525.Az

Unutsaq unudularıq və ya bir ailənin tarixçəsi


 

Unutsaq unudularıq <b style="color:red">və ya bir ailənin tarixçəsi</b>

Rza Məmmədzadə
ADMİU-nun 2-ci kurs tələbəsi

Azərbaycan kino tarixində özünəməxsus yer tutan “Əhməd haradadır” filmi  ekranlara çıxdığı 1963 – cü ildən kinosevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.Əlbəttə ki, belə məşhur filmin yaradıcı heyətini (ssenari müəllifi Sabit Rəhman, rejissor Adil İsgəndərov)və əsas rolların ifaçılarını hamımız sevərək xatırlayırıq. Filmdə yaddaqalan personajlardan biri də yataqxananın komendantı obrazıdır ki, o da ən çox öz mahnısı ilə məşhurdur.Ölməz bəstəkarımız Rauf Hacıyevin musiqisi filmə xüsusi təravət verib və komendantın mahnısı öz professional ifası və təravətli səsi ilə tamaşaçılar tərəfindən sevilib. Bəs kimdir bu mahnının ifaçısı? Hələ uşaq yaşlarından bu sual məni maraqlandırır,lakin heç bir yazılı mənbələrdən bu ifaçı haqqında məlumat ala bilmirdim.Müəyyən araşdırmalardan sonra, nəhayət mahnı ifaçısının şəxsiyyətini müəyyən edə bildim.Onun ailə üzvlərinin xatirələrindən məlum oldu ki, bu, istedadlı musiqiçi,vokal sənətini respublikamızda geniş təbliğ edən müəllimlərdən olan Bağırov Ramiz Məmməd Tağı oğlu olub.

R.M.Bağırov məşhur opera müğənnisi,Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929 – cu ildə dünyaya göz açıb.R.M.Bağırov A.Zeynallı adına Musiqi Texnikumunda,sonra isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb.R.M.Bağırov əmək fəaliyyətinə 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında başlayıb.O, 1957-ci ildən Azərbaycan  Dövlət  Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib,1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim,sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. R.M.Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi”adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub.Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edib ki, o da bu rolun öhdəsindən bacarıqla gəlib. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmasına, həm də bu rolu özü səsləndirməsinə baxmayaraq, nədənsə titrlərdə R.M.Bağırovun adı yoxdur.

Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.

Qeyd edək ki,”Ulduz” filmində R.M.Bağırovun qardaşı Pərviz Bağırov da bir neçə mahnı səsləndirib.

O da vaxtı ilə “Azərbaycan” estrada orkestrinin solisti kimi uzun illər ölkəmizdən kənarlarda respublikamızın musiqi sənətini təbliğ edib, sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti işləyib. Bir çox rolların ifaçısı kimi tamaşaçılarda özünəməxsus rəğbət hissi oyadıb və məlahətli səsi ilə sevilib.Teatrın səhnələşdirdiyi Emin Sabitoğlunun “Hicran” komediyasının premyerasında əsərin əsas qəhrəmanlarından olan Orxan  rolunun ilk ifaçısı da məhz Pərviz Bağırov olub. Gözəl ifasına görə müəllif tərəfindən ona qiymətli hədiyyə də  bağışlanıb.

Ramiz və Pərviz Bağırov qardaşlarının yaradıcılıqlarından bəhs edərkən onların bu dərəcəyə çatmasının əsas səbəbkarı olan ataları Məmməd Tağı Bağırovu mütləq yad etməliyik.

M.Bağırov Respublikanın ilk opera müğənnilərindən olub. O, Azərbaycan muğamlarının gözəl bilicisi, öz dövrünün ədəbiyyat, incəsənət və bir çox başqa elm sahələrinə dərindən bələd olan bir ziyalısı idi.

M.Bağırov 1890-cı ildə Bakı şəhərində, fəhlə ailəsində anadan olub.S.Ruhullanın təkidi ilə H.Ərəblinski reatr truppasına daxil olub, H.Sarabski,Ə.Ağdamski,H.Terequlov,H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib.

Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb, Ü.Hacıbəyovun “Əsli və Kərəm”ində Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin,habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda M.Bağırovun zəhməti az olmayıb. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə,onun yaddaqalan obrazları hədsiz dərəcədə çox olub.Bunlara misal olaraq “Şah İsmayıl”da Aslan şahı, “Koroğlu”da Həsən xanı, “Aşıq Qərib”də Şahvələdi misal çəkmək olar. Ömrünün son illərində isə sənətkar “Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı.Hüseyn Seyidzadənin “O olmasın,bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını M.Bağırov səsləndirib. Filmotekanın “Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir,ancaq adı çəkilmir.

Bəli, bir ailəni təmsil edən bu sənətkarlar Azərbaycan kino sənətində iz qoysalar da, təəssüf ki, adları yada salınmır.Yəqin ki,belə sənətkarlarımız az deyil. Odur ki, bizlər gərək onları xalqımıza, gənc nəslə tanıdaq. Çünki onlar öz həyatlarını Azərbaycan sənətinə və deməli, Azərbaycan xalqına həsr ediblər.

 





18.01.2013    çap et  çap et