525.Az

Daş üzərində xəritə və ya açıq səma altında muzey


 

Daş üzərində xəritə və ya açıq səma altında muzey<b style="color:red"></b>

Fidan Həşimova
Qərb Universitetinin jurnalistika
fakultəsinin 2-ci kurs tələbəsi

Bu gün mütəxəssislər dünyanın, insan övladının yaranışının tarixini öyrənmək məqsədilə geniş araşdırmalar aparır, əldə olunan hər bir daş parçasını, tarixi əşyaları öyrənir, onları təhlil edirlər. Amerika alimləri fərziyyə edirlər ki, hətta Ayda da nə vaxtsa canlının olmasını təsdiqləyən dəlillər var.

Dünyada gedən bu proseslər – tarixi, keçmişi öyrənmək təbii ki, ölkəmizdən də yan keçmir.

O cümlədən  Beyləqan rayonunda da bu sahədə  ardıcıl işlər aparılır. Məlum oldugu kimi Beyləqan tarixinə görə Azərbaycanın qədim məskənlərindən sayılır. Odur ki, Beyləqan rayonunda böyük tarix diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib. Rayon ərazisində böyük tarixi maraq kəsb edən abidələr mövcuddur.Müasir tikililəri də rayona xüsusi gözəllik verir. Daş üzərində həkk olunmuş respublikamızın xəritəsini bu sıraya aid etmək olar.

Bu abidə 1981-ci ildə yaradılarkən Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi adlanıb (1982-1989), köhnə, yararsız binada yerləşib, sonralar isə muzey üçün yeni bina inşa edilib. Həmin tikili Beyləqan şəhərinin Mədəniyyət və istirahət  parkında yerləşir. Muzeyin ümumi sahəsi 1600 kv.m-dir. Açıq səma altında olan kompleksdən  və inzibati binadan  ibarətdir.

Muzeyi əhatə edən sahədə, açıq səma altında Azərbaycanın ərazisində qurulan ilk dövlətdən tutmuş müasir dövrümüzə qədər 5 min illik dövlətçilik tariximizdə mövcud olmuş digər dövlətlərin şərəfinə xronoloji ardıcıllıqla  qranit daşlardan abidə kompleksi ucaldılıb.

Azərbaycanın cənubda yerləşən Urmiya gölünün maketi ətrafında  Arrata (b.e.ə. III minillik), Lullubi (b.e.ə. III minillik) və Kutinin (b.e.ə. III minillik), ilk mərkəzləşmiş quldar dövləti  Manna  (b.e.ə.843- b.e.ə. 590), sonralar Azərbaycanın cənubunu əhatə edən Atropatena  (b.e.ə. IV əsr 20-ci ili- b.e.ə. 227) və Araz çayı və Kür çayının qovuşaraq Xəzər dənizinə(maketləri) töküldüyü istiqamətdə Azərbaycanın şimal hissəsini əhatə edən Albaniya (b.e.ə. IV əsrin sonu III əsrin əvvəli – b.e. 262) dövlətlərinin  yaranması və süqutu ilə bağlı tarixi məlumatlar  əks olunub.

Burada Azərbaycan ərazisindən keçən Kür və Araz çaylarının qovuşaraq Xəzər dənizinə tökülməsini əks etdirən maket də yaradılıb. Xüdafərin körpüsünün rəmzi maketi verilib. Abidə-muzey kompleksində qədim Beyləqan ərazisində V-XV əsrləri əhatə edən daş abidələr, qoç heykəlləri yerləşdirilib. Maketin yaxınlığında müharibələr zamanı qala divarlarını dağıtmaq məqsədi ilə istifadə olunan daşatan mancanaq quraşdırılıb. Bundan əlavə həmin ərazidə Beyləqanın qədim yaşayış məskənlərindən tapılmış dulusçuluq məmulatları sayılan bir ədəd məişətdə istifadə olunan böyük həcmli küp, ağacdan hazırlanmış asma nehrə, əkinçilikdə istifadə olunan dəmir xış və böyük dən daşı da nümayiş etdirilir.

Abidə muzey kompleksinin girişində binanın hər iki tərəfində ulu öndər Heydər Əliyevin mədəniyyətimizlə, tarixi kökümüzlə bağlı müdrik  sözləri qara mərmər üzərində əksini tapıb.

Ekspozisiya salonu plana uyğun olaraq  bölmələrdən və güşələrdəm ibarətdir. Muzeydə üç bölmə var (qədim dövr,orta əsrlər və müasir dövr). Bu bölmələrdə xronoloji ardıcıllıqla diyarın tarixini özündə əks etdirən 2000-ə yaxın eksponat yerləşdirilib.

Qədim dövr bölməsində Beyləqan ərazisində mövcud olmuş qədim yaşayış məskənlərindən tapılmış daş dövrünə, tunc dövrünə və dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri dövrlər üzrə yerləşdirilib.

Orta əsrlər dövru bölməsində qədim Beyləqan (Örənqala) haqqında məlumat, Beyləqanın qədim İpək yolu, ticarət yolu üzərində yerləşdiyini göstərən xəritə, Mil düzündə mövcud olmuş qədim yaşayış məskənləri haqqında məlumat və həmin qədim yaşayış yerlərindən tapılmış məişət əşyaları, sənətkarlıq nümunələri, dulusçu möhürləri, o dövrün təsvirini verən maketlər nümayiş etdirilir.

Müasir dövr bölməsində isə rayonun müharibə və əmək qəhrəmanlarına həsr edilmiş guşə və Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər öz əksini tapıb. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkədə,o cümlədən Beyləqanda apardığı çoxşaxəli işlər “Heydər Əliyev Fondu” guşəsində öz əksini tapıb. Ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin diyara səfərlərini əks etdirən guşə də müasir dövr bölməsində yerləşdirilib.

Muzeydə 2218 əşya var. İl ərzində buranı 7-8 min tamaşaçı ziyarət edir.

 





18.01.2013    çap et  çap et