525.Az

"Rusiya 7 rayonun qaytarılmasının tərəfdarıdır"


 

"Rusiya 7 rayonun qaytarılmasının tərəfdarıdır"<b style="color:red"></b>

"Rusiya Azərbaycanın işğal altında olan ərazilərindən yeddi rayonun boşaldılıb, geri qaytarılmasının nəinki tərəfdarıdır, hətta müəllifidir. Bu ideya Rusiyaya məxsusdur".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Dağlıq Qarabağ nizamlanmasına dair təkliflərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ötən ilin sentyabrında Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi statusa malik olması ilə bağlı təklif irəli sürdü: "O, təklifini əsaslandıraraq qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ dövründə yaranıb, burada SSRİ ilə əlaqəli müəyyən məsələlər var. Dedi ki, həm Azərbaycan, həm də erməni xalqının Rusiya ilə xüsusi münasibəti var. Azərbaycan prezidenti təklifi qəbul etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə təklifi birbaşa rədd etdi. Bu isə Rusiyanın mövqeyinin obyektivliyə nə dərəcədə yaxın olduğunu və ermənilər tərəfindən qəbul olunmadığını göstərir. Sadəcə ermənilər özlərini hər yerdə elə göstərirlər ki, guya Rusiya onların yanındadır. Çünki bilirlər ki, regionda ABŞ və Fransaya nisbətən Rusiya söz sahibidir. Rusiyanın sözü və addımı daha kəsərlidir. Əgər Ermənistan desə ki, Rusiya Ermənistanı müdafiə etmir, bütün dünya dərhal onlardan əl çəkəcək. Ermənistan dünyanı öz başına Rusiyanın adı ilə yığıb".

Politoloq düşünür ki, cəmiyyətdə Rusiyanın Azərbaycanla münasibətlərinə şübhə yayanlar var: "Belə adamlar iki qrupa bölünür. Birinci qrupun Dağlıq Qarabağ münaqişəsindən xəbəri yoxdur. Elə başa düşürlər ki, münaqişənin tarixi onlar ali məktəbi qurtarıb siyasətlə məşğul olduqları dövrdən başlayıb. O dövrdən bu tərəfə olanları öyrənirlər. Əvvəlki dövr onlar üçün maraqlı deyil. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1989-cu ildə ABŞ Konqresinin qərarı var. İkinci qrup isə ABŞ və qərbin təsiri altında olan adamlardır. Onlar Rusiyanı bütün məsələlərdə dövlətlər və cəmiyyətlərin gözündən salmaq istəyirlər. Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı kimi də Rusiyanı göstərirlər. Deyirlər ki, münaqişəni Rusiya başlayıb. Akademik Saxarovun vətəni Rusiya deyil. O, Yelena Bonner-Arxangel adlı dövlətin vətəndaşı idi. Onun prezidenti də Yelena Bonner-Əlixanyan idi. O nə əmr verirdisə, Saxarov həmin əmri yerinə yetirirdi. Amerika Rusiyada bir qrup adamı ələ almışdı. Bu qrup orada ermənilər üçün vuruşdu. Bizim cəmiyyət də görürdü ki, Rusiya soyadı ilə olanlar ermənilərə dəstək verirlər. ABŞ-ın ermənipərəst mövqeyi bu qədər aydın olduğu halda, bəzi ekspertlər elə danışırlar ki, guya ABŞ Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində, Rusiya isə Ermənistanın tərəfində olub. Ancaq belə deyil".

İrəli sürülən təklifdə Rusiyanın öz maraqlarını nəzərə almasına gəlincə, M.Əhmədoğlu deyib ki,  Rusiya başa düşür ki, ərazi bütövlüyü prinsipini, Azərbaycanı müdafiə etməlidir: "Azərbaycan Cənubi Qafqazda söz sahibinə malik olan dövlətlərdən biridir. Ermənistan Rusiyadan pul istəyir, ancaq Azərbaycan Rusiya ilə birlikdə layihələri özü maliyyələşdirir. Rusiyanın bu təklifi həm Azərbaycana, həm də Rusiyaya sərfəlidir. Bu gün Yaxın Şərqdə elə vəziyyət yaranıb ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdüyü təklif ilk növbədə özünə lazımdır. Biz torpaqlarımızı onsuzda işğaldan azad edəcəyik. Ancaq hazırda Türkiyə, İran, Suriya coğrafiyasında vəziyyət gərginləşsə, Rusiya Cənubi Qafqaza heç nə daşıya bilməyəcək. Çünki Sovet dövründə Rusiyanın Cənubi Qafqaza əsas nəqliyyat arteriyası SSRİ - İran dəmir yolu idi. Bu gün Mehri dəmir yolu işləmir. Bu yol ermənilərin Azərbaycanın torpaqlarını işğal etdiyinə görə fəaliyyət göstərmir. Ona görə, hazırda Rusiyanın yeddi rayonu işğaldan azad etməyə çalışması ilk növbədə öz maraqlarına xidmət edir. Belə ki, Rusiya SSRİ - İran dəmir yolunu bərpa etməyə çalışır. Bu isə yeddi rayonun işğaldan azad olunmasından asılıdır. Ona görə də Rusiya səmimidir".

PƏRVANƏ

 





09.12.2015    çap et  çap et