525.Az

"Avropa İttifaqı münaqişənin həlli ilə bağlı birmənalı mövqe ifadə etməlidir"


 

"Avropa İttifaqı münaqişənin həlli ilə bağlı birmənalı mövqe ifadə etməlidir"<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT nazirlər şurasının 22-ci iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizliyi üçün başlıca təhdid olduğu qeyd olunub.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar Avropa İttifaqının qətiyyətli və birmənalı mövqe ifadə etməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca atəşkəsin pozulması və insidentlərin yaranmasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğundan irəli gəldiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırıb.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 





04.12.2015    çap et  çap et