525.Az

Əli Əhmədov: "Rüstəm İbrahimbəyov heç xaç atalığına” da əməlli-başlı yaramır"


 

Əli Əhmədov: "Rüstəm İbrahimbəyov heç xaç atalığına” da əməlli-başlı yaramır"<b style="color:red"></b>

“Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir”.
 
APA-nın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov deyib.

O bildirib ki, R. İbrahimbəyov özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir: “Ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: qəzəbli başda ağıl olmaz. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib “haqq-hesab çürütmək” məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsurludur. Rüstəm İbrahimbəyov 50 ildən çoxdur ki, yaradıcılıqla məşğuldur, bu sahədə təcrübəsi var. Siyasətçini və yaradıcı insanı fərqləndirən əsas əlamət məsuliyyət məsələsidir. Bütün yaradıcı insanlara hörmətimi ifadə edərək bildirirəm ki, siyasətçi məsuliyyəti tamam başqa kateqoriyalı anlayışdır. Hiss etdiyim budur ki, Rüstəm İbrahimbəyov yenicə atıldığı siyasət meydanında siyasətçi məsuliyyətini hələ tam dərk edə bilmir”.
 
Ə. Əhmədov qeyd edib ki, R. İbrahimbəyov yaşlı və təcrübəli yaradıcı ziyalı, lakin çox “gənc” siyasətçidir: “Onun Azərbaycanın siyasi palitrasının bütün çalarlarına bələd olduğuna inanmıram. Siyasətlə məşğul olan və müəyyən təcrübə toplamış hər kəs çox yaxşı bilir ki, elektorat baxımından ölkədə xeyli sabit mənzərə mövcuddur”.
 
Ə. Əhmədov müxalifətin və R. İbrahimbəyovun səsləndirdiyi üçüncü qüvvə məsələsinə də münasibət bildirib: “Mən bilmirəm Rüstəm İbrahimbəyovdan ötrü bu anlayışın məna yükü nədən ibarətdir? Bir “beşinci kolon” anlayışı da mövcuddur. Zaman-zaman işə düşmək istəyir. Rüstəm İbrahimbəyovun təqdimatında bunlar eynidir ya yox, deyə bilmərəm. Elektoral mənada üçüncü qüvvənin olmadığı mənə gün kimi aydındır. Digər baxımdan, Azərbaycanda tam aydın siyasi ab-hava hökm sürür, təlatümlər üçün hər hansı səbəb və ya əsas yoxdur. Gözlənilməz siyasi proseslər proqnozlaşdırmaq üçün həddən ziyadə fantaziya işlətmək lazımdır. Arzu olunanı həqiqət kimi qələmə vermək bədii yaradıcılıqda çox asandır. Əslində bədii yaradıcılıq sahəsində çalışanlar elə bununla məşğuldurlar. Ancaq siyasətçi üçün arzu olunanı həqiqət saymaq məğlubiyyətə bərabər olur. Rüstəm İbrahimbəyov öz xəyallarında bir üçüncü qüvvə yaradıb. Lakin Azərbaycanın reallığında belə qüvvə mövcud deyil”.
 
YAP təmsilçisi onu da əlavə edib ki, ölkədəki gənc siyasətçilərin utopistliyi yeni hadisə deyil, xüsusilə də gənc siyasətçinin yaşı çox olanda utopizmi daha qabarıq görünür: “Azərbaycanda formalaşmış siyasi təsisatlar var, dəfələrlə seçkilər keçirilib, həmin institutlar seçkilərdə iştirak ediblər. Təklif olunan variant nəinki səmərəli deyil, həm də təhlükəlidir. Seçkilərə bu qədər qeyri-ciddi yanaşmaq olmaz. Biz ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi, siyasi institutların rol və əhəmiyyətinin artırılması kimi aktual problemləri müzakirə edirik. Azərbaycanın siyasi gündəmində nə Milli Şura deyilən qondarma quruma, nə müvəqqəti seçkilərə (deyəsən, Rüstəm İbrahimbəyov müvəqqəti prezident də seçmək istəyir) yer var. Azərbaycan 20 il öncə bu yolları keçib, acısını yaşayıb. Müvəqqəti dövlət başçısı da olub, milli şuralar yaratmaq istəyənlər də. Rüstəm İbrahimbəyov siyasi diletantlığı ucbatından dediklərini nə isə qeyri-adi saya bilər. Lakin Azərbaycan indi təklif olunan formada siyasi dəyişikliklər mərhələsini çoxdan keçib, dayanıqlı siyasi sistemini formalaşdırıb. Elektoral sistem formalaşıb və fəaliyyət göstərir. Cəmiyyətin siyasi ab-havası və siyasi ehtirasları tam aydındır. Azərbaycan cəmiyyətinə, ictimai rəyə qəfil təsir effekti sıfıra bərabərdir, xüsusilə nəzərə alsaq ki, belə bir alternativ qüvvə və şəxs yoxdur. Qəti olaraq deyə bilərəm ki, Rüstəm İbrahimbəyovun “üçüncü qüvvə”si bu rol üçün tamamilə yararsızdır. O ki qaldı Rüstəm İbrahimbəyovun özünə, onun ictimai-siyasi nüfuzu və şəxsi keyfiyyətləri “millətin atası” olmaq arzularını tamamilə puç edir. O, kiməsə heç “xaç atalığına” da əməlli-başlı yaramır”

 





19.01.2013    çap et  çap et