525.Az

Jurnalistlər Pedaqoji Universitetdə qış imtahan sessiyasının gedişi ilə tanış olublar (Fotolar)


 

Jurnalistlər Pedaqoji Universitetdə qış imtahan sessiyasının gedişi ilə tanış olublar <b style="color:red">(Fotolar)</b>

Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat nümayəndələrini universitet rəhbərliyi adından salamlayan tədris işləri üzrə prorektor Malik Cəbrayılov qış imtahan sessiyasının gedişatı haqqında ətraflı məlumat verib: “2006-cı ildən Yusif müəllim unviersitetə rektor təyin ediləndən riyaziyyatçı, informasiya- kommunikasiya texnologiyalarına dərindən bələd olan bir mütəxəssis kimi çalışıb ki, imtahanlarda insan faktoru aradan qaldırılsın. 2006-2007-ci tədris ilindən başlayaraq ilk dəfə eksperiment olaraq əyani şöbədə, sonralar isə qiyabi şöbədə də komputerləşmiş qaydada imtahanlar götürülməyə başlanılıb.

Hazırda universitetdə böyük test bankı yaradılıb. Bu test bankında hər fənn üzrə üzərində işlənilmiş 700 test var. Həmin testlərin cavabları da tələbələrə verilir. Burada əzbərçilik etmək də mümkün deyil. Çünki tələbə hər fənn üzrə bu qədər cavabı əzbərləyə bilməz.  Burada məqsəd tələbələri ümumiyyətlə mövzuları oxumağa məcbur etməkdir”. M. Cəbrayılov qeyd edib ki, Azərbaycanda kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb ADPU olub. Onun sözlərinə görə, imtahanın nəticələri həmin gün elan olunaraq dekanlıqlara göndərilir. Universitetdə hətta dövlət imtahanları da kompüter texnologiyaları vasitəsilə keçirilir: “Bizim universitetdə bütün ölkə ali məktəblərində olduğu kimi, kredit sistemi tətbiq olunur. Hal-hazırda bizdə əyani şöbədə bütün kursların tələbələri  kredit sistemi ilə təhsil alır. Bu sistemdə bildiyiniz kimi, göndəriş olmur. Bu sistemdə uğurlarımızla yanaşı tətbiq etməkdə çətinlik çəkdiyimiz məqam da var. Burada mobillikdən söhbət gedir. Yataqxanalarımıza məcburi köçkün və qaçqınlar sığındıqları üçün yalnız xarici ölkələrdən tələbə qəbul edə bilmirik. Proqramlar yenilənib. Orta məktəblərə kadr hazırladığımız üçün təcrübəli müəllimlər dəvət eləmişik. Artıq bizdə sovet dövründən qalma proqramlara rast gəlmək mümkün deyil. Kredit sisteminin ən yaxşı cəhətlərindən biri də budur ki, tələbə kəsilirsə, göndəriş olmur. O, dərsi yenidən keçərək imtahan verir. Kredit sistemində fənlər üç qrupa bölünür: ardıcıl və məcburi, ardıcıl və məcburi olmayan və seçmə fənlərə bölünür. Kredit sisteminin bütün tələbələrini  yerinə yetiririrk. Yerinə yetirmədiyimiz yeganə məsələ yataqxana ilə bağlı məsələdir”.

M. Cəbrayılov universitetin beynəlxalq əlaqələrindən də söz açıb: “Biz Rusiyanın, Türkiyənin bir sıra universitetləri ilə əməkdaşlıq edir,  təcrübə mübadiləsi aparırıq. 90-cı illərdə Rusiyanın ali məktəbləri ilə əlaqələrimiz itmişdi, amma artıq neçə illərdir ki, bu əlaqələri bərpa etmişik. Bunların sırasında Sankt-Peterburq Pedoqoji Universiteti, Moskva Pedoqoji Unversiteti, Dağıstan Universiteti ilə də yaxın əlaqələrimiz mövcuddur.  Türkiyənin Ankara Universiteti, Akif Ərsoy Universiteti, xüsusilə Hacəttəpə universiteti ilə yaxından əməkdaşlıq edirik. Təxminən üç il bundan əvvəl Hacəttəpə Universiteti ilə birlikdə “Müəllim hazırlığı: problemlər və vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirmişik.  Müxtəlif ölkələrdən 29 ali məktəbdən 270 nəfər  mütəxxəsis həmin konfransda iştirak etmişdi. Məqsədimiz müəllim hazırlığı ilə bağlı problemləri  aşkara çıxarmaq, qarşıda duran vəzifələri müzakirə etmək idi. Sonralar bunu ənənəyə çevirdik. Türkiyədə keçirilən eyniadlı konfransda 43 nəfərlik nümayəndə heyəti ilə iştirak etdik. ADPU Hacəttəpə Universitetinin tərtib etdiyi ixtisasartırma siyahısında yer alıb. İlk olaraq, həmin ali təhsil ocağının 5 nəfər nümayəndəsi bizim universitetdə ixtisasartırma kursunda iştirak edib. Əlaqələrimiz davam edir. Yəqin ki, aprel-may aylarında həmin ənənəvi konfransın təşkili ilə məşğul olacağıq. Beynəlxalq əlaqələrimiz nəticəsində Avropa Müəllim Hazırlığı Assosiasiyasına MDB məkanından ilk üzvlərdən biriyik. Beynəlxalq əlaqələrimizi gələcəkdə daha da genişləndirməyə çalışacağıq. Universitetdə tədris köməkçi heyəti üçün universitetin öz hesabına informatika kursları təşkil etmişik. Həmin kurslar üç il davam edib. Ona görə də bizim laborant heyətimiz içərisində komputerdən istifadə etməyi bacarmayan yoxdur”. 

İmtahanların gedişatından danışan prorektor deyib ki, hər fakültədə ixtisas müəllimlərinin daxil olduğu münaqişə komissiyası, bütün universitet üzrə isə imtahan qərargahı fəaliyyət göstərir. Tələbələr azad şəkildə, insan faktoru iştirak etmədən imtahanlarda iştirak edir və topladıqları bala uyğun qiymətlər alırlar.

Mətbuat konfransından sonra  universitetin tədris şöbəsinin müdiri Namiq Hacıyev və universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov jurnalistləri imtahanların gedişi ilə əyani tanış olmaq üçün auditoriyalara apardı. Eyni otaqda komputerləşmiş qaydada bir neçə fənn üzrə ayrılıqda tələbələr qeyri-ixtisas fənn müəllimlərin nəzarəti altında imtahan verirdilər. Daxil olduğumuz auditoriyalardan birində tarix, coğrafiya və filologiya fakültələrinin tələbələri hər bir ixtisas üzrə növbələşmiş qaydada oturdularaq (bir-birindən köçürmə imkanı olmaması üçün) minimum 70 balı toplamaq üçün test suallarını cavablandırırdılar. N.Hacıyevin məlumatına görə, burada minimal keçid balını toplayan tələbə özü düyməni basaraq sonda topladığı balı öyrənir. İmtahanın birinci mərhələsindən keçənlər əgər kafi qiymətə razıdırlarsa, yüksək qiymət almaq üçün ikinci imtahan mərhələsini seçməyə bilər. Amma zərbəçilər, əlaçılar daha yüksək nəticələr əldə etmək üçün imtahanın ikinci mərhələsini seçirlər. İlk mərhələdə yaxınlaşdığımız tələbələrdən Fəridə Quliyeva ( I kurs, ingilis dili ixtisası), Aysel Əliyeva( IV kurs, tarix ixtisası),  Aygün Babazadə ( IV kurs, coğrafiya ixtisası) minimal balı topladıqlarını bildirdilər və komputerləşmiş qaydada imtahanlardan çox razı qaldıqlarını dilə gətirdilər. Burada obyektivliyin tam bərqərar olduğunu dedilər.

Daha yüksək qiymət və zərbəçi, əlaçı təqaüdü almaq istəyən tələbələr isə digər otaqlarda imtahanın ikinci mərhələsinə cavab verirdilər. İkinci mərhələdə artıq tələbələr ənənəvi üsulla bilet çəkərək beş suala cavab verməlidirlər. Tarix fakültəsinin ikinci kurs tələbəsi Sevda Sadiqova ilə qısa mükaliməmizdə o, zərbəçi olduğu üçün ikinci imtahan mərhələsini seçdiyini və 75 manat zərbəçi təqaüdü aldığını qeyd etdi. İmtahanların gedişindən tam razı qaldığını bildirən adıçəkilən tələbə onlara biliklərini nümayiş etdlirmək üçün hər cür şərait yaradıldığına görə universitetin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sevinc MÜRVƏTQIZI

 





18.01.2013    çap et  çap et