525.Az

İrəvan Dram Teatrının aktrisası mükafatlandırıldı


 

İrəvan Dram Teatrının aktrisası mükafatlandırıldı<b style="color:red"></b>

Xalq artisti Elmira İsmayılova 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası ömrünün 47 ilini bu sənətə həsr edib.
 
O, 1945-ci ildə İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə İrəvan Pedaqoji İnstitutunu bitirib, həmin ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.

Bu illər ərzində teatrda səhnəyə qoyulan bir-birindən fərqli tamaşalarda xarakterik qadın rollarının ifaçısı kimi tanınıb və sevilib. Aktrisanın məşhur səhnə obrazları sırasında Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Oqudalova (A.Ostrovski, "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyli, "Arşın mal alan") və s. rolları qeyd etmək olar.

Elmira İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya tamaşalarına da çəkilməklə özünün ampluasız aktrisa imkanlarını nümayiş etdirib.

Aktrisa teatr sənəti sahəsində xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 2007-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Cavid QƏDİR

 





01.12.2015    çap et  çap et