525.Az

"Həmsədrlər yanlış mövqedədirlər"


 

"Həmsədrlər yanlış mövqedədirlər"<b style="color:red"></b>

"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyanın ABŞ-a səfər etməsi və onun orada ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşməsi ilk belə hal deyil". 

Bu barədə millət vəkili Asim Mollazadə qeyd edilən səfərə və görüşlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, separatçı qurumu təmsil edənlər dəfələrlə Ermənistan dövlətinin pasportu ilə Amerikaya gediblər:

"Əslində bu, işğalçı rejim statusunu təsdiq edən bir faktdır. Onları ABŞ hansısa bir rəsmi qurum kimi qəbul etmir. Bunlar sadəcə olaraq işğal olunmuş Azərbaycan ərazilərində işğalçı rejimin nümayəndələridir. Hesab edirəm ki, buna belə baxmaq lazımdır.

Düşünürəm ki, rəsmi Bakı bu həqiqətləri dünyaya çatdırmalı, ABŞ ictimaiyyətini, siyasətçiləri, bütün qurumları, medianı bu istiqamətdə məlumatlandırmalıdır. Krım hadisələrinə görə Rusiyaya qarşı sanksiyalar yeridilib, amma Dağlıq Qarabağ hadisələrinə görə Ermənistana heç bir sanksiya tətbiq olunmayıb". A.Mollazadə əlavə edib ki, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanlış mövqedədirlər: "Bu gün Rusiya Ermənistanın hərbi müəttəfiqidir, Fransa və ABŞ-da isə siyasətə güclü, nüfuzlu diasporanın təsirləri var. Bunun üçün də biz indiyədək Minsk qrupunun fəaliyyətində hansısa bir nəticələri görməmişik".

Politoloq Cümşüd Nuriyev isə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin əvəzlənməsi məsələsinə toxunub. O deyib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Urolikin əvəzlənməsi ilə bağlı səsləndirilən fikirlər əslində həmin dövlətin mövqeyi ilə bağlıdır. Faktlar onu göstərir ki, onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəsə əldə edə bilmək imkanları və səlahiyyətləri də yoxdur".

Onun sözlərinə görə, Ceyms Urolik olmayıb başqası olsa da belə burada heç nə dəyişən deyil: "Əslində ABŞ Dağlıq Qarabağ məsələsinin Rusiya kimi həll olunmasını istəmir. Çünki Amerika özü də bir təzyiq vasitəsi kimi bundan istifadə edir. Beləcə rəsmi Vaşinqton həm erməniləri öz əlində saxlayır, həm də Azərbaycana istədiyi vaxt təzyiq göstərir. Ona görə də kiminsə dəyişilib-dəyişilməməsi nəyisə həll etməyəcək. Sadəcə olaraq bu dövlətlərin Azərbaycana olan mövqeyi dəyişməlidir. O zaman kimliyindən asılı olmayaraq həmin məsələlər həll olunacaq".

Qeyd edək ki, ötən həftə mətbuatda rəsmi Bakının Ceyms Uorlik əvəzlənməsi məsələsini qaldırdığı barədə məlumat yer aldı. Buna səbəb də Uorlikin separatçıların tədbirlərinə qatılması və onlarla görüşməsi olub. Amma bundan əvvəl də Uorlik eyni hərəkəti təkrar edib.

Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov da jurnalistlərə açıqlamasında amerikalı həmsədrin düzgün addım atmadığını vurğulayıb : "Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin "XİN rəhbəri" ilə gedib başqa yerdə də görüşə bilərdi. Təəssüflər olsun ki, ikili standartlar hökm sürür. Uorlik düzgün addım atmayıb. Bu, qəbuledilməzdir".

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ceyms Uorlikin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzoyan adlı şəxsilə görüşməsi barədə məlumatın  Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən araşdırıldığını bildirib. Bundan əlavə, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallarla Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq: "Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ tərəfindən qondarma rejimi təşviq etmək məqsədilə Vaşinqtona səfər etmək üçün Mirzoyana adlı şəxsə viza verilməsi düzgün addım deyil", XİN bəyan edib.

PƏRVANƏ

 





15.12.2015    çap et  çap et