525.Az

Həmsədrlər Minsk prosesini xilas etməyə çalışırlar


 

ELÇİN MİRZƏBƏYLİ: “ATƏT-in MİNSK QRUPUNUN FƏALİYYƏTİ NƏTİCƏSİNDƏ PROSES İFLASA UĞRAYIB”

Həmsədrlər Minsk prosesini xilas etməyə çalışırlar<b style="color:red"></b>

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdan ibarət deyil. Həmsədrlər sadəcə Minsk prosesini xilas etməyə çalışırlar".

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin nümayəndələrinin Belqradda qurumun Nazirlər Şurasının toplantısı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı yaydığı birgə bəyanata münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, faktiki olaraq, ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticəsində proses iflasa uğrayıb: "Ola bilsin ki, son dövrlərdə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhəddində atəşkəsin pozulması və real müharibə şəraitinin yaranması ilə bağlı yayılan informasiyalar həmsədrləri narahat edir".

E.Mirzəbəyli hesab edir ki, həmsədr dövlətlər dünyada kifayət qədər münaqişələrin yaşandığı bir zamanda Dağlıq Qarabağ probleminin yenidən alovlanmasını istəmir: "Proses bütövlükdə həmsədr dövlətlərin imicinin qorunub saxlanması, vasitəçilik missiyasının davam etdirilməsinə yönəlib. Burada, söhbət heç bir halda həmsədrlərin status-kvonu dəyişdirmək istəyindən gedə bilməz. Onların belə bir istəyi olsaydı, beynəlxalq hüququn mexanizmləri işə düşər  və bu müddət ərzində ardıcıl şəkildə Ermənistana qarşı müəyyən diplomatik, iqtisadi və hərbi sanksiyalar tətbiq olunardı. Əgər Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq olunmuyubsa, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin birgə bəyanatında Azərbaycanla Ermənistan arasında "bərabər" işarəsi qoyulubsa, münaqişənin real həlli istiqamətində həmsədrlərin istəyi olduğu haqda danışmağa dəyməz. Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı canfəşanlığının arxasında sadəcə prosesi xilas etmək niyyəti dayanır".

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının Belqradda keçirilən iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibiCon Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.

Ceyhun ABASOV

 





10.12.2015    çap et  çap et