525.Az

"Rusiya anlayır ki…"


 

"Rusiya anlayır ki…"<b style="color:red"></b>

"Beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarına olan hörmətsizliyi münaqişələrin həllində ən əsas maneədir".

Belə bir açıqlama ilə millət vəkili Asim Mollazadə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanata qarşı Ermənistanın mövqeyini şərh edərkən deyib.

O bildirib  ki, Ermənistan nəinki ATƏT-in aldığı qərarlara, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurasının aldığı qərarlara da əməl etmir: "Ermənistan heç bir beynəlxalq təşkilatın qəbul etdiyi qərarları icra etmir. Lakin ona qarşı hər hansı bir təzyiq və ya sanksiyalar da müəyyənləşdirilmir. Bu da ortada qəribə bir vəziyyət yaradır. Yaranmış Krım böhranı ilə bağlı Rusiyaya qarşı bütün təşkilatlar tərəfindən sanksiyalar tətbiq edildi. Lakin Azərbaycan ərazisini işğal etmiş Ermənistanla bağlı belə bir qərar qəbul olunmayıb. Beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarına olan hörmətsizliyi münaqişələrin həllində ən əsas maneədir". Millət vəkili qeyd edib ki, Ermənistanda bu arxayınçılıq dünyada onu fəal şəkildə təmsil edən erməni diasporasına görə yaranıb.

Politoloq Cümşüd Nuriyev isə deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonunun boşaldılması təklifinə Ermənistan tərəfinin hansısa reaksiyası boş şeydir. Çünki Rusiya Ermənistanı dövlət saymır, əksinə, onu özünün ərazisi sayır. Onun sözlərinə görə, Sergey Lavrov həddindən artıq ağıllı, eyni zamanda məkrli bir siyasətçidir: "Onun bu fikirləri söyləməsinin arxasında başqa bir məsələnin dayandığını görürəm. Çünki, inandırıcı görünmür. Azərbaycan-Türkiyə münasibətlərinin həddindən artıq yaxınlaşması və Rusiya-Türkiyə müharibəsinin gərginləşməsi və s. qardaş ölkələrin münasibətlərinə kölgə salmağa xidmət edir. Lavrov açıq şəkildə bildirir ki, əgər Azərbaycan Rusiyanın yanında olsa, işğal altında olan 7 rayon qaytarılacaq. Azərbaycanla bağlı belə bəyanatlar dəfələrlə verilib. Amma təəssüf ki, bu günə kimi Rusiya tərəfi bir addım da olsa atmayıb. Mən bunu siyasi gediş kimi dəyərləndirirəm".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə düşünür ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonun boşaldılması təklifi ilə çıxış etməsi yalnız sözdən ibarətdir, əməldə bunların heç biri real deyil. QAT sədrinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində indiyədək nəinki Sergey Lavrov, eləcə də ABŞ-ın Azərbaycandakı səfiri də müxtəlif bəyanatlarla çıxış ediblər: "Amma təəssüf ki, bunların hamısı boş sözlərdən ibarətdir. Bu sözlərin hamısı deyilir və kağız üzərində qalır. Əgər Rusiya doğurdanda Dağlıq Qarabağın ətrafındakı 7 rayonun qaytarılmasını istəyirsə, o mövqedə dayanırsa, Rusiyaya əngəl olacaq heç bir qüvvə yoxdur. Rəsmi Moskva bir barmağının işarəsi ilə Ermənistanı həmin ərazilərdən çıxara bilər. Amma Rusiya bunu etmir. Onda belə çıxır ki, o, öz dediklərində səmimi deyil".

Politoloq Vasif Əfəndiyev isə Azərbaycanın işğal olunmuş ərazilərindən 7 rayonun geri qaytarılması barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Belqradda səsləndirdiyi fikirləri tələsik sevinclə qarşılayan qüvvələrə bir qədər tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, bu təklif yox, tələb olaraq ilk dəfə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri  Ceym Urolik tərəfindən səsləndirilib: "Bu ilin əvvəlindən ortaya atılmış bu  təklif uzun zamandır ki, müzakirə mövzusudur. Bu yaxınlarda məsələnin yenidən gündəmə gətirilməsi zamanı Sergey Lavrov buna sərt təpki göstərərək Qərbin kənar durmasını tələb etmişdi. Azərbaycan hakimiyyətinin uğurlu Qarabağ siyasətinin nəticəsidir ki, bu məsələ beynəlxalq qurumlar tərəfindən ardıcıl olaraq gündəliyə gətirilir. Lakin münaqişədə de-fakto işğalçı tərəf olan Rusiya torpaqların geri qaytarılmasını qətiyyən istəmir. Bu səbəbdən də mümkün olan bütün imkanlardan istifadə edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına çalışır və hələlik buna nail olub. Lavrovun son bəyanatını  isə iki nöqteyi-nəzərdən təhlil etmək olar. Birincisi, Rusiya görür ki, torpaqların qaytarılması prosesini nə qədər ləngitsə də bu, qaçılmazdır və artıq konkret mövqe göstərməyin zamanıdır. Əks təqdirdə, bu proses Rusiyanın iştirakı olmadan başlana bilər və bu da Ruisyanın regionda nüfuzunun sıfırlanması ilə nəticələnə bilər".

V.Əfəndiyev əlavə edib ki, ikinci ehtimal isə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın birmənalı olaraq qardaş ölkənin tərəfini tutması oldu: "Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Azərbaycan hakimiyyətinin Türkiyədən Orta Asiya  istiqamətinə Trans Xəzər marşrutu ilə daşınan yüklərə rüsumların 40 faiz azaldılması barədə ediyi güzəştlər Putinin qardaş ölkəni sıxışdırmaq cəhdini neytrallaşdırmış oldu. O səbəbdən də Putin hakimiyyəti bir növ bu bəyanatla Azərbaycanı növbəti dəfə şirnikləndirərək öz tərəfinə çəkməyə cəhd edir. Bütün bunlara baxmayaraq, Rusiya hal-hazırda Ermənistanda yerləşən hərbi bazalarını gücləndirmək haqqında düşünür. Mənə elə gəlir ki, Lavrovun bu bəyanatı səmimi deyil və Rusiya tərəfdən xeyirli bir nəticə ilə yekunlaşmayacaq. Azərbaycan artıq öz seçimini Ümummilli lider Heydər Əliyevin zamanında edib. Bu seçim Avropaya inteqrasiya və Qərblə dostluq münasibətləridir".

PƏRVANƏ

 





10.12.2015    çap et  çap et