525.Az

Cəsarətdən yoğrulmuş ömür


 

Cəsarətdən yoğrulmuş ömür<b style="color:red"></b>

Milli Dirçəliş Gününün ilk dəfə qeyd olunmasından 23 ildən çox vaxt keçir. Həmin tarixi anlarda müstəqilliyimiz uğrunda ilk mühüm addımlar atılıb.

Alüminium zavodunun tikilməsi məqsədi ilə Topxana meşəsinin ermənilər tərəfindən məhv edilməsi səbəbindən başlanan bu xalq hərəkatı, Sovetlər Birliyi rəhbərlərinin xalqımıza qarşı xəyanətkar siyasəti nəticəsində daha da alovlanıb. Beləliklə, Qarabağla bağlı etiraz aksiyaları, mitinq və nümayişlər böyüyərək milli azadlıq hərəkatına çevrilib.

Qeyd edilən dövrdə etiraz aksiyaları respublikamızın bölgələrində, o cümlədən Ağcabədidə də geniş vüsət alıb. Onun təşkilatçılarından biri də adıçəkilən bölgənin kifayət qədər tanınan ziyalılardan sayılan Cavid Rüstəmov olub.

Cavid Rüstəm oğlu Rüstəmov 1959-cu ildə Ağcabədinin Hüsülü kəndində anadan olub. Babası Əyyub və nənəsi Bahar xanımın himayəsi ilə rayonun Hindarx kəndində böyüyüb, boya-başa çatıb. Fəallığı, bacarığı və çalışqanlığı ilə yaşıdlarından fərqlənən gənc əla qiymətlərlə Hindarx kənd orta məktəbini bitirib. Lakin ali məktəbə daxil ola bilməyib. Keçmiş sovet ordusu sıralarında hərbi xidmət göstərib. Ordu sıralarında bərkiyib, möhkəmlənib.

O, əsgəri xidmətdən qayıtdıqdan sonra Şuşa kənd təsərrüfatı texnikumunda təhsil alıb. 1980-ci ildən əmək fəaliyyətinə başlayıb. Fəhləlikdən tutmuş müxtəlif vəzifələrədək rayonun bir çox idarə və müəssisələrində çalışıb.

Hər yerdə ədalətli, prinsipial mövqeyi ilə diqqəti çəkən Cavid rayon kimya birliyində fəhlə həmkarlar təşkilatının sədri seçilib, fəhlələrin mövqeyini cəsarətlə müdafiə edib, onlara hər cür dəstək göstərib. Burada o, həm də təşkilatçı kimi formalaşıb, mübarizlik məktəbi keçib.

C.Rüstəmov bu səbəbdən 1989-cu ildə Ə.Bünyadov adına kolxoz partiya komitəsinin katibi vəzifəsinə irəli çəkilib, Hüsülü kənd sovetinin deputatı olub. Sovet İKP fəaliyyətini dayandırdıqdan sonra isə o, bir müddət sözügedən kolxoz idarə heyəti sədrinin müavini, Hüsülü, Rəncbərlər və Təzəkənd ərazi vahidləri üzrə icra hakimiyyəti nümayəndəsi kimi fəaliyyət göstərib.

Cavid harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə işə can yandırıb, fədakarlıqla çalışıb, əhali arasında hörmət və nüfuz qazanmağı bacarıb. Onun tərcümeyi-halı ilə əlaqədar çox təfərrüatlar, məqamlar danışmaq olar. Lakin özü demişkən, Milli Dirçəliş hərəkatı ilə bağlı anlar həyatında daha dərin izlər buraxıb.

Hərəkat başlananda C.Rüstəmov bölgənin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən Hindarx kəndində ermənilərə qarşı etiraz aksiyaları keçirilməsinə nail olub. O vaxtkı rayon rəhbərliyinin təzyiqlərinə baxmayaraq, Cavid yolundan dönməyib, mitinqlərdə fəal iştirak edib. Kənd dərzisi olan nənəsi Bahar xanımın tikdiyi üçrəngli bayrağı nümayişlərdə dalğalandırıb. Həmin vaxtlar Azərbaycan Cümhuriyyətinin bayrağını tanımayan şəxslər arasında hətta buna ağız büzənlər də tapılıb...

Kəhrizli, Muğanlı, Hüsülü, Gələbədin və sair ətraf kəndlərin fəallarının yaxından iştirak etdikləri siyasi aksiyalarda ucaldılan "Qarabağ bizimdir", "Mənfur ermənilər, Qarabağdan əlinizi çəkin" şüarları, Babəkin, Xətainin, Atatürkün portretləri nümayiş iştirakçılarının mübarizə əzmini daha da yüksəldib. Etiraz aksiyalarında Arazbar kəndindən Heydər müəllim, Boyaddan Məzahir, Sabir müəllim, Kəhrizlidən Cəmiyyət, Muğanlıdan Xəzər, Hüsülüdən Əhəd, Gələbədindən Əmir və başqaları xüsusi ilə fərqləniblər.

Hadisələr böyüyüb münaqişəyə çevriləndə Cavidin təşəbbüsü və rəhbərliyi ilə Dağlıq Qarabağa ilk dəfə olaraq ağcabədililər tərəfindən hərbi və ərzaq yardımları göndərilib.

C.Rüstəmov 1989-cu ilin 11 dekabrında Hüsülü kəndindən 9 nəfərlə birlikdə Şuşaya yollanıb. Orada SSRİ Ali Sovetinin deputatı, şəhər partiya komitəsinin birinci katibi Vaqif Cəfərovla görüşüb. Onun məsləhəti ilə dəstə üzvləri Kərkicahana gedərək, yerli sakinlərlə birlikdə kəndin müdafiəsini təşkil edib, postlarda dayanıb, döyüşlərdə iştirak ediblər. Cavidin sözlərinə görə, dəstə tərəfindən Xankəndindəki su anbarı 5 dəfə partladılıb, bir yanğınsöndürən maşın isə məhv edilib. Bu haqda həmin dövrdə Moskvada "Vremya" xəbərlər proqramında məlumatlar verilib, partlayışların azərbaycanlı "boyoviklər" tərəfindən törədildiyi bildirilib.

Ağcabədilərin göstərdikləri igidliklər Şuşa şəhər partiya komitəsinin birinci katibi Vaqif Cəfərov tərəfindən yüksək qiymətləndirilib. Onun tapşırığı ilə Ağcabədi rayon partiya komitəsinə təşəkkür məktubu göndərilib.

Ermənilərə qarşı mübarizə aksiyaları, Şuşa və Kərkicahana ərzaq və hərbi yardımlar təşkil edildiyi zaman nüfuzlu kənd ağsaqqalları, Xuduş və Xanış Xudiyevlər, Bəhmən Ağayev, Qardaşxan İsmayılov, Zakir Mirzəyev, Famil Baxışov, Lələ oğlu İdris, Dərgah Verdiyev, xüsusilə də Əliheydər Abbasov tərəfindən gənclərə lazımi istiqamət göstərilib, məsləhət və tövsiyələr verilib, ruh yüksəkliyi yaradılıb. C. Rüstəmov bu gün həmin ağsaqqalları böyük hörmət hissə ilə xatırlayır, ehtiramla yad edir. Erməni cəlladlarına sonsuz nifrət, qəzəb hissi onların xalqımıza qarşı törətdikləri cinayətlər, torpaqlarımızın işğalı Cavidi daim narahat edib, düşmənə sonsuz nifrət hissini artırıb. Bu heç də təsadüfi deyil. Ondakı bu kin, barışmaz nifrət, mübarizlik, qorxmazlıq ulu babası Rüstəm kişidən miras qalıb. Onun atasının babası, Qarabağın cəsur oğullarından sayılan Rüstəm kişi vaxtilə ermənilərə qarşı amansız mübarizə aparan məşhur "Difai" təşkilatının fəallarından olub.

Sovet hakimiyyəti qurulduqdan sonra o, təqiblərə məruz qalıb. "Difai" təşkilatı və Azərbaycan Demokratik Cümuhiriyyəti ilə bağlı hər şeyi gizlətmək məcburiyyəti ilə üzləşib. Həmin illərdə iki ədəd beşatılan gilizinə cümhuriyyətin 250 manatlıq pul əskinazlarını yerləşdirərək, onların gələcəkdə nəslin ən layiqli nümayəndəsinə çatdırılmasını vəsiyyət edib.

Rüstəm kişinin oğlu Mail Caviddəki qabiliyyəti, cəsarəti görüb gilizləri məhz ona təqdim etmək qərarına gəlib. Cavid həmin gilizləri və əskinazları bu gün də ən əziz yadigar kimi qoruyub saxlayır. C. Rüstəmov 1994-cü il hadisələri dövründə müstəqilliyimiz təhlükə ilə üzləşdikdə də cəsarət və əzmkarlıq nümayiş etdirib. O, 1994-cu ilin 4 oktyabrında ulu öndər Heydər Əliyevin çağırışı ilə Bakıda keçirilən ümumrespublika mitinqində iştirak etmək üçün yola düşən 5 avtobusdan ibarət Ağcabədi fəallarının sırasına qatılıb. Sözügedən avtobus karvanı qarşısından "Hörmətli prezidentimiz, ağcabədililər sizinlədir" şüarı asılıb. Bu şüar sonra Azadlıq meydanına gətirilib. Cavidgil burada həmrəyliklərini nümayiş etdiriblər. Sonrakı illərdə C.Rüstəmov özünün dediyi kimi,bölgədə həyata keçirilən quruculuq tədbirlərində fəal iştirak edib, ali təhsil alıb, dörd övlad böyüdüb boya-başa çatdırıb, Hüsülü bələdiyyəsinin üzvü kimi geniş fəaliyyət göstərib. Necə deyərlər, arxa cəbhədə də daim birincilər sırasında addımlayıb. O, bu gün də mübarizə əzmini itirməyib. Ömrünün müdrüklük çağında Qarabağ müharibəsinin veteranı, Yeni Azərbaycan Partiyasının üzvü kimi gənclər arasında tərbiyə işləri aparır, onlara lazımi tövsiyə və məsləhətlərini verir.

Respublikamızda həyata keçirilən möhtəşəm abadlıq və quruculuq tədbirləri onu çox sevindirir, qazanılan sosial-iqtisadi uğurlardan iftixar və qürur hissi keçirir.

C.Rüstəmov müqəddəs torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunacağına ürəkdən inanır. O, Azərbaycan ordusunun buna qadir olduğuna möhkəm əmindir.

Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti alqışlayan bu qorxubilməz insan silaha sarılaraq mənfur düşmənə qarşı vuruşmaq üçün hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirir.

 





04.12.2015    çap et  çap et