525.Az

Şair, səndən yazmaq istəyirəm(davamı)


 

Şair, səndən yazmaq istəyirəm<b style="color:red">(davamı)</b>

Nahid Hacızadə

Xalq şairi Xəlil Rza ilə görüşlərim...

Rayon Partiya Komitəsinin birinci katibi Nadir Əbdürrəhmanlının xoş rəftarı,  insani xüsusiyyətləri şairi çox təsirləndirmişdi.

Məhsul bayramı başlayanda Xəlil Rza mənə yaxınlaşıb:

– Təbrik sözünü sənmi deyəcəksən? – deyə soruşdu.

– Katibə demişəm, yazıçılar, şairlər adından sən danışacaqsan.

Xəlil Rza sevincək oldu:

– İstəyirəm gecə yazdığım poemanı oxuyum. Birinci katibə həsr etmişəm. Bu gün bəlkə də hamıdan çox onun bayramıdır. Qoy könlü şad olsun. Mən hər katib haqqında poema yazmıram. Qoy o da tarixə düşsün.

– Xəlil müəllim, çıxış beş dəqiqə nəzərdə tutulub. Sənin poeman da yəqin ki, bir saata yaxın vaxt aparacaq. Onsuz da efirə verə bilməyəcəyik. Yəqin katib özü də sənə deyəcək.

Xəlil Rza poemanı axıracan oxudu. Birinci katib neçə dəfə “Xəlil müəllim, sözünü qurtar” dedisə də, xeyiri olmadı.

Sonra Qala düzünə üz tutduq. Hər tərəfdə manqallar tüstülənir, samovarlar qaynayırdı. Biz qonaqlar stollara yaxınlaşıb, camaatı təbrik edirdik. Stolların arxasından alqışlar gülüş səslərinə qarışırdı. Əl çala-çala ucadan “Nəsibə Zeynalova! Xəlil Rza!” deyirdilər.

  

lll

Ədəbiyyat aləminin tanınmış simalarından  biri olan Qulu Xəlilov ən yaxın dostlarından, məsləkdaşlarından biri idi. O, ağır xəstəliyə tutulmuşdu. Moskvadan üzü bəri neçə-neçə xəstəxanada olmuş, ağır operasiyalar keçirmişdi. Qulu Xəlilov alovlu qələm sahibi idi. Dissertasiya müdafiə etmək, alim olmaq, elm yollarında irəliləmək, yüksəlmək arzusu ilə yaşayırdı. Nəsrdə qələmini sınayırdı. Yaradıcılıq sahəsində istedadla yazılmış əsərləri gənc qələm sahibini gələcək illərə, uğurlara səsləyirdi. O, yazmaq istəyirdi, ancaq ağrılar-acılar yazmağa imkan vermirdi. Xəlil Rza ona baş çəkməyə gələndə yazıq-yazıq dedi:

– Ay Xəlil, böyük dərddir. Yazmaq istəyirəm, ancaq yaza bilmirəm. Fikirlər ürəyimi dağıdır. Bəlkə bir qardaş kimi mənə kömək eləyəsən?

Xəlil ona ürək verdi:

– Ay Qulu,  mən hazır, qardaş.

– Hiss edirəm ki, gündən-günə geriləyirəm. Hərdən qara fikirlər gəlir ürəyimə. Bir gün yanıma gələnlərə deyəcəklər: “Daha Qulu Xəlilov yoxdur”.

– Sən nə danışırsan, qardaş? Sən yaşayacaqsan!

Qulu Xəlilovun gözləri şüşələndi:

– Qardaş, mənə ümid verib, deyirsən ki, yaşayacaqsan. Elə mənim də ürəyimdən keçir ki, bir əsər başlayaq, adı olsun “Yaşamaq istəyirəm”. Bilmirəm, hekayə, povest, yoxsa roman olacaq. Bəlkə ömür vəfa elədi, yazdıq onu.

Xəlil Rza ayağa qalxıb, otaqda var-gəl elədi:

– Sabahdan hər gün yanındayam. Sən danışacaqsan, mən də qeydlər edəcəyəm. Gecələr yatmayacağam... Dostumuz Cəmil Əlibəyov belə əsəri əl-əl gəzir. Bəri başdan deyirəm, yaxşı qarşılanacaq.

Bir neçə gün sonra Xəlil Rza dostunun yanına gələrkən qollarını geniş açıb:

– Qulu, sənə xəstəlik yaraşmır, – dedi. – Sənə xoş xəbər gətirmişəm. Sənin yerinə başqası olsaydı, qanad çalıb göylərə uçardı.

– Ay Xəlil, ürəyimi üzmə, de görüm nə xoş xəbərlə gəlmisən?

– Cəmil Əlibəyova min alqış, “Yaşamaq istəyirəm”in ilk fəsillərini çox bəyənib, sabah, ya biri gün yanına gələndə qoltuğumda “Azərbaycan gəncləri” olacaq. – Sözünə azca ara verib, – Cəmil müəllim ağıllı təkliflər də verdi. Hamısını bloknota yazmışam. Sonra bir-bir sənə oxuyacağam.

– Ağzımız nədir eləməyək, ay Xəlil, – deyə Qulunun sifəti işıqlandı. – Allah qoysa, povestin çapı qəzetdə başa çatan kimi, kitab barədə düşünərik. Həkimlər bir yana, bəlkə bu məni ayağa qaldırdı, yaşatdı.

– Qulu, deyirsən yaşamaq istəyirəm. Mən də deyirəm,  sən yaşayacaqsan!

“Azərbaycan gəncləri” qəzetinin nömrələri əllərdə gəzirdi. Povest çox şirin oxunurdu, ədəbi aləmdə bir yaz dalğasına döndü.

Povest iki imza ilə çap olunur, qəzetin redaksiyasına məktublar axın-axın gəlirdi.

Bu, doğrudan da Qulu Xəlilovun taleyi oldu. O, xəstəliklərin caynağından sıyrılıb çıxdı. Bilmirdi Xəlil Rzaya necə minnətdarlıq eləsin, hansı sözləri desin. Çox fikirləşəndən sonra onu qucaqlayıb dedi:

– Ay qardaş, sənin adın Xəlildi, mənim də familiyam. Tale bizi doğmalaşdırdı, qardaş elədi. Mən yaşamaq istəyirdim, sən yaşatdın məni. Ömrümlə, taleyimlə sənə minnətdaram.

Bu sözlər Xəlili ürəkdən silkələdi, kövrəltdi. Bəlkə elə buna görə Quluya öz zəhmətini halal elədi, imzasını geri götürdü. Povest ikinci dəfə tək imza ilə çapdan çıxdı: “Qulu Xəlilov. “Yaşamaq istəyirəm”.

  

lll

Sovetlər dövründə respublikada tək bircə televiziya kanalı var idi – AzTV. Hamının ürəyindən bu kanalda görünmək arzusu keçirdi. Aylıq proqramımız “Poeziya” adlanırdı. Redaksiyaya gələn şeirləri seçib-seçmələyir, sonra aparıcıya – Xalq şairi Bəxtiyar Vahabzadəyə verirdik. O da qovluqdakı şeirləri ayırıb, “Mən istərdim ki, bu şairləri dəvət edəsiniz”, – deyirdi.

Xəlil Rza deyirdi: “Orada çıxış edənlərin çoxu məndən cavandı. Mənə tək söz verin, ya da öz yaşıdlarımdan biri ilə”.

Xəlil Rza yaxşı bilirdi ki, onu institutda, küçədə, tramvayda, trolleybusda, toyda, yasda izləyirlər. Bunu da bilirdi ki, televiziyaya yolu heç də “asfalt”dan keçmir. Sədrin də, baş redaktor kimi mənim də, şöbə müdirinin də ona yaxşı münasibəti var. Ancaq bilmirdi ki, hər çıxışından sonra bizə neçə-neçə yerdən zəng olur. Hərənin ağzından bir avaz gəlirdi: “Xəlil Rza filan şeirində nə demək istəyirdi”, “Filan misrada nə deyirdi?” İnsafən Xəlil Rza nə qədər çılğın olsa da sözə gəlimli idi. Məndən heç nəyi gizlətmirdi. Hətta incikliyini də!

Xeyli sükutdan sonra yenə iş otağımda göründü.

– İgid, bir silsilə şeir gətirmişəm. Könlümdən keçir ki, səninlə bir yerdə seçək. On dəqiqə olsa bəsimdir. Belə eləsəniz, ilin sonunacan bu tərəflərdə görünməyəcəyəm.

Telefon zəng çaldı. Sədr çağırırdı.

– Xəlil müəllim, gözlə, indi gəlirəm.

Qayıtmağım xeyli çəkdi. İçəri girəndə gördüm mənim yerimdə oturub nəsə yazır. Məni görən kimi ayağa qalxdı.

– Al bunu oxu.

Mən şeirə  gözucu baxdım. O isə təkid elədi:

– Ucadan oxu, mən də eşidim.

Xəlil Rza əlyazmanı mənə bağışladı. Bu yaxınlarda evdə kağızlarımın arasından əlimə keçdi. İtməsin deyə, üzünü köçürdüm. Budur həmin şeir :

Ey yamyaşıl sərv ağacı,

Başım tacı –

Nahid Hacı!

Dərdimizin ol əlacı,

İlk əlacı, son əlacı!

Susuz qalıb şeirimizin

Bağ-bağatı, yal-yamacı.

Ac qalmışız... Talegüzgü,

Ekran acı.

Ey könlümün ehtiyacı!

Xəlil Rza ünvanına

Kim danışsa acı-acı,

Dolanacaq boğazına

Söz kəməndi, söz qırmancı.

2 mart 1989.

 

lll

1989-cu ilin payızı. Bakı qaynayıb daşırdı. Xəlil Rza xalq hərəkatının mərkəzində idi. Mən xeyli vaxt idi ki, qonşumuz Zeynulla kişinin bağ evinə gedib-gəlir, azca vaxt tapan kimi orada kitabım üzərində işləyirdim. Sevinirdim ki, “Məhəbbət ölüncə var” povestimi tamamlamaq üzrəyəm.

Səhər-səhər Bakıya getmək  üçün avtobusa minəndə Xəlil Rza ilə Firudin Şimşəyi gördüm. Xəlil Rza dedi:

– Bilirsən də Firudin Gəncə Pedaqoji İnstitutunda dərs deyir. Dünən rastlaşdıq. Türkana bağa gətirdim bir dəniz havası alsın. Bəs sən xeyir ola bu tərəflərdə?

– Yaxın qonşumuz var, onun bağında qalıram. Bir az yazı-pozu qayğılarım var. Vaxt oğurlayanda qələmlə baş-başa qalıram.

– Bəs bizim tərəflərə niyə gəlmirsən?

– Bağının yerini bilmirəm.

– Odey lap yaxındadı, – əlilə göstərdi. – Sanatoriyanın beş addımlığında. Sizin baş redaksiyada işləyən şair Xeyrulla Camalın qonşusuyam. Yəqin onun bağında olmusan, hə?

– Yox, əvvəllər Türkana gəlməmişəm.

– Sabah şənbədir, səni bağda gözləyəcəm. – Qanrıldı. – Bu dostuma da imkan yarat, ekranda şeirlərini oxusun.

– Ay Firudin müəllim, hələ neçə gün burdasan?

– Bu axşam Gəncəyə qayıtmaq istəyirəm.

– Onda günortaüstü studiyaya gəl.

– Oldu, günortaüstü yanındayam.

Xəlil Rza mənə sarı döndü:

– Bəy, səni gözləyəcəm ha?

Axşam Türkana bir az gec qayıtdım. Qaça-qaça özümü Xəlil Rzanın bağ evinə çatdırdım. Xeyrulla Camal da orada idi. Mənimlə görüşəndə:

– Ay mənim baş redaktorum, camaaatı acından qırmazlar ki? – dedi. – Bayaqdan ocaq qalayıb səni gözləyirik.

Mən çantanı ona uzatdım:

– Ay şairlər, sizə Salyandan Vətən balığı gətirmişəm.

Üzüm çəkillərindən qalanmış ocaq köz salmışdı. Xəlil Rza balığı şişə çəkə-çəkə:

– Ay Xeyrulla, qalx yuxarı qab-qacaq gətir, – dedi. – Süfrə aç, hazırlıq gör. Firəngizə də de ki, əmanətdən birini sənə versin. Tut arağıdır. Dilinə vuranda biləcəksən ki, məcundur. Bəri başdan deyim, yüzü keçəndə adamın qoparağını götürür. Qonaq üçün saxlayırdım. Görünür, sizin qismətiniz imiş...

Göz açıb-yumunca kabablar da qızardı. Süfrə arxasına keçəndə:

– Ay Xəlil müəllim, Firəngiz xanımı da səslə, – dedim.

– İşi çoxdur, onsuz da gəlməyəcək. İndi Xeyrulla qalxıb payını çatdırar.

Xəllil Rza ev sahibi kimi qədəhlərə tut arağı süzdü. Xeyrulla Camal da quşun qanadında ikinci mərtəbəyə qalxıb geri dönməyi bir oldu. Üçümüz də balığa girişdik.

Xəlil Rza ayağa qalxıb:

– İgidlər, əziz qonaqlar, – dedi, – əslində Xeyrulla qonaq deyil, mənim yerlimdir. Günü də elə burada keçir. Sən isə ilk dəfədir ki, mənim bağımda olursan.

Xəlil Rza mənə çox qanadlı bir sağlıq dedi. Ləngitmədən qədəhləri qaldırdıq.

İçki dilinə dəyən kimi Xeyrullanın rəngi qıpqırmızı olurdu. Hətta ona məzəli bir şeir də qoşmuşdular. Xəlil Rza əl saxlayıb Xeyrulla Camalın üzünə baxdı. Elə bil onun öz halına gəlməsini gözləyirdi. Xeyrulla da eləmə tənbəllik, ənənəvi vəziyyətini aldı. Xəlil Rza ahənglə deməyə başladı:

Xeyrulla Camal,

Yanaqları al,

Ay qadasın aldığım!

Xeyrulla Camal mənə sarı dönub:

– Ay yoldaş baş redaktor, gör işçini böyük şairimiz necə əzizləyir, – sonra ayağa qalxıb, – bu gün mütləq şəhərə qayıtmalıyam, – deyə, sağollaşıb getdi.

Biz çay içə-içə xeyli dərdləşdik. Xəlil Rza birdən başını döndərib:

– O tərəfdəki şax-şəvəli görürsən? – dedi. – Köhnə quyu yeridir. Altında iri bir ilan yuva qurub.

– Bəs qorxmursan?

– Niyə qorxuram ki? Mehriban dost kimi yaşayırıq. Erməni deyil ki, dosta dönük çıxsın. Nə mən onun xətrinə dəyirəm, nə də o mənim.

– Firəngiz xanım bilir ki, sənin dörd-beş addımlığında ilan yaşayır?

– Yox, bilmir. Xəbər tutsa, bir də bu tərəflərə ayaq basmaz. Ona görə də demirəm ona.

Taxta pilləkənlə yuxarı qalxdıq. Xəlil Rza qapağı ehtiyatla qaldırdı: “Bu bizim dünya ilə əlaqəmizin qapısıdır. Yatanda bağlayır, səhər də açırıq”.

Firəngiz xanım bizim gəldiyimizi görub:

– Xəlil də məni makinaçıya döndərib, – dedi.– Əlimdə olan şeirləri sabaha çatdırmalıyam. “Azərbaycan” jurnalına verəcək.

– Ay Firəngiz, şeirləri hələlik saxla, – dedi Xəlil Rza. – İndi bizim söhbətlərimiz olacaq. Xahiş edirəm, hamısını yaz,  “gündəliyə” köçürəcəyəm. Nahid hər gün bizim bağa gələn deyil.

(Ardı var)

 





17.01.2013    çap et  çap et