525.Az

Təslim olmayan tut ağacı


 

Təslim olmayan tut ağacı<b style="color:red"></b>

Vahid MƏHƏRRƏMOV 

Son günlər havalar yaman isti keçirdi. Elə bil asfaltdan yuxarı od qalxırdı. Sükan arxasında oturduğun yerdəcə adamı tər basırdı. Sanki yolun altında ocaq qalamışdılar. Bu istidə işdən çıxıb evə tələsirdim. Həmin gün işim çox olduğumdan, bir az yorğun idim. Çalışırdım ki, evə bir az tez çatıb əyin-başımı dəyişim, bir az dincimi alım. Küçələrdə də maşın əlindən tərpənmək olmurdu. İşıqforun qırmızı işığında dayanıb yaşıl “gözün” yanmağını gözləyirdim. Bu vaxt cib telefonuma zəng gəldi. Ekrana baxdım, zəng vuran yaxın qohumum Kamran idi. Salam-kalamdan və bir az ordan-burdan danışandan sonra dedi ki, bəs xəbərin varmı, internetə girib kəndə baxmaq olur. Eləcə, rayonun adını yazıb, axtarış verirsən, bir azdan hər şey ekrana çıxır. Diqqətlə baxanda orada evləri, yolları, hətta cığırları belə görmək mümkündür. Mən girib baxdım, köpəy uşağı ermənilər kəndin bütün evlərini söküb aparıb yandırıblar, hər yeri dağıdıblar. Kamrana dedim ki, məlumata görə çox sağ ol, amma indi yoldayam, sükan arxasındayam evə çatan kimi internetə girib baxaram, sonra zəngləşərik.

Həyətə girən kimi adəti üzrə həmişə məni qarşılayan oğlum Araza dedim ki, ay bala, tez elə o kompyuteri aç internetə gir, kənddəki evimizə baxaq. Yazıq uşaq da heç vaxt biz tərəfləri görməmişdi. Həmişə kəndimizlə bağlı bizə müxtəlif suallar verirdi. Soruşurdu ki, ata, sizin kənddə çay var idimi, bulaq var idimi, dağ-daş var idimi..? Hər şeyi soruşur, çox böyük həvəslə maraqlanırdı. Bu xəbəri eşidəndə heç olmasa kəndimizi internetdə görəcəyinə o da sevindi. Neçə vaxtdan bəri doğma yerlərə həsrət qalmış qonşularımızı da çağırdıq ki, gəlsinlər kəndə birlikdə baxaq. Az vaxtda hamımız kompyuterin qarşısına yığışdıq. Elə bil hansısa maraqlı bir filmə baxacaqdıq. İnternetə girib “Zəngilan” sözünü yazandan sonra yavaş-yavaş dağları, dərələri gördük. Çox yuxarıdan görsəndiyindən evləri, yolları güclə görmək və seçmək olurdu. Evlər kiçik bir nöqtə kimi, çaylar isə qələmin ağ vərəq üzərində cızdığı nazik xətt boyda görsənirdi. Nəhayət, xeyli axtarışdan sonra doğma Babaylı kəndini “tapa” bildik.

O dərələri, o torpaqları görən kimi özümdən asılı olmadan gözlərim yaşardı. Uşaqlığım keçən o yerlərə neçə il idi ki, həsrət qalmışdıq. Yaşanmış, arxada qalmış, indi əl çatmaz olan o illərdə – qamış “atlara” minib çapanda, bağ-bağatda oynayanda həmişə səs eşidən kimi göydə uçan təyyarələri axtarırdıq. Kim səmanın dərinliyində onu birinci görürdüsə qışqırıb uca səslə “o samalyot mənimdir” – deyirdi. Daha heç kim onun “malına” şərik çıxa bilməzdi. Yoxsa dava düşər, qan su yerinə axardı. Təyyarə səmanın dərinliyində bir nöqtəyə qədər kiçilib gözdən itənə qədər onu izləyir, sonra əl edib “sağollaşırdıq”. Həmin illərdə təyyarələrə heç cürə əlimiz çatmırdı. Heç bilmirdik ki, onlar haradan havaya qalxıb hara uçurlar. Eləcə, uzaqdan-uzağa onu “özəlləşdirirdik”. Həmişə ürəyimizdən o hündürlüyə qalxmaq, oradan kəndimizə tamaşa etmək keçirdi. Amma o vaxtlar bu mümkün olan iş deyildi. Bu, sadəcə olaraq biz uşaqların fantastik xəyalı, ürəyindən keçən əlçatmaz arzu və istəkləri idi. İnternetdə kəndimizə baxanda otuz beş, qırx il bundan əvvəlki günləri və arzuları xatırladım. Xeyli kövrəlib pis oldum. O, böyüklükdə olan kəndimiz indi internetdə bir ovuc kimi idi, çox balaca görsənirdi. Bu anlarda uşaqlıq arzularımdan biri – təyyarədən, buludların yanından kəndimizə baxmaq istəyim yadıma düşdü. Demək olar ki, neçə illər əvvəl ürəyimdən keçən bu arzuya çatmışdım. İndi internet vasitəsilə kəndimizə göydən, özü də lap yuxarıdan, yüksək bir zirvədən baxırdım. Bəlkə də elə bu yüksəklik haradasa yerdən biz gördüyümüz təyyarə məsafəsi qədər olardı. Amma mən göydə deyildim, yerdəydim, özü də ev-eşiyimizdən xeyli uzaqlarda. Ürəyimdə özümü xeyli danladım ledim, kaş balaca olanda heç bu fikirdə olmayaydım. Bəlkə heç bunu arzulamasaydım, başımıza bu faciə də gəlməzdi...

Bu tükürpədici kadrları bir az böyüdəndə qarşımızda açılan dəhşətli mənzərə lap aydın görsənirdi. Həkəri çayının sahillərindən baxa-baxa yavaş-yavaş kəndimizə tərəf “gəldik”. Ermənilər bir vaxtlar kənd camaatının pambıq, tütün becərdiyi tarlalarda indi nə isə əkmişdilər. “Ağalı yeri” adlanan sahədə topa-topa yaşıllıqlar gözə dəyirdi. Təbiidir ki, düşmən burada nə pambıq, nə də tütün əkmişdi. Yəqin ki, ermənilər bizim gül kimi torpaqlarımızı murdarlayıb burada narkotik bitkilər becərirdilər. Başqa nə əkəsiydilər ki? Kənddəki evlərin divarları güclə görsənirdi. Yavaş-yavaş öz evimizə tərəf “boylandıq”. Bizim də ev yerlə-yeksan edilmiş, dağıdılmışdı. Heç vaxt ağlıma gəlməzdi ki, neçə illər sonra evimizin uçurulub-dağılmış mənzərəsini də görərəm. Amma ağlıma gəlməyənlər günlərin, illərin birində başıma gəldi. Özü də çox pis gəldi. Oğlum Araza evimizi bu vəziyyətdə göstərdim. Nə etmək olar, o, kəndimizin gözəl, axarlı-baxarlı günlərini görə bilmədi. Onun da qismətinə bu faciəli səhnələri görmək düşdü. Belə həyəcanlı anlarda çox da böyük olmayan həyətimizdə yaşıla çalan kiçik bir nöqtə diqqətimi cəlb etdi. Hər nə idisə dəqiq görsənmirdi. Axı, bu nə ola bilərdi? Bir az çalışıb həmin nöqtəni böyüdə bildik. Yaxından baxan kimi yadıma düşdü ki, bu, mənim hələ orta məktəbdə oxuyarkən öz əllərimlə həyətimizdə əkdiyim tut ağacıdır. Ağacın yaman dadlı – bal kimi tutu olurdu. Məhsulu da ki, maşallah, həmişə bol gətirirdi. Böyüdükcə də həyətə kölgəni lap geniş salırdı. Qoyun-quzu da günorta isti düşəndə tutun altına yığışırdı. Onun qol-budağı artıqca ev-eşiyə, qapı-bacaya yaraşıq verirdi. Yazıq anam həmişə ağacın kölgəsində sac asar, çörək salardı. Sacın tüstüsü burum-burum göyə qalxar, ocaq çartaçart yanardı. Həmin gün bilirdik ki, anam axşama mütləq yağlı qalın olacaq. Tut ağacını görəndə çox sevindim. Bütün olub-keçənlər, arxada qalmış günlər kino lenti kimi gözlərim önündə canlandı. Sanki bir anlıq kəndimizə gedib-gəldim. Deməli, mənim boyunu sevə-sevə əkdiyim tut ağacı təslim olmamışdı, hələ qurumamışdı. İyirmi ildir qar-yağış suyu içərək susuzluğa dözür, qayıdışımızı, yolumuzu gözləyirdi. Elə bil əkdiyim bu tut ağacı evimizin hələ də üst-üstə tökülüb qalmış xırda-xırda daşlarına, həyətin bərəkətli torpağına keşik çəkirdi. Onları ermənilərdən qoruyurdu. Kaş biz qayıdfna kimi tut ağacı saralıb qurumayaydı. Gərək biz də qaçqınlıq həyatına alışıb çox ləngiməyək, tezliklə doğma yerlərə qayıdaq.

Hərdən fikirləşirəm ki, insan üçün həyatda öz ev-eşiyindən  doğma, əziz və qiymətli olan başqa bir yer varmı? Yəqin ki, hər kəs bu sualın cavabında astaca “yox” deyər. Mənim üçün də o kiçik həyətimiz, evimiz dünyada hər şeydən əziz və doğmadır. Onu heç nə ilə əvəz etmək, onu heç nəyə dəyişmək mümkün deyil. Bu həyətin hər tərəfində əl-ayaq izlərim qalıb. Axı, mən o, həyətdə doğulmuşam, o həyətdə böyümüşəm. Bura mənim üçün yer üzünün ən gözəl, ən dilbər bir guşəsidir. Bu həyətdə biz atamızı itirmişdik. Bütün sevincli günlərim, uşaqlığım da burada keçib. Hərbi xidmətə bu həyətdən getmiş, iki ildən sonra geri dönmüşdüm. Dünyaya göz açdığım bu həyətdə bir vaxtlar qardaşlarımın, mənim toylarımız olmuşdu. Bu evə gəlin gətirmişdik, xoşbəxtliymizi burada tapmışdıq. İndi gözəl ev-eşiyimizin bu cür xarabalığa qaldığını, viranə olduğunu görəndə hansı hisslər keçirdiyimi, yəqin, çəkənlər yaxşı bilər.

Kəndi cəhənnəmə döndərən erməni qəsbkarları qəbiristanlığa da əl “gəzdirmiş”, buraları dağıtmış, ölüləri də rahat buraxmamışdılar. Quldurların ayaqları haralara dəymişdisə, həmin yerlər viran qalmışdı. Bağ-bostanların içindən bir-birinə yaxın torpaq yollar salmışdılar. Yolun biri də bizim bağın ortasından keçirdi. Bunu görəndə bir anlıq hiss etdim ki, kompyuterin ekranında gördüyüm o yol bağımızın yox, elə ürəyimin ortasından keçib gedir. Burada olan əvvəlki yaşıllıqlar qırılmış, məhv edilmiş, yandırılmışdı. Sıx əkilmiş və başı buludları dəyən söyüd ağaclarından, tut bağlarından və kolluqlardan bir əsər-əlamət, iz qalmamışdı. Yalnız uşaqlığımız keçən quzu otardığımız, futbol oynadığımız dərə-təpələr dəyişilməmişdi. Quru dərə, Gen dərə, Kiranlıq dərəsi, Qaratikan dərəsi onların yanındakı kiçik təpələr olduğu kimi qalmışdı. Ermənilər onların üstündən heç nə qopara bilməmişdilər. Amma hiss olunurdu ki, dərə-təpələr doğma sakinləri üçün qəribsəyib darıxıblar. Çünki üzləri gülmür, sifətləri açılmırdı.

Öz evimizə diqqətlə baxdıqdan sonra qonşuların, qohumların da həyət-bacalarına göz gəzdirdik. Hər yerdə eyni mənzərə idi; dağıdılmış, uçurulmuş, yerlə-yeksan edilmiş, yandırılmış evlər. Kəndimiz müharibə meydanını xatırladırdı. Əslində isə burada ağır döyüş getməmişdi. Bir top, bir güllə də atılmamışdı. Eləcə camaatı panikaya salıb kənddən çıxarmışdılar. Ermənilər kənddəki evlərin daşını, dam örtüyünü, bir sözlə yararlı nə tikinti materialları var idisə, hamısını söküb aparmışdılar. Apara bilmədiklərini də dağıdıb yandırmışdılar. Yalnız ətrafa dağılmış kiçik çalpanaqlardan bilinirdi ki, burada nə vaxtsa ev olub. Başqası baxsaydı, bəlkə də heç bunu görməzdi. Sadəcə olaraq biz camaatın evlərinin yerini bildiyimizə görə axtarırdıq ki, görək həyət-bacalar nə vəziyyətdədir. Hara, hansı tərəfə baxdıqsa ürəkaçan bir şey görmədik. Hər yerdə erməni vəhşiliyinin, erməni barbarlığının, erməni qəddarlığının, erməni zülmünün, erməni faşistliyinin qanlı izləri var idi. Dilsiz, ağılsız daşlar da, divarlar da onların əlindən qan ağlayırdı. Sanki uzaqdan da olsa, qulaqlarımıza onların qəmli iniltisi gəlirdi.

Qonşu Məmmədbəyi kəndinin hər tərəfi qara rəngə boyanmışdı. Elə bil insanlığını itirmiş ermənilər burada torpağı da, daşı da, dərələri də yandırmışdılar. Hər şeyi uçurub dağıtmışdılar. Daşı-daş üstə qoymamışdılar. Körpülər uçurulmuş, yollar, cığırlar bağlanmışdı. Doğma yerlərə qayıtdıqdan sonra təzədən burada yaşayış şəraiti düzəltmək üçün camaata aylarla, illərlə vaxt lazım olacaqdı. Nə qədər çətin olsa da, torpağından, el-obasından didərgin düşmüş biz insanlar geriyə qayıtmaq arzusu ilə yaşayırıq. O günü intizarla gözləyirik. Biz tərəfin adamları belə ağır və çətin işlərdən qorxan deyillər. Təki Vətənə qayıtsınlar, yenidən dədə-baba torpaqlarına ayaq bassınlar. Gördüyümüz bu ağrı-acılı, dəhşətli mənzərələr ona baxan hər kəsin erməni işğalçılarına nifrət və kinini artırırdı. O dilsiz ağızsız daşlar, divarlar, vəhşicəsinə yerlə-yeksan olunmuş evlər, əzizlərimizin dağıdılmış və təhqir edilmiş məzarları haray salır, nalə qoparırdı. Hər birimizi düşməndən qisas almağa çağırırdı. Bunu daş və divarların “intiqam” fəryadı da adlandırmaq olardı.

 





18.01.2013    çap et  çap et