525.Az

Millət vəkilindən “Freedom House”-a kəskin etiraz


 

Millət vəkilindən “Freedom House”-a kəskin etiraz<b style="color:red"></b>

“Freedom House” Azərbaycana qarşı növbəti dəfə məkrli niyyətini və əsl mahiyyətini ortaya qoydu. Bu təşkilat Azərbaycanı “azad olmayan ölkə”, işğal altındakı Dağlıq Qarabağ ərazisini isə “qismən azad zona” adlandırmaqla, etnik separatizmə, etnik separatizmdən qaynaqlanan və rişə alan terrorizmə açıq-aşkar rəvac, dəstək vermiş olduğunu çılpaqlığı ilə bir daha nümayiş etdirmiş oldu”.

525.az-ın məlumatına görə, bunu  mətbuata açıqlamasında millət vəkili Jalə Əliyeva dilə gətirib.

Millət vəkilinin qeyd etdiyinə görə, insan hüquqlarının müdafiəsi adı, çətiri altında gizlənən bu təşkilat, əslində öz məkrli fəaliyyəti ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə böyük zərbə vurur:

“Əgər belə olmasaydı, Azərbaycanın işğal altındakı ərazisini, oyuncaq “DQR”-i “qismən azad zona” elan etməzdi. Elə bilirəm ki, üzdə insan hüquqlarının müdafiəsi, alt qatda isə insan hüquqlarının alveri ilə məşğul olan bir təşkilat üçün bundan böyük biabırçılıq ola bilməz”.
J.Əliyeva eyni zamanda deyib ki, nəinki sözügedən təşkilat,  eləcə də, bir sıra digər beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqeləri ilə  seçilirlər:

“Sadəcə, bir daha təkrar edirəm ki, həmin təşkilatların ön sırasında isə “Freedom House” gəlir. Bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox və geniş yer ayırır. Ancaq biz çox yaxşı bilirik ki, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin, beynəlxalq qeyri- hökumət təşkilatlarının arxasında ermənilər və onları himayə edən qüvvələr dayanırlar. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salsınlar, onun nüfuzuna, imicinə kölgə salsınlar. Həmin dairələr bir an olsun belə, anti-Azərbaycan fəaliyyətlərinin dayandırmırlar. “Freedom House” təşkilatının hesabatları ilə də tanış olduqca, adamın gözündə eyni mənzərə canlanır. Yəni, yenə eyni, tanış, köhnə və məlum ssenari. Ancaq onu da birmənalı şəkildə qeyd etməliyəm ki, bu cür hesabatlarla onlar Azərbaycana, Azərbaycana dövlətinə heç nə edə bilməyəcəklər və bilməzlər. Onlar bu hesabatları ilə sadəcə, özlərinə ziyan edirlər, olan-qalan nüfuzlarını

da, əgər varsa, itirirlər. Artıq heç kim həmin qəbildən olan qurumların hesabatlarını ciddiyə almır, onları etibarlı və güvənli bir mənbə hesab etmirlər. Odur ki, bir daha təkrar edirəm, bu cür əsassız, qərəzli hesabatlar yaymaqla “Freedom House” və onun tipli beynəlxalq qeyri-hökumət təşkilatları heç nə edə bilməyəcək, öz məkrli niyyətlərini reallaşdırammayacaqlar”.

O, sözlərinə həmçinin əlavə edib ki, heç kim, heç bir qüvvə Azərbaycanı öz tutduğu inkişaf, çiçəklənmə və demokratiya yolundan döndərə bilməz və bilməyəcək: “İnkişaf,  çiçəklənmə, demokratiya Azərbaycan xalqının, Azərbaycan dövlətinin öz seçimidir, öz seçdiyi yoldur, bunu bizə heç kim məcbur etməyib. Bu yolu biz özümüz şüurlu olaraq seçmişik və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə də bu yolda inamla gələcəyə doğru irəliləyirik. Ona görə heç bir qüvvə bizi bu yoldan sapındıra, yayındıra, geri döndərə bilməz və bu yöndəki cəhdlər də heç bir səmərə verməyəcək”.
 

K. Həmzəoğlu

 





18.01.2013    çap et  çap et