525.Az

AXCP ilə Müsavat arasında ziddiyyətlər yeni mərhələdə


 

AXCP ilə Müsavat arasında ziddiyyətlər yeni mərhələdə<b style="color:red"></b>

ƏHMƏD ORUC: “BU SİYASİ TƏŞKİLATLARIN HƏR BİRİ İCTİMAİ RƏYDƏ YALNIZ ÖZÜNÜN GÖRÜNMƏSİNİ İSTƏYİR”

Seçkilər yaxınlaşdıqca partiyalar, siyasi bloklar arasında gərginlik də yüksələn xətt üzrə inkişaf edir. Bu gərginlik daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arasında cərəyan edir. AXCP ilə Müsavat arasında qarşıdurma və ziddiyyətlər getdikcə daha qabarıq şəkildə özünü büruzə verir. Sözügedən partiyaların fəallarının bir-birlərinə qarşı apardıqları gözdənsalma kampaniyası geniş vüsət alıb.

Bir neçə gün bundan qabaq Ağcabədi rayonunda bir neçə müsavatçı AXCP-yə keçərək, Əli Kərimli xəttini İsa Qəmbərin mövqeyindən üstün tutduqlarını bəyan etdilər. Bu halın “Azadlıq” qəzeti tərəfindən geniş təbliğ olunması da müəyyən məqamlardan xəbər verir. “Mediaforum” saytının sorğusuna əsasən AXCP-nin namizədi müxalifətin ən şanslı namizədi bəyan edildi və bu, AXCP fəalları tərəfindən geniş təbliğ olunmaqdadır. Müsavatçılar isə hesab edirlər ki, bu sorğu Əli Kərimlinin sifarişi ilə təşkil olunub və onun təbliği məqsədi güdür.

Bununla yanaşı “Azadlıq” qəzetində və sosial şəbəkələrdə 12 yanvar aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış AXCP üzvlərinin müsavatçılardan daha çox olduğu təbliğ edilir. AXCP və Müsavat funksionerləri davamlı şəkildə mətbuata açıqlamalar verərək bir-birilərini qərəzli kampaniya aparmaqda günahlandırırlar.

Bütün bunlar heç də sıradan bir məqam kimi qiymətləndirilə bilməz. Əslində bu, AXCP ilə Müsavat arasında dərin ziddiyyətlərin olduğunu, onların bir-birinə qarşı kəskin mübarizə apardıqlarını açıq göstərir. Və onların bir-birinə qarşı hansısa güzəştə getməsinin mümkünsüzlüyünü təsdiqləyir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc “525”ə açıqlamasında müxalifətin bir araya gəlməsi, birgə fəaliyyəti üçün müxtəlif təkliflər irəli sürmələrinə baxmayaraq, digər müxalifət təşkilatlarının, xüsusən AXCP və Müsavat partiyalarının buna maneə olduğunu bildirib. Onun sözlərinə görə, bu iki təşkilatın üzvləri müxalifət düşərgəsinə zərbə vurmaqdan ötrü bütün addımları atırlar. O, birgə fəaliyyət göstərməkdə maraqlı olmalarına rəğmən, AXCP və Müsavatın buna maneə olduğunu deyib: “Biz İctimai Palata və Ziyalılar Forumu ilə əməkdaşlıqda maraqlı olsaq da, onlar dağıdıcılıq fəaliyyətləri ilə müxalifətin bir araya gəlməsinə imkan vermirlər. Bu partiyalarda özünəvurğunluq var. Və bu siyasi təşkilatların hər biri ictimai rəydə yalnız özlərinin görünməsini istəyir. Buna görə də əllərindən gələn hər bir şeyi edirlər. Bu şəxslər hətta müxalifətdə olan digər şəxslərlə yanaşı durmaqdan belə qorxurlar. 20 ildir ki, bunların danışdıqları yalanlar özlərinin simalarını ortaya qoyur. Onlar çalışırlar ki, özləri kimi insanlarla bir arada olsunlar. Yaxud da bu şəxslər özlərinin yalançı görünüşlərinə xələl gətirməyən insanlarla birgə olmağa can atırlar. Əslində bu iki partiyanın təmsilçilərinin bir-birini istəməmək, müxalifətə gözucu yanaşmaq cəhdləri bu düşərgənin birgə fəaliyyətinə ciddi maneə törədərək, sözügedən cəbhənin pərakəndə iş aparmasına səbəb olur”.

İctimai rəyin Ə.Kərimli və İ.Qəmbəri qəbul etmədiyini deyən Azadlıq Partiyasının sədri bunun İctimai Palata formatında özünü aşkar göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu şəxslər müxalifət kimi cəmiyyətə sırınır: “Bu bir faktdır ki, sözügedən şəxslərin cəmiyyətdə heç bir nüfuzu yoxdur. Məhz buna görə də bu partiyada təmsil olunan şəxslər ya bu təşkilatları tərk edir, ya da digər addımlara əl atırlar. Bu şəxslərin cəmiyyətdə müxalifət kimi sırınmasında bir çox xarici təşkilatlar maraqlıdır. Onlar bunun üçün kifayət qədər maliyyə yardımları da ayırırlar. Bütün bu cəhdlərə baxmayaraq, illərdir ki, bu şəxslərin arxasında insanları toplamaq mümkün olmayıb. Ümumiyyətlə, AXCP və Müsavat liderliyində bundan sonra da hansısa bir uğurun əldə olunmasına inanmıram. Bunun indiyədək də dəfələrlə şahidi olmuşuq. Hər zaman seçki ərəfəsində bu partiyalarda ənənəvi halların şahidi olmuşuq. Bu siyasi təşkilatlar özlərini cahanşümül partiya hesab edirlər. Adıçəkilən partiyalar hər zaman müxalifətçilik adı il əbu cəmiyyəti aldadıblar. Məhz bunların nəticəsidir ki, bu siyasi təşkilatlara insanların inamı qalmayıb”. 

AQİL

 





18.01.2013    çap et  çap et