hansı uşağın boğazına bir az göy sürtsə, həmən saat öskürməyi rəf olar". Buradan aydın olur ki, keçmişdə yoluxucu uşaq xəstəliklərinin nə olduğunu bilməyən bu cür boyaqçıların apardığı "müalicə" nəticəsində uşaqların əksəri ölürdü. 

Çar Rusiyası dövründə müstəmləkə vəziyyətində olan Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan bölgəsində də iqtisadi və sosial gerilik, məişət və əmək şəraitinin aşağı səviyyədə olması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməməsi, ümumiyyətlə, sağlamlığı qoruyan dövlət sisteminin olmaması nəticəsində tez-tez ağır epidemiyalar baş vermiş, kütləvi ölüm halları olmuşdur. Təkcə 1904-cü ilin 3 ayı ərzində vəba epidemiyası nəticəsində Naxçıvan və Şərur qəzalarında 1674 nəfər bu xəstəliyə tutulmuş, onlardan 1286 nəfəri, yəni 76,2 faizi ölmüşdü. ("Naxçıvan ensiklopediyası", 2-ci cild, səh. 132)

Dövrün məşhur maarifpərvər ziyalısı olan ordubadlı Məhəmməd Tağı Sidqi yaranmış bu vəziyyətə görə qəzəbini cilovlaya bilməyərək yazırdı: "Bu vətən bir gülə bənzəyir ki, onun gülabını tikanlar sorur, bir məhbubəyə bənzəyir ki, əğyarın ağuşundadır... Ona havadarlıq etdik, bizi söydülər, xeyirxahlıq etdik, bizi bədnam etdilər... Vətən, vətən, nə vətəndir bu, tüf belə vətənin valilərinə".

Naxçıvandan Qurbanəli Şərifzadə Sidqini dəstəkləyərək davam edir: "Bu vətən zəif və əlacsız xəstədir ki, onun canı bir neçə cahil və nadan təbibin əlində qalmışdır. Heç kəs onun sağalacağına ümid etmir..."  Mirzə Cəlil "Buz" hekayəsində Naxçıvan şəhərində cəmi iki müsəlman həkiminin olduğunu bildirir. Onların da müalicəsi nəbzə baxandan sonra xəstəyə kinə, həb və işlətmə dərmanı verməkdən ibarət idi. Yenə kəndlərə baxanda, buna da min şükür! "Qızdırma müalicəsi" adlı felyetonda isə təbiblərin yeni bir dərman icad etdikləri bildirilir. O dərmanın adı alkoqoldur. Doktorlardan birinin özü qızdırmalı imiş, cibi də pulsuz. Dərddən şərab içib, bir də görüb ki, qızdırma-zad hamısı getdi işinə. Odur ki, qızdırması yaxınlaşanda vurub lül olur, qızdırmanın atasını yandırır. Odur ki, Cüvəllağı bəy jurnalın 1913-cü il 4-cü nömrəsində Naxçıvanda bir nəfər dostuna yazırdı:

Özgələr dərs oxuyur alimü fərzanə olur,
Özünə, millətinə, qövlü həkimanə olur.
Student olsa biri leyk bizim millətdə,
Ya qumarbaz, ya piyan,
ya da ki divanə olur.

Belə mühitdə təcili tibbi yardımların müxtəlif peşə sahibləri tərəfindən yerinə yetirilməsi təəccüblü deyildi. "Dəllək" hekayəsində isə bu funksiyanı dəllək yerinə yetirir. O, uşağın burnundan qan açılmasının səbəbini bununla izah edir ki, atasının saç-saqqalı uzanıb. Elə bu andaca qırxılmasa, ayrı fəsadlar da baş verə bilər, peşmançılıq bir yerə çatmaz. Ekstremal şəraitdə saqqalını vurduran ata evə qayıtdıqda görür ki, oğlunun qanı çoxdan kəsib, uzun ağacdan at qayırıb minib. Həyəti o yana bu yana çapır və hərdən də at kimi kişnəyir.

"Qəbirdən məktub"da şəhər valisi Cəlil ağa o dünyadan öz ruhani yoldaşına yazır ki, xəstə ikən yanıma gələndə aptekdən aldığım dərmanları-hansı ki, mənə çox kömək edirdi, hirsnən kərpicə elə çırpdın ki, mən qorxumdan yorğanı çəkdim başıma və başladım həmzad duası oxumağa; sonra demədin ki, Cəlil ağa, sən olasan o yeri-göyü yox yerdən xəlq edən Allah, içmə bu kafirlərin dərmanını, mən də içmədim, cibindən dörd həb çıxarıb dedin: -Bunlar həbbi-salatindirlər, birini axşam, birini də gecə yarısı ye. Yedim həbləri, başına dəysin, çünki mənə verdiklərin həbbi-şəyatin imiş. Həmin həbləri yeyən gecə vəfat etdim.

Ölməmişdən qabaq rus həkimi soruşanda ki, mənim davamı niyə içmədin, dedim istixarə elədim, yaxşı gəlmədi. Biçarə həkim börkünü götürüb və bircə dəfə "xaraşo" deyib çıxıb getdi.

"Cəfəngiyyat" felyetonunda müəllif oxuculara belə bir sual verir: -Biz müsəlmanlara rus həkimi kimi elm oxuyb, dərs qurtarıb şəhadətnamə almış həkimlər lazımdır, yainki lazım deyil? Müəllif müxtəsər cavab verməyə qorxduğunu bildirir. Qorxur ki, Ordubad qırmızısaqqallıları yenə başlayalar ki, Molla Nəsrəddin qudurub. Çünki keçən nömrədə yazıb ki, Yəhya kişi rus həkiminin sözünə baxmayıb və anası üçün zəli alıb aparmadığından anası həmin gün axşam vəfat edib. Yəhya kişi də jurnalın 29-cu nömrəsində rus doktorunun sözunə baxmadığına aydınlıq gətirib: səbəb müsəlmanların tibb kitabını əvəz edən  "İxiyarat" kitabıymiş. Həmin kitabın 89-cu səhifəsində yazılıb: "Hər kəs ayın 10-da qan aldırsa, dərdi artar və zəif düşər". Rus həkimi də məhz həmin tarixə zəli qoymağı tapşırıbmış, ta o kişinin çarəsi nəymiş, o günü Yəhya kişi nə tövr zəli gətirə bilərmiş evə? Anası da kı vəfat edib, yəqin əcəli tamam imiş. Vəssəlam!

Bu namədən sonra müəllif "İxtiyarat" kitabını açıb baxıb ki, kitab doğurdan da həkimlikdən danışır. Elə bir dərd və azar yoxdur ki, bu kitabda ona bir çarə olmasın. Məsələn, kitabın 90-cı səhifəsində müəllif baş qırxdırmaqdan söhbət açıb yazır ki, hər kəs ayın əvvəlində başını qırxdırsa ömru az olar. "Ayın 2-də qırxdırsa istədiyi əmələ gələr, ayın 3-də isə zərər toxunar. Əgər doktorun bu tövr asan işlərdən xəbəri yoxdursa, ta nə doktorbazlıqdır..."

(Ardı var)

Hüseyn ƏSGƏROV
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 





01.12.2015    çap et  çap et