525.Az

Şair, səndən yazmaq istəyirəm (davamı)


 

Şair, səndən yazmaq istəyirəm <b style="color:red">(davamı)</b>

Nahid Hacızadə

Xalq şairi Xəlil Rza ilə görüşlərim... 

Zəng edən şirkətin sədri Babək Hüseynoğlu idi.

– Türkiyə ilə aran  necədir? – soruşdu.

– Əliyyul-əla! – dedim.– Sizcə necə olar? Türkiyə qardaş ölkədir. Bir vaxtlar adı gələndə gözümüz yol çəkir,  köks ötürmüşük. Yaxşı ki, yollar açılıb, gedib-gələ bilirik.

– İndicə zəng eləmişdilər, – dedi, – İkimizdən birimiz Ankaraya getməliyik. Orada türkdilli ölkələrin informasiya agentliklərinin Beynəlxalq yığıncağı keçiriləcək. Özün bilirsən ki, mən müalicədəyəm, gedə bilməyəcəyəm. Şadam ki, sənin ürəyindən oldu bu xəbər.

Üç gündən sonra artıq Ankarada idim. Bilkənd Universitetinin otelində yerləşmişdik. Azərbaycandan böyük nümayəndə heyəti getmişdi. Orada Kiprdən, Orta Asiya respublikalarından dostlar tapdıq. Axşamlar doyunca söhbətləşir, fikir mübadiləsi edirdik. Son ziyafətdə bizim heyəti müşayiət edən Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdiri mənə dedi: “Biletləriniz artıq sifariş verilib, gəldiyiniz kimi də uçacaqsınız, İstanbul-Bakı reysi ilə”.

O, “İstanbul” deyəndə Babək Hüseynoğlu ilə söhbətimiz yadıma düşdü: “Təəssüf ki, İstanbulda dayanmayacaqsan, yoxsa Xəlil Rzaya baş çəkərdin. Orada Cərrah Paşa xəstəxanasında müalicə olunur”.

Mən xarici işlər nazirliyinin şöbə müdirinə dedim:

– Əfəndim, bəlkə mənə şərait yaradasınız, günü sabah İstanbula uçum. Bizim ünlü şairimiz Xəlil Rza Cərrah Paşa xəstəxanasında müalicə olunur, ona baş çəkərdim.

– Əfəndim, heç bir problem yoxdur, – dedi. – İstəsələr o biri əfəndilər də sizinlə gedə bilər. “Hilton” mehmanxanasında yer də sifariş verərəm. Sizin üçün minik də ayırarlar. İstanbuldan yaxşı hədiyyələr də alarsınız.

Nazirliyin şöbə müdirinə bir ağızdan təşəkkürümüzü bildirdik.

İstanbulda mehmanxanaya çatanda mən dedim:

– Maşın mənim ixtiyarımda olacaq, Xəlil Rzaya dəyməliyəm. Vəziyyəti imkan versə, çıxarıb gəzdirəcəyəm də.

Hamı  razılaşdı.

Düzü, xəstəxana ilk addımdan ürəyimi vurdu. Səs-küy, uzaq vilayətlərdən xəstələrə baş çəkənlər, qoca kişilər, qarılar... Bura bizim “Kəndçi xəstəxanası”nın yanında bir az da aşağıda dururdu.

İkinci mərtəbədəki sonuncu palatanın qabağına çatdım. Yavaşca qapını döydüm.

– Buyurun, buyurun, əfəndim!

Bu, Xəlil Rzanın səsi idi.

Sevindim. Qapıya yaxın çarpayıda uzanmış Xəlil qışqırdı:

– Firəngiz, ay Firəngiz gör bir kim gəlib?

İkisi də dik atıldı.

– Neçə vaxtdır buradasınız? – soruşdum.

– Az qala iki aya yaxındır, – Firəngiz xanım könülsüz dedi.

– Necə gəlib düşmüsünüz bura?

– Elçibəy düzəldib.

– Müalicənin bir xeyri olubmu? Bir irəliləyiş hiss olunurmu?

– O qədər də yox...– Xəlilin gözləri yol çəkdi.

– Açığı dəhlizdəki səs-küy, natəmizlik məni açmadı, – dedim. – Bura xəstəxanadan çox karvansaraya oxşayır.

– Neyləyək, böyük ümidlə gəlmişik. – Firəngiz xanım gileyləndi.

Mən əl çantamdan bir şüşə “Göygöl” konyakı çıxarıb stolun üstünə qoyanda Xəlil Rza:

– Nahidcan, çox sağ ol, Vətənin ətrini gətirmisən, – dedi, – ancaq dilimə də vura bilmərəm, yasaqdır mənə. Burada mənim iki yerlim – salyanlı balası oxuyur. Kasıb uşaqlardır. Onlara pay verəcəyəm.

Pəncərəyə yaxınlaşdım. Dalğalar az qala divarlara dəyirdi.

– Xəstəxananın yeri çox gözəldir.

–Hərdən suların səsini dinləyə-dinləyə yuxuya gedirik.

– Xəlil müəllim, çantamda diktafon var, – dedim. – Vətənə, oxuculara sözün varsa, de, aparıb verərəm radioya. Səsini eşidən şad olar.

– Söz də deyərəm, istəsən şeir də oxuyaram. Sən diktafonu sahmana sal.

Mən düyməni basdım.

– Əziz dostlar,– deyə sözə başladı. – Mən sizi buradan, Nazim Hikmətin İstanbulundan salamlayıram. Sizin üçün qəribsəmişəm, hamınızı bağrıma basıram. Allah qoysa, tezliklə görüşəcəyik.

Xəlil Rza bir az yorğun-əzgin danışırdı. Sözünü təzə yazdığı iki şeirlə bitirdi. Nöqtəni qoyanda üzümə baxdı:

– İmkan olsa, efirə gedəndən sonra “Qızıl fond”a keçirsinlər. Böyük Səməd Vurğun demişkən, “deyilən söz yadigardır”. Nə bilmək olar, həyat daimidir, ömür əmanət...

– Firəngiz xanım, – dedim, – heç Xəlil müəllimlə gəzməyə çıxmısınız?

– Haradan, gəzmək nədir? Bütün günü çarpayıda gümüldənirik.

– Maşın var, bəlkə bir az İstanbulu gəzək, dolanaq, könlünüz açılsın.

– Çox sağ ol, aparıb Xəlili bir az gəzdirsən yaxşı olar, – dedi Firəngiz xanım. – Mən də siz gələnə kimi bazarlıq eləyərəm. Gedəndə apar, qoy gəlin də, nəvələr də sevinsin.

– Onda vaxt itirməyək, – deyə qapıya yönəldim.

Maşın bizi gözləyirdi. Bir az aralanmışdıq ki, sürücü soruşdu:

– Əfəndilər, hara gedəcəyik?

Mən Xəlil Rzaya sarı döndüm:

– Bəlkə istiqlal şairini İstiqlal küçəsinə aparaq? Bizim baş konsulluq da o tərəflərdədir. İstəsən, dostumuz Abbas Abdullaya da baş çəkərik.

– Yox, bu görkəmdə səfirliyə gedə bilmərəm. İstiqlal küçəsi isə ürəyimdən xəbər verir.

Küçənin başında maşından düşüb piyada getdik ki, Xəlil Rzanın ayaqları bir az açılsın. O, tez-tez təngnəfəs olurdu. Bir kitab mağazasının qabağında ayaq saxladı. Vitrindəki kitabların üzünü oxuya-oxuya dedi:

– Xəstəxanadan çıxanda yolumu buradan salacağam.

– Allah qoysa, Xəlil müəllim, – deyə əlimi onun çiyninə qoydum. – Gün o gün olsun ki, bura sənin kitabların da gəlib çıxsın.

– Bəy, Allah ağzından eşitsin. Özun bilirsən ki, mənim təxəllüsüm Ulutürkdür. Buradakı qardaşlarım, bacılarım da məni öz şairləri sayırlar...

İki saata yaxın gəzdik. Qayıdanda Xəlilin rəngi xeyli durulmuşdu. Bu, Firəngiz xanımın da gözündən qaçmadı.

  

lll

Elşad Quliyev “Bilik” cəmiyyətinin sədri, mən isə həm sədr müavini, həm də “Dalğa” qəzetinin baş redaktoru idim.

Bir gün iş yerimizin yaxınlığında Xəlil Rzanı Firəngiz xanımla qol-qola gördüm. Xəlil Rza çox ustuf-ustuf yeriyirdi. Yaxınlaşıb görüşdüm.

– Maşallah, qoşa bülbüllər gəzməyə çıxıb, – deyə məzələndim. – Yolunuz, yolağanız haradır belə?

– “Bilik” cəmiyyətinə, siz tərəfə getmək istəyirik.

– Xeyir ola belə? Yoxsa şair Cəmiyyətin zalında şeir oxumaq istəyir?

–  Yox, şeir oxumaq halında deyiləm. – Xəlil Rza dilləndi, – Sizdən putyovkalarımın pulunu almağa gəlmişəm. Neçə illərdi yığılıb qalıb. Qeysər Xəlilov vermirdi. Min cür bəhanə ilə ağzımı başqa səmtə salırdı. Əslində isə səbəb başqa idi. Mən hər yerdə Mütəllibovu tənqid edirdim. O da Qeysər Xəlilovun dostu idi. Mənə isə heç cür gücü çatmırdı... Əlindən o gəlirdi ki,  mənim zəhmətlə qazandığım halal pulumu verməsin. İndi gedib. Eşitdim ki, indi cəmiyyətin sədri  Elşad müəllimdir. Düzdür, aramızda bir balaca soyuqluq var.

–  Nə soyuqluq?

–  Yadında deyil, hərdən televiziyanın qabağında mitinq keçirəndə qışqırırdım: “Elşad Qulusoy niyə bizə cavab vermir?”. Bilirdim ki, mənim ona “Qulusoy” deməyim xoşuna gəlmir.

–  O bunu çoxdan unudub, – dedim. – Neçə dəfə səni soruşub.

İkinci mərtəbəyə, Elşad müəllimin kabinetinə qalxdıq.  Qapının ağzında Xəlil Rzanı qucaqladı:

–  Şair, həmişə evində-eşiyində! Səni Firəngiz xanımın yanında görmək xoşdur.

Xəlil Rza ona neçə illərdir ki, buradan qonorar almamağını sıxıla-sıxıla dedi.

Elşad müəllim mühasibata tapşırdı ki, Xəlil Rzanın nə qədər alacağı varsa, hamısını qəpiyinəcən hesablasınlar.

Xəlil Rza:

– Elşad müəllim, sizə də əziyyət verdim, – dedi. – Lefortovo zindanı  mənim bütün sağlamlığımı əlimdən alıb. Dava-dərmana çox pulum gedir. Xeyli vaxtdır heç kitabım da çıxmır. Sağ olun, cibiniz dolu olsun.

Xəlil Rza ilə Firəngiz xanım gedəndə ikisi də çox razılığını bildirdi.

 

lll

Tanınmış iş adamı Mahmud Məmmədov həm “Günay” qəzetini təsis etmiş, həm də BM-Tİ televiziya kanalı yaratmışdı. “Günay” qəzetinin baş redaktoru Xəlil Rza, televiziya kanalının baş direktoru Elşad Quliyev idi.

“Vətənpərvərlik mövzusunda ən yaxşı şeirlər və mahnılar” müsabiqəsi keçirilirdi. Münsiflər heyətinin  sədri bəstəkar Tofiq Quliyev idi. Xəlil Rza da, mən də heyətin üzvləri idik. Biz şeirlərə və mahnı mətnlərinə baxmalıydıq.

Elşad Quliyevin təkidi ilə mən də lap sonda müsabiqəyə qoşuldum və bəstəkar Eldar Mansurovun “Qalx, qalx, ulu torpaq!” mahnısının sözlərini yazmalı oldum. Müsabiqə gizli keçirilirdi.

Mənim sözlərimə baxmaq növbəsi gələndə otaqdan çıxdım. Qayıdanda gördüm ki, mətnin böyründə iri hərflərlə yazılıb: “Əla!” Səsimi çıxarmadım. Mahnı  mükafat alandan sonra Xəlil Rza məni təbrik elədi:

– Qardaş, mahnının sözləri də, musiqisi də gözəldir. Mahnıya da, müəlliflərə də halaldır bu mükafat!

Xalq artisti Mübariz Tağıyevin müsabiqə üçün qaralama yazdırdığı mahnı efirdə, ekranda səsləndi, sevildi... Müğənni onu orkestrlə, xorla təzədən yazdırmaq fikrindən daşındı: “Mən bu mahnını bir də  belə  oxuya bilmərəm. Qoy beləcə də qalsın, yaşasın!”

Musiqiyə göndərilən şeirlər nə Xəlil Rzanın, nə də mənim ürəyimi tərpədirdi.

Dedim:

– Ay Xəlil müəllim, niyə  sən də iştirak etmirsən?

– Açığı, bu mövzuda təzə şeirim yoxdur. Düzü, Mahmud müəllim də demişdi...

– Bəs onda mükafatı kimə verəcəyik?

– Sən fikirləş, mən də fikirləşim.

– Şair, biz niyə uzağa gedirik? – dedim. – Bu mükafat ana südü kimi Məmməd Arazındır.

Alnını qırışdırdı:

– Bəy, axı Məmməd müsabiqəyə şeir verməyib.

– Nə olsun ki, verməyib,  – dedim. – Xəstə adamdır, müsabiqəmi yadına düşür. Sən özün de, bu mövzuda Məmməd Arazdan yaxşı kimin şeirləri var? Onun “Dur ayağa, Azərbaycan!” silsiləsi ən yüksək mükafata layiqdir.

Xəlil Rza məni qucaqladı:

– Düz deyirsən, qardaş! Bu mükafatı sən də, mən də Məmməd Araza verdik, verməliyik də! Məmmədə halaldır, çox halaldır.

  

lll

Hər dəfə mənim otağıma gələndə ədəbiyyatdan, sənətdən ehtirasla danışırdı. Yenə söhbətimiz qızışdı. Daha çox Xəlil Rza danışır, mən isə dinləyirdim. Söhbət Səməd Vurğundan, Rəsul Rzadan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən düşdü. Xəlil Rza gözlərini qıyıb dedi:

– Səni bilmirəm, mənim aləmimdə Səməd Vurğun – dahi, Rəsul Rza – novator, Bəxtiyar Vahabzadə – filosof, Hüseyn Arif isə təbii el sənətkarıdır. Bilmirəm, mənim dediklərimlə razısan, ya yox?...

– Razıyam, razıyam, Xəlil müəllim!

– Xəlil bəy də deyə bilərsən.

– Məncə, “müəllim” sözü bəydən də ucadır.

– Yaxşı, sənin üçün olum “Xəlil müəllim”...

– Xəlil müəllim, özündən qabaqkı şairlərin hərəsinə bir epitet verdin: dahi, novator, filosof, təbii el sənətkarı. Bəs sənin adının qabağında nə yazaq?

– Mənim misralarım yadına düşür?

Azadlığı istəmirəm

zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri gərək qıram.

Qardaş, mənim yolum istiqlal yoludur. Gələcəkdə mənə “istiqlal şairi” deyərlər deməzlər, bilmirəm.

Onun elə bil ürəyinə dammışdı. Adı çəkiləndə  ona istiqlal şairi Xəlil Rza Ulutürk deyəcəklər. Və “İstiqlal” ordenli qələm dostları Bəxtiyar Vahabzadə və Məmməd Arazla Fəxri xiyabanda Vətən torpağına qovuşacaq. Ölümündən sonra o da “İstiqlal” ordeni ilə təltif olunacaq.

 





18.01.2013    çap et  çap et