525.Az

Filarmoniyada Əlibaba Abdullayevin yubileyi qeyd edildi


 

Filarmoniyada Əlibaba Abdullayevin yubileyi qeyd edildi<b style="color:red"></b>

Noyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rəqqası, Azərbaycanın Xalq Artisti Əlibaba Abdullayevin anadan olmasının 100 iliyi münasibəti ilə konsert olub.

Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açıb. O, ustadın həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, Ə.Abdullayev Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verib. Tanınmış baletmeyster Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcılarından biri olub.
 
Rəqqas “Vətən və cəbhə” kantatası əsasında xoreoqrafik proqram hazırlayıb, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (hazırda Azərbaycan Dövlət Musiqili Teatrı) “Arşın mal alan”, “Ulduz” . “Durna”, “Qızılgül” kimi tamaşalarda rəqslərə quruluş verib.

Sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev vurğulayıblar ki, Ə. Abdullayev dəfələrlə ölkəmizi beynəlxalq festivallarda təmsil edib, Azərbaycanın hüdudlarından kənarda tanınıb. Böyük baletmeysterin yaradıcılığı onun çalışqanlığına və əzmkarlığına söykənib. Ə. Abdullayev rəqsə bütün qəlbini və ruhunu verərək, çox insanların ürəyini fəth edib.

Gecə Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər xalq artisti Afaq Məlikova) çıxışı ilə davam edib. Daha sonra tamaşaçılar Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq Artisti Ağaverdi Paşayev), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının, Bakı Xoreoqrafiya Akademiyasının və Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin çıxışları ilə davam edib.

Cavid QƏDİR

 





01.12.2015    çap et  çap et