525.Az

Qoca və roman


 

Qoca və roman<b style="color:red"></b>

I

İlin ən təəccüblü ədəbi hadisəsi Milan Kunderanın yeni roman yazması olduğunu desəm, yəqin, yanılmaram. Bir Milan Kundera oxucusu kimi bu xəbər məni də heyrətləndirdi. Düzü, yaşının bu vaxtında nə onu sevənlər, nə ədəbi tənqidçilər, nə yazıçılar ondan roman yazacağını gözləmirdilər. Xəbəri eşidən hər kəsin kitab dükanına qaçdığını düşünməkdə haqlıyam, məncə. Təbii, bir çoxumuzu ilk növbədə düşündürən odur ki, görəsən, Kunderanın son romanı yazıçını bizim gözümüzdən salmayacaq ki? Bəlkə, əksinə, bu roman Qocanın şah əsəri, yaradıcılığının məntiqi sonluğu, ideyalarının son akkordudur? Bunu öyrənməyin bircə yolu var: romanı oxumaq. Qocanın yaş amilini nəzərə alsaq, “Varlığın dözülməz yüngüllüyü”, “Ölməzlik” kimi romanların üstündə bir şey olmasına hamımız ümidsiz yanaşırıq. Nə də olsa, səksən beş yaşlı yazıçıdan əvvəlki enerjidə, gücdə roman gözləmək bir az şübhəlidir. Ancaq son romanı zəif olsa belə məyus olmağa dəyməz. Çünki çox əminliklə deyə bilərik ki, Qoca hələ 30 il bundan öncə nəinki özünün, dünyanın ən yaxşılarından biri hesab olunan romanını yazıb. Yenə də nə bilmək olar, bəlkə də, bu roman Qocanın ömrü boyunca tutduğu ən nəhəng, həm də ən sonuncu balığıdır...

Milan Kunderanın son romanı 1999-cu ildə nəşr olunmuşdu. Aradan keçən uzun müddətdən sonra yazıçının yeni romanının çap olunması xəbəri ədəbiyyat aləminə bomba kimi düşdü. Və gözlənildiyi kimi də roman  Fransada, İtaliyada, İspaniyada ən çox satılanlar siyahısana başçılıq etdi.

Romanın içinə daxil olmazdan əvvəl, istəyirəm ki, bir az zahirdən başlayaq. Lap elə əvvəlcə tərcümə məsələsindən. Kundera fransızca yazsa da, roman əvvəlcə italyan dilində tirajlandı, qısa müddət ərzində isə  dünyanın önəmli dillərinin bir çoxuna tərcümə olundu, bir il sonra da fransız dilinə çevrildi. Onun bundan öncəki romanı “Bilməmək”in də orijinalı fransızca olsa da, romanı əvvəlcə başqa dillərdə nəşr etdirmiş, yalnız üç ildən sonra fransız dilində çap olunmuşdu.

 Əsərin orijinal adı “La  fete de linsignifiance”,  ingiliscə “The Festival of Insignificance”, bu fürsəti əldən verməyən “Can” yayınları romanı “Kayıtsızlık şenliği” kimi tərcümə edib, azərbaycanca isə ... Üç nöqtə qoyaq və ümid edək tezliklə bizim dilimizə də çevriləcək. Romanın adı barəsində bir sıra fikirlər var. Orijinal adındakı “linsignifiance” (anlamsızlıq); önəmsizlik, nəticəsizlik, heçlik, dəyərsizlik kimi alt mənalara sahibdir. Romanın ana motivi anlamsızlıq, laqeydlikdir. Anlamsızlıq sözü burada mənasını itirən kimi yox, dəyərini itirən kimi anlaşılmalıdır. Roman dünyanın mənasını itirməsinə yox, insanların hadisələri şərh etmək, özəlliklərini, fərdiliklərini itirməsini, ətrafında baş verənlərə laqeyd yanaşmasını vurğulayır: “Mənasızlıq, dostum, varlığın özüdür. Hər zaman və hər yerdə bizimlədir. Kimsənin görmək istəmədiyi yerdə belə o, mövcuddur: faciələrdə, qanlı müharibələrdə, ən ağır fəlakətlərdə... Nə var ki, onu qəbul etmək yetərli deyil, mənasızlığı sevmək, onu sevməyi öyrənmək lazımdır...”

Kitabın üz qabağındakı rəsmin müəllifi də Milan Kunderadır. Rəsmdən böyük sənət faktoru baxımından nəsə gözləmək doğru deyil. Qoca bilərəkdən romanın ideyasına uyğun olaraq, rəsmdə də laqeydliyi önə çəkib. Baxış bucağına görə buna yaxşı rəsm də demək olar, bir uşağın cızma-qarası da. Rəsmdə kobud və sadə cizgilərlə tək gözlü bir adam təsvir olunub. O, digər gözünü əlində saxlayıb və sanki üzündən kənara düşmüş bu göz, dünyaya o birindən fərqli baxır, ya da ən azından baxmağa cəhd edir.

Beş kişinin - D'Ardelo, Alain, La Frank, Çarlz və Kaliban - başından keçənləri nəql edən roman 108 səhifədir. Hadisələrin cərəyan etdiyi şəhər isə Milan Kunderanın uzun illərdi inzivaya çəkildiyi Parisdir. “Kayıtsızlık şenliğini” italiyalı təniqdçilər post-scriptum adlandırdılar, yəni roman yox, roman fraqmenti kimi dəyərləndirirlər. Dünyanı beş dostun gözləriylə incələyən, sevgi, cinsəllik, siyasət üzərinə şərhlər verən roman bir-birindən qopmuş fraqmentlər təsiri bağışlasa da, bu fraqmentlər həm bir-biri ilə, həm də Kunderanın öncəki romanları ilə bağlıdır. Digər məsələ isə “La  fete de linsignifiance”inromandan daha çox novella təsiri bağışlamasıdır. Adətən Kundera romanlarında nə süjet, nə də obrazlar o qədər önəmli olmur. Bu mənada ki, onun obrazları bir müddət keçəndən sonra yaddan çıxır, unudulur. Ancaq romanın ab-havası həmişə bizimlədir. Çünki Kunderanın  romanlarının mərkəzində fikir, ideya dayanır. Düşünürəm ki, o, ideyalarını oxucuya çatdırmaq üçün fəlsəfi traktatlardan yox, roman janrından istifadə edir.Müəllifin fikrincə, “roman varlığın araşdırılmasıdır və roman bu işi fəlsəfədən yüz dəfə daha yaxşı yerinə yetirir”.Yazıçının buna bənzər bir başqa fikrini də xatırlayıram.

Deyirdi ki, XVIII əsrdəki bir sıra filosofların romanları çox zəifdir. Bunun səbəbi isə odur ki, onlar yazdıqları romanlardan çox ağıllı idilər, amma gərək roman öz müəllifini həmişə qabaqlasın, ondan müdrik olsun. Əlbəttə, Kunderanın romanlarını antik dövrdəki siyasətçilərin, natiqlərin fikirlərini tez yadda qalsın deyə şeirlə yazmaları, maarifçilik dövründəki bir sıra filosofların fəlsəfi düşüncələrini, nəzəriyyələrini çatdırmaq üçün roman yazmaları ilə eyniləşdirmək olmaz. Çünki o natiqlər, siyasətçilər şeirin, filosoflar isə roman estetikasını, texnikasını tam mənimsəyə bilməmişdilər. Kunderanın roman bilgilərinin hansı səviyyədə olduğunu bilmək üçün onun romanlarından başqa, “Pərdə”, “Roman sənəti” və digər nəzəri kitablarını, məqalələrini oxumaq yetərlidir.

...Romanda romançının varlığı heç vaxt unutdurulmur. Kundera tez-tez bunun bir roman olduğunu oxucusuna xatırladır. Həmçinin romanın qəhrəmanları da bir romanın içində olduqlarından xəbərdardırlar. Onlar tez-tez “Bizi yaradan əfəndimiz” deyirlər ki, burada əfəndi Kunderadan başqası deyil. Yazıçı bəzən yeni fəsillərdə əvvəl yazdığı cümlələrini təkrarlayaraq sonra bunu yenidən niyə yazması barədə suallar verməsi (“Özümü təkrarlayıram? Bu cümlələr romanın əvvəlindəkilərlə eyni deyilmi? Bilirəm”.), əlimizdəki kitabın bir roman olmasını vurğulaması oxucuda bunun sadəcə bir yazı, bir yazıçı təxəyyülünün məhsulu olduğu hissini aşılayır. Yenə də oxucunun qərarsız qaldığı məqamlar da olur. Məsələn, romana əlavə edilən Stalinin hekayəsi ilə paralel zaman qurulur. Bu tarixi hadisədə nəyin həqiqət, nəyin təxəyyül olması sirli qalır. Belə bir tarixi fakt varmı? Varsa, eynilə yazıçının yazdığı kimi olubmu? Cavablar oxucuya görə dəyişir...

Romanda müəllif insanları iki qrupa ayırır: üzr istəyənlər və günahlandıranlar. “Bir qız dünyada bircə özü yaşıyırmış kimi sağına-soluna baxmadan sənə tərəf gəlir. Bir-birinizə toxunursunuz. Və həqiqət anı gəlib çatır. Kim o birisinə söyəcək, kim üzr istəyəcək? Əslində, hər ikisi həm toxunan, həm də toxunulan tərəfdi. Amma yenə də özlərini o dəqiqə özlüyündə toxunan, yəni günahkar olaraq qəbul edənlər var. Və bir də özlərini o anda toxunulan tərəf kimi qəbul edər, yəni digərini günahlandırmağı və cəzalandırmağı təbii haqqı olaraq görərlər. Bu vəziyyətdə sən üzr istəyərdin, yoxsa günahlandırardın?”

Günahlandıranlar həmişə özlərini haqlı bilirlər, həmişə qışqırırlar, qarşısındakını bu səhv hərəkətinə görə mütləq cəzalandırmaq arzusu ilə alışıb yanırlar. Və digərini günahkar hesab edən haqlı çıxır, üzr istəmək özünü günahkar kimi qəbul etmək anlamına gəlir. Əgər özünü günahkar saysan, digərinin səni təhqir etməsinə, hamının gözü qabağında bütün gücüylə səni ifşa etməyə, üstünə gəlməyə cəsarətləndirərsən. İlk üzrün qaçınılmaz nəticələri bunlardı. Kundera isə həmişə üzr istəyən tərəf olmaq istəyir: ''İnsanların - istisnasız hamısının -lazım oldu-olmadı, səbəbsiz yerə, bir az da dozasından artıq şəkildə üzr istəyəcəyi, hər kəsin üzrdən yorulacağı bir dünyanı üstün tuturam”. Bu fraqmenti real həyatımızda hamımızın rastlaşdığımız adi bir detal ilə gücləndirək. Deyək ki, uzun müddətdir görmədiyiniz, zəngləşmədiyiniz bir dostu görəndə kim birinci niyə zəng eləmirsən, görünmürsən, haralardasan deyirsə, sanki o, haqlı tərəf olur və səni ittiham etməyə, görüşməməyinizin səbəbinin sizdən asılı olduğunu məcburi şəkildə boynunuza qoyacaq. Ancaq burada hər iki tərəfin durumu bərabərdi. Məsələ sadədir: nə sən onu axtarmısan, nə də o, səni. Kunderanın dediyi kimi, dünyada ən çətin şeylərdən biri ikinci adam, üzr istəyən tərəf olmaqdı. Çünki sən digərinə səbəbini özün də tam anlamadığın bir şeyi, nəzakət çərçivələrini aşmadan izah etmək məcburiyyətində qalırsan...

II

“Bu dünyanı nə tərsinə fırlatmağın, nə onu yenidən qurmağın, nə də naməlum istiqamətə doğru sürətlə irəliləyən bu uğursuz yarışa mane olmağın mümkünsüzlüyünü uzun zaman öncə anladım. Mümkün olan bircə müqavimət var: dünyanı ciddiyə almamaq. Amma zarafatlarımızın da gücünü itirdiyinin fərqinə vardım”.  Kundera yarı ciddi, yarı zarafat olaraq dünyadan intiqam almağın yeganə yolu kimi laqeydliyi, dünyanı vecə almamağı irəli sürür və bir zamanlar “Zarafat” adlı romanın müəllifi artıq zarafatların gücünü itirdiyinə heyfslənir. Kim bilir, bəlkə də, bu dünyada yaşamı daha mənalı edən, var olmağı yüngülləşdirən bircə şey qalıbsa o da elə ironiya, gülüşdür? Bəlkə, dünyanın getdikcə marağını itirməsi hissinə qapılmağımız zarafatların öz gücünü itirməsidir? Qoca siyasi rejimlərin insan gülüşünə nəzarət etməsini xüsusi vurğulayır.
Zarafatların gücünü itirməsi fikri də müəyyən mənada buradan doğur. Demək olar ki, Kunderanın bir çox romanlarında sovetlərdən bir əsinti var. Madam ki, ironiyadan danışırıq, o zaman bu cümləni yazıma qeyd etmək istəyirəm: Dünya müharibələrində uduzmaqlarının heyfini yalnız memuarlarında çıxan alman zabitləri kimi Kundera da romanlarında ruslardan Praqa hadisələrinin qisasını almağı unutmur. Və əgər bu onun son romanı (?), yaradıcılığının yekunu olaraq ortaya çıxan bir romandırsa, demək, burada da Stalin obrazı ilə rastlaşmağımız məntiqlidir.
 
Romanda paralel zaman qurulur. Günümüzün Fransasında beş adamın başından keçənləri anlatdığı yerdən qəfil Stalin dönəmi qarşımıza çıxır. Mətnin əsas hissələrindən birini Stalinin əhvalatı tutur. Totalitar rejimin insan gülüşlərini necə öldürdüyünü, onu necə nəzarət altında saxladığını göstərən maraqlı bir hekayə nəql edir. Stalinin çox sevdiyi iyirmi dörd kəklik əhvalatı varmış. Dönə-dönə öz yoldaşlarına bunu danışmaqdan xoşu gələrmiş. Hekayə isə çox sadədi. Stalin ovdaykən budağa qonmuş iyirmi dörd kəkliklə rastlaşır. Tüfənginə baxanda isə yalnız on iki gülləsinin qaldığını görür. Əvvəlcə on iki kəkliyi vurur və güllə gətirmək üçün geri qayıdaraq on üç kilometr yol qət edir.
 
Qayıdanda həmin ağacın budağında yan-yana dayanmış yerdə qalan on iki kəkliyi də ovlayır. Əlbəttə, məntiqlə ilk atəşdən sonra budaqda bircə kəklik belə qalmamalıdır və yerdə qalan on iki kəkliyin oturub Stalini gözləməsi gülməlidir. Məsələ burdadır ki, Stalin də daxil olmaqla hamı bunun absurd, gülünc olduğunu bilir və onsuz da o, bunun lətifə olduğunu, yoldaşları gülsün deyə danışır. Ancaq masada əyləşənlərin heç biri cürət edib nə Stalinin hekayəsinə gülə bilib, nə də ona qarşı çıxa biliblər.

Şübhəsiz ki, Stalinin uydurduğunu, yalan dediyini hamısı çox yaxşı başa düşürdü. Və onlar Stalindən intiqamlarını yalnız tualetdə ala bilirlər: gülərək, onu ələ salaraq... Stalinin ov hekayəsinə gülməyə kimin cürəti çatardı? O masada gülmək, edam fərmanına imza çəkmək kimi bir şey idi. Yəni onlar belə düşünürdülər. Çünki hekayəni danışanın məqsədi silahdaşlarının bir az kefini açmaq idi. Bəlkə də, yox. Sual isə budur: zarafat adamın həyatını məhv edə bilərmi? Bəli, yazıçı bununla bağlı günümüzdən fərqli bir nümunə gətirir. Kaliban getdiyi yığıncağın birində urduca danışır, guya ki, fransızca bilmir. Bəs kimsə bunun fərqinə varsa necə olacaq? Kimliyini gizlətdiyi üçün şübhəli durumuna düşəcək və həbs. Demək, zarafat, ironya bəzən qarşındakını gülünc duruma salmaqla yanaşı, adamın özünün də baş ağrısı ola bilər. Beləcə, hər şeyin tərs üzü olması, ikiillik prinsipi burada da özünü göstərir...

Stalin hekayəsi romanda bir xeyli uzadılır, demək, yazımızda da belə olmalıdır. Niyəsini aşağıdakı abzasda cavablandırmağa çalışacam; “24 kəklik” əhvalatını romanın qəhrəmanı Kruşçevin xatirələrini yazdığı kitabdan oxuyur. Stalin hekayəsini bitirdikdən sonra heç kimi dodağı belə qaçmır və yalnız Kruşçev “Yəni yerdə qalan on iki kəkliyin sizi gözlədiyinimi deyirsiniz?” kimi bir sual vermək cəsarətində bulunur. Stalin isə bu “standup şou”nu davam etdirərək, - hə, eyni ağaca qonub dayanmışdılar, - deyir. Bu hekayəni Kalibanın ağzından ilk dəfə eşidən Çarlz isə belə deyir: “Bütün bu hekayədə mənə inanılmaz gələn bircə şey odur ki, heç kim Stalinin zarafat elədiyini başa düşməyib”. “Artıq Stalinin ətrafındakılardan kimsə zarafatın nə olduğunu bilmirdi. Bax, mənə görə tarixdə yeni böyük bir dönəmin başladığını xəbər verən də buydu” - bu fikri isə Çarlzın dilindən deyən Kunderadan başqası deyil. Və yazara görə bu, gülüşün gücünü itirdiyi, heç kimin lətifələrə gülmədiyi, arxasında heç iz buraxmayacaq bir çağın, bir daha Avropa ola bilməyəcək Avropa dönəminin başlanğıcı idi. Fikrimcə, bütün bunların nə qədərinin reallıq, nə qədərinin isə Qocanın pessimistliyi olmasını ayırd etmək çətin deyil.

Dünyanı yenidən yaratmağın mümkünsüzlüyü və bu sürətlə naməlum tərəfə doğru qaçdığımız bu yarış qarşısında Kundera çıxış yolunu laqeydlikdə görür. Bəlkə, elə varlığın özü laqeydlikdən, anlamsızlıqdan başqa bir şey deyil? Yazıçının həyatı çox da vecə almamaq, hər şeyi ironiya, zarafat kimi qəbul olunmalı olduğu fikrində isə paradoks var. Axı az öncə müəllif özü ürəkağrısı ilə zarafatların gücünü itirdiyini qeyd etmişdi. Hə, o romanda olduğu kimi, Qoca 84 gündən sonra ömrünün ən böyük balığını tutub sahilə tərəf yan alarkən birdən köpək balıqları görünməyə başladı...

...Romanın əvvəlində Paris parklarının birində göbəyi açıqda qalan paltarla gəzən  qadınlara baxan Alian “qadın cazibəsinin mərkəzi göbək olarsa, bir kişinin erotizminə necə tərif vermək olar?” barəsində düşünür. Digər çağlarda qadın cazibə mərkəzi ayaqlar və döşlər olmuşdur. XXI əsrdə qadın cazibəsinin mərkəzi isə göbəkdir. Bu barədə Kundera maraqlı bir yozum verir. Əslində, erotizmin mərkəzini göbək olduğunu demək qadını kimliksizləşdirmə mənasına gəlir. Çünki göbək qadının fərqliliyini, təkrarolunmazlığını ortaya qoymaz. Dünyamızın ən böyük problemlərindən biri də fərdiliyin yoxa çıxması, düşüncələrin, seçimlərin bir-birinə oxşamasıdır. Beləliklə, qadının göbəyini bir simvol kimi işlədən yazıçı bunu orijinallığın itirilməsinin rəmzi kimi təsvir edir. Mənanın, orijinallığın itməsi təkcə günlük həyatımıza da yox, sənətə də yansıyır. “...sənətkar sözünün bu gün nə mənaya gəldiyini bilmirdi. Vitrin dizaynerinə çevrilmiş bir rəssammı? Bir şairmi? Şairlər hələ də varmı?”...

Kunderanın çağımızda baş verənləri insan bədənindəki bir nöqtə ilə paralelləşdirməsi, göbəkdən yola çıxaraq verdiyi şərhlər romanın əsas ideyasını ortaya qoyur. Romanın əvvəlindən qadının döşlərini, ayaqlarını yox, məhz göbəyini qadın cazibəsinin mərkəzi kimi düşünən bir kişi çıxır qarşımıza. Və bu düşüncə ilə roman boyunca rastlaşırıq. İlk qadın Həvvanın və mələklərin göbəyinin olmamasına qədər fikir inkişaf etdirilir. Bütün bunlar nə mənaya gəlir? Göbək nəyi simvolizə edir? Yazıçı bu suala belə cavab verir: “Hər qadının  yanlarının, döşlərinin, ayaqlarının forması fərqlidir. Bu da o deməkdir ki, bu üç qızıl nöqtə təkcə erotik mesaj deyil, eyni zamanda qadının özünəməxsusluğunun ifadəsidir. Sevdiyin qadının döşlərini başqalarınkı ilə qarışdırmazsan. Sevdiyin ayaqları yüzlərlə ayaq içərisindən tanıyırsan. Amma sevdiyin qadının göbəyini fərqləndirə bilməzsən. Bütün göbəklər eynidir!

Sevgi bir zamanlar fərdi, unikal, tək və heç bir təkrara yol verməyənin təntənəsiydi. Halbuki göbək təkrara qarşı çıxmamaqla yanaşı, o, şəxsən təkrara dəvət edir. Və biz də bu min ildə göbək bürcünün altında yaşayacağıq...”

Kundera dünyada yeknəsəqlik, eyniliyin hakim olduğunu, orijinallığın itdiyini vurğulayır. Dəblə eyni paltarlar geyinilir, eyni cür saçlarımızı kəsdiririk,  eyni telefonlar... Ancaq bu eyniliyin içində özümüzü daim fərqli hiss edirik. Bəs seçimlərimiz nə qədəri öz iradəmizdən asılıdır, nə qədəri bizi manipulyasiya edən marketinqdən? Əslində, çağdaş dünyamızda, hər şeyi öz iradəmizlə seçdiyimi hissinə qapılsaq da, reallıq tamam başqadır. Romanda qabardılan digər məqam da ən başından bəri bizim seçim imkanlarımız məhdud olmasıdır. Valideynlərimiz, vətənimiz, dilimiz kimi həyatımızın  önəmli şeylərini biz seçmirik. Artıq seçim etmək zamanı gələndə isə bizim seçmədiklərimiz taleyimizi, düşüncələrimizi, baxışlarımızı formalaşdırır.  

Romanın qəhrəmanları standartlıqdan, eynilikdən kənara çıxmaq istəyirlər. Amma necə? D'Ardelo hamını öləcəyinə inandırmaqla, Kaliban özünə bir başqa dil və vətən uydurmaqla, Alainin anası bu ədalətsiz dünyaya bir uşaq gətirməmək üçün çabalamaqla... Beləcə hamı gücü çatdığı qədər mübarizə aparır, hər kəs balığı sahilə çıxarmaqla məşğul...

 





14.12.2015    çap et  çap et