525.Az

Baş Prokurorluq 20 yanvar faciəsi ilə bağlı məlumat yaydı


 

Baş Prokurorluq 20 yanvar faciəsi ilə bağlı məlumat yaydı<b style="color:red"></b>

"20 yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilmişdir".

525.az-ın xəbərinə görə, bu fikirlər Baş Prokurorluğun mətbuat xidmətinin bu gün yaydığı rəsmi məlumatda əksini tapıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətfən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Cinayətdə təqsirli bilinən həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

 





18.01.2013    çap et  çap et