525.Az

Vahabzadə və Aripov yaradıcılığı türk xalqlarının ədəbi əlaqələri rakursunda


 

Vahabzadə və Aripov yaradıcılığı türk xalqlarının ədəbi əlaqələri rakursunda<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Bəxtiyar Vahabzadənin 60-cı illərdən geniş vüsət alan mənəvi-estetik axtarışları təkcə onun Vətəni - o taylı, bu taylı Azərbaycanda deyil, onun sərhədlərindən xeyli uzaqlarda da əks-səda verirdi. Böyük şairin hərarətli Vətən çağırışlarına qardaş Özbəkistanın, Türkmənistanın, Qaraqalpaqıstanın və Qırğızıstanın yeni poetik gəncliyi qoşulurdu...

Gənc nəslin yanıqlı və həsrətlə yoğrulmuş Vətən nəğmələri uzaqlardan, tarixin dərinliklərindən gələn bir səs kimi, eyni zamanda, o da uzaqlarda olan, yol gəlməkdə olan İstiqbal sədası-tək qüdrətli idi. Abdulla Aripovun "Özbəkistan, Vətənim mənim" şeiri təkcə bir şairin, yalnız bir nəslin deyil, bəlkə də azadlıq və İstiqlal eşqində yanan bütün bir millətin məhrəm bir Vətən nəğməsi idi:

Yurdum, sənə şeir yazdım bugün,
Bənzərini tapmadım əsla.
Şairlər var öz yurdun bütün -
Aləm içrə söyləmiş tənha.
O şeirlər uçdular uzaq,
Qanadında gümüş diyarı.
Bir ölkə var dünyada ancaq,
Yazılmamış dastandır varı.
Fəqət aciz qələmim mənim,
Özbəkistan, Vətənim mənim.

Bu misraları təkcə bu şeirə deyil, ümumən, A.Aripovun Vətən mövzusundakı bütün şeirlərinə gözəl bir dibaçə, epiqraf  hesab etmək olar. Həqiqətən də, şair bir neçə səmimi misra vasitəsilə özünün Vətənə münasibətinin özgə cür olduğunu göstərməyə çalışır. Deməliyik ki, qəsidənin ilk bəndində müəllif öz estetik niyyətini hərtərəfli əsaslandırır. Hər bir misrada müəyyən və mühüm bir fikrin öz əksini tapdığını görürük. Ən mühümü, cavan qələm sahibi ana yurd haqqındakı arzu etdiyi yeni sözü, Vətənə yaraşan sözü, ana Vətən haqqında ustadların deməyə imkan tapmadığı həsrətli Sözü, o böyük və məhzun nəğməni yaratdığını gənc bir şairanə sevinc ilə elan edir. Bu bənddəki "ancaq" sözünə diqqət edək. Əminliklə söyləmək mümkündür ki, A.Aripovun və altmışıncıların Vətən haqqındakı yeni Sözünün tarixi bu şeirlə yanaşı, daha dərinə getsək, eynən bu misradan başlanır: "Bir ölkə var dünyada ancaq...".

Elə buradaca Abdulla Aripovun böyük müasirlərindən biri - Erkin Vahidovun "Özbəyim" (1968) qəsidəsini xatırlamaq təbii və zəruridir. Xüsusən, həmin şeirdəki aşağıdakı misralar yuxarıda qeyd etdiyimiz mülahizələrlə həmahəng səslənir:

Mənə Puşkin bir cahandır,
Mənə Bayron bir cahan.
Amma Nəvai babam var,
Köksü asiman özbəyim.


Bax bu "Amma" ilə yuxarıdakı "Ancaq" bənzər, hətta eyni estetik missiyanı yerinə yetirməkdədir. Sanki gənc lirik qəhrəman zamanın və hakim fikrin hərəkətinə "Dayan!" deyir. Bu əslində yeni lirik qəhrəmanın yarım əsrdən bəri ədəbi fikir və dünyagörüşündə kök atmış meyar və ölçülərə etirazı, onlara qarşı çıxması idi...

Bir ölkə var dünyada ancaq,
Yazılmamış dastandır varı.


XX yüzilin dahi sənətkarlarından biri Boris Pasternak uzaqgörənliklə söylədiyi kimi, "Talant est yedinstvennaya novost, kotoraya vseqda nova", yəni istedad həmişə yeni ola bilən, köhnəlməyən yeganə yenilikdir. Həqiqətən də, yeniliyini  və özünəməxsusluğunu itriməmək istedadın əsas əlamətlərindən biridir.

Bundan çıxış edərək, nə vaxtlarsa formalaşıb bərkimiş və daşlaşmış nəsnələrə, anlayışlara, adət və dəblərə yeni nöqteyi-nəzərdən yanaşmaq da həqiqi istedadın təbiəti ilə qırılmaz surətdə bağlılığını vurğulamaq məqsədə müvafiqdir. Bu yöndəki və mövzudakı şeirlər mövcud ictimai-siyasi müvazinəti bədii tərzdə inkar edərək, düşüncə və təsəvvürlərdə dönüş yaradırdı. A.Aripovun Vətən mövzusundakı şeirləri ilə və xüsusən, "Özbəkistan, Vətənim mənim" qəsidəsi ilə yanaşı, Erkin Vahidovun "Ana torpaq", "Özbəyim", "Özbəkistan", Rauf Pərfinin "Ana dilim", "Özbəkistan", Çolpan Erqaşın "Vətəni tanımaq", "Vətən", o cümlədən Məhəmməd Əli, Maarif  Cəlil, Aman Mətcan, Camal Kamal, Mirəziz Əzəm, Həlimə Xudayberdiyeva, Aydın Hacıyeva, Gülçöhrə Nurullayeva və başqa istedadlı şairlərin Vətən, ana yurd haqqındakı yeni ovqatlı şeirləri milli mənlik şüurunun və Vətən duyğusunun yetkinləşməsində mühüm rol oynadı.

"Özbəkistan, Vətənim mənim" şeirini dəfələrlə, yenidən və yenidən oxuyarkən, bu şeirin, həqiqətən də, 60-cı illər poeziyasında yeni bir epoxanın başlanmasına təkan verdiyinə inanırıq. Müəllif  bu şeirində Vətənin qüdrətinin və dərdlərinin indiyə kimi söz sənətində yetərincə və layiqincə əks etmədiyini vurğulayır. Bu şeirdə şair Özbəkistanın tarixi obrazını işıqlandırmağa daha çox can atır. Cəsarətlə söyləmək mümkündür ki, "Özbəkistan, Vətənim mənim" milli tarixin poeziyada inikası nöqteyi-nəzərindən təkrarsız nümunədir. 60-cı illərdə Vətən tarixinə və taleyinə belə bir yanaşmaya çox böyük ehtiyac vardı. Həqiqətən də, şeir ana yurdun poetik tarixi kimi doğma və cazibədardır: "Keçmişim var qədim, çox uzaq, Seçə bilmir hamısın gözüm. Mədh etmirəm keçmişi, ancaq Olanları düşündüm özüm. Zəbt eləyib gen Asiyanı, Bir zat çıxdı məğrur, davangir. İki əsr yarım dünyanı Hey  titrətdi axsaq cahangir. Deməm, bugün, o mənim, mənim, Özbəkistan, Vətənim mənim".

Şair Vətənin həqiqi mahiyyəti və əsl qiyafəsi min illəri özündə cəmləyən tarixində əks etdiyini yaxşı bilir.

Həqiqətən də, min illəri özünə hopdurmuş və ötmüş adlanan böyük zamansız, təkcə on-on beş illik tarixçədən çıxış edərək, Vətən haqqında hökm vermək olarmı? Müstəbid cəmiyyətdə söz sənəti məhz belə qeyri-bədii yollarla hərəkət etməyə, əsl sənətkarlar özlərinə yaraşmayan işləri görməyə məcbur edilmişdilər.
Gənc şair  tarix həqiqətlərinin müqəddəsliyini, eyni zamanda, milli mənlik qürurunun bünövrəsi olduğunu aydın dərk edir. Hətta Vətən tarixinin faciəli səhifələri də övladlar üçün əzizdir:

Babalardan söz düşsə əgər,
Bir kəlam var söz əvvəlində,
Səma elmi doğulmuş əvvəl
Körəqani cədvəllərində.
Qatil əli qılınc çaldı məst,
Gün əş kimi söndü qızıl baş.
Dostlar, göydə ulduzlar deyil,
O Uluğbəy gözündəki yaş.
Yerdə qalan o tənim mənim,
Özbəkistan, Vətənim mənim.


Tarix həqiqətləri və milli iftixar barəsində söz gedərkən, şair keçmişin amansızlığını və ədalətsizliklərini də yada salır. Əbu Əli İbn Sina, Əl-Xarəzmi, Əl-Biruni, Əl-Fərabi, Əl-Fərğani kimi onlarla mütəfəkkir babalarımızın kəşfləri və elm, təhsil sahəsindəki nadir yenilikləri başqaları tərəfindən mənimsəndiyinə, yadlara şöhrət gətirdiyinə görə acı təəssüf çəkir. Vətən övladlarının xalqımızın ululuğuna və qüdrətinə bəxş etdiyi töhfələrini unutmamağı müəllif yanğı ilə vurğulayır: "Göz önümdən keçər əsrlər, Hey göstərib möcüzələrin. Sərsan keçmiş neçə nəsillər, Tapammamış doğulan yerin. Amerika - sehrli diyar, Yuxudaydı Kolumb da hələ, Ümman arxasına nur saçdı ilk dəfə, Birununin ağıl məşəli. Kolumda var ələmim mənim, Özbəkistan, Vətənim mənim".

Şair son dərəcə həyati və real tarixi təzadlar vasitəsilə Vətənin indiyə kimi naməlum qalmış qürur zirvələrini zamandaşlarına anladır. Onun qəlbinin ehtiraslı və alovlu yaşantıları bizim könlümüzdə də əks-səda verir.

Müəllif çox düzgün və haqlı olaraq öz xalqının mənəviyyat və mədəniyyət zirvələrinə diqqəti yönəldir. Türk xalqlarının hərbi rəşadətlərini və hərb sənətini də gizlətməyə can atan ədalətsiz dünyaya elm və sənət zirvələrimizi nümayiş etdirməyi vacib sayır: "Çox cahangir görmüş bu dünya, Hamısına şahid yer üzü. Amma dostlar, şeir əhli içrə Cahangirlər az olar düzü. Beş əsrdir nəzm sarayın, Titrətməkdə zəncirbənd bir şir, Teymur tuğu yetməyən yeri Qələm ilə aldı Əlişir. Dünya oldu çəmənim mənim, Özbəkistan, Vətənim mənim".

Əlişir Nəvai dühasının türk və islam mənəviyyatının yüksəlişindəki, tariximizdəki xidmətlərini parlaq əks etdirən bu sətirlər qəsidənin estetik pafosunu qabarıq şəkildə nəzərə çarpdırır. Ümumən, qəsidədəki öznəməxsus bir ardıcıllıq təşkil edən "Səma elmi doğulmuş ilk dəfə Körəgani cədvəllərində", "Dəniz arxasını nurlandırdı ilk dəfə Biruninin ağıl məşəli", "Teymur tuğu yetməyən yeri Qələm ilə aldı Əlişir" kimi poetik təkid və təsdiqlər əsər leymotivinin aydın şəkildə meydana çıxmasına şərait yaradır. Qəsidənin cazibədar bədii dünyasına dərindən baş vurarkən, görürsünüz ki, Abdulla Aripov öz əsərində ziyalı və mərifətli, elm və mədəniyyət məskənləri, məktəbləri ilə zəngin olan, amma tarixin amansız hökmləri nəticəsində son bir neçə əsrdə dünyanın nəzər-diqqətindən uzaq düşmüş böyük bir məmləkətin qiyafəsini yaratmağa nail olur.

"Özbəkistan, Vətənim mənim" şeirində o vaxt üçün və bugünkü mənəvi-estetik ehtiyaclar nöqteyi-nəzərindən hədsiz qiymətli olan bir bədii kəşfin üstündən də sükutla keçmək olmaz. Bu Vətən və xalq münasibətinin o vaxta qədər görünməmiş və estetik həllinə rast gəlmədiyimiz yeni bir milli-bədii müstəvidə təhlili və təlqini ilə bağlı idi: "Babalardan söylədim, amma Bir zat vardır hamıdan böyük. Böyüklərə bəxş edən düha, Ana xalqım, özünsən böyük. Sən özünsən - son tikəni də, Özün yeməyib, oğluna verdin. Sən özünsən, övladlar şanın, Yüz illərdən gətirib gəldin. Ana xalqım, can-tənim mənim, Özbəkistan, Vətənim mənim".

Ümumən, B.Vahabzadə və A.Aripovun bu yöndəki poetik axtarışlarının məşhur Azərbaycan və Özbəkistan altmışıncılarının tanınmış nümayəndələrinin yaradıcılığındakı eyni məzmunlu və oxşar tendensiyalarla müqayisə edilməsi, onların  ədəbi müasirləri ilə mənəvi-estetik əlaqələrinin  nəzərdən keçirilməsi mühüm elmi əhəmiyyətə malikdir. 

 





04.12.2015    çap et  çap et