525.Az

"Uorlik həmsədrlikdən kənarlaşdırılmalıdır"


 

MÜBARİZ ƏHMƏDOĞLU: "BÖYÜK UĞURLARA NAİL OLMAQ ÜÇÜN XIRDA DƏYİŞİKLİKLƏRƏ ƏL ATMAQ LAZIMDIR"

"Uorlik həmsədrlikdən kənarlaşdırılmalıdır"<b style="color:red"></b>

"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həm Ermənistana, həm də Dağlıq Qarabağ separatçılarına dəstək verir. O Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə tənzimlənməsindən çəkindirməyə çalışır".
 
Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyanın ABŞ-a səfər edərək ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorliklə keçirdiyi görüşə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə bir şəraitdə Ermənistana ruhlanaraq münaqişənin həllinə mənfi yanaşır: "Ceyms Uorlik son hərəkətləri ilə Azərbaycanın mövqeyinə balta vurur. Amerikalı həmsədrin separatçıların nümayəndəsi ilə görüşməsi səhv addımdır. Lakin Uorlik bu addımı bilərəkdən atıb".

M.Əhmədoğlu güman edir ki, həmsədrin ermənilərlə korporativ əlaqələri olduğu üçün qondarma rejimin "baş naziri" Ara Aratunyan, daha sonra "xarici işlər naziri" Karen Mirzoyanın ABŞ-a səfər etməsinə şərait yaradıb: "Separatçıları  Birləşmiş Ştatlara Uorlik dəvət edib. ABŞ-ın Dağlıq Qarabağ məsələləri üzrə koordinatoru Uorlikdir. Amerika Konqresi Ermənistanla bağlı tədbir keçirmək istəyəndə hökmən Uorliklə məsləhətləşmə aparır. Bu mənada, Karen Mirzoyanın səfərini amerikalı həmsədr məqsədəuyğun hesab etdiyi üçün Birləşmiş Ştatlar öz razılığını verib. Uorlik yaxşı bilir ki, nəinki Dağlıq Qarabağ, heç Ermənistanın özü müstəqil deyil, sərbəst şəkildə siyasət yürüdə bilmir. O cümlədən, Ermənistanda daxili siyasət, həyat şəraiti çox bərbad gündədir. Bu ölkənin iqtisadiyyatı günü-gündən çökür, əhali xilas olmaq üçün xarici ölkələrə qaçır. Əgər Ermənistan müstəqil qərar qəbul etmək imkanına malik deyilsə, separatçı rejimə kim bu hüququ tanıda bilər?".

Ceyms Uorlikin Qarabağ ermənilərilə dialoq qurmağın vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərə toxunan politoloq hesab edir ki, onlarla dialoq qurmaq üçün amerikalı həmsədr şərt irəli sürməlidir: "Qarabağ ermənilərilə təmasda olmaq üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, bu ölkənin suverenliyi daxilində yaşamağa razı olmalıdırlar. Bunun başqa yolu yoxdur. Ondan sonra ABŞ onlara səfər üçün viza verə bilər. Lakin indiki şəraitdə separatçıların liderlərinin səfərinə icazə verilməsi beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasıdır".

M.Əhmədoğlu qeyd edib ki, ABŞ Konqresinin hər il büdcə xərclərinin müəyyənləşdirilməsi zamanı ayrı qrafa üzrə separatçılara yardım ayırır: "Əgər Uorlik istəsəydi Dağlıq Qarabağ ermənilərini Azərbaycana bağlamağa xeyli yollar tapardı. Lakin Uorlik məqsədli şəkildə bu variantlardan yan keçir. Belə nəticə çıxır ki, Dağlıq Qarabağ separatçılarının qabağında Uorlikin müəyyən öhdəlikləri var. Ona görə də, amerikalı həmsədr erməni separatçıların ABŞ-a səfərlərinə şərait yaradır".

Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılması məsələsi barədə fikilərini bildirən Mərkəz sədri hesab edir ki, indiki şəraitdə dəyişiklik vacibdir: " Uzun müddət dünya ABŞ-ın diktəsi ilə idarə olunurdu. İndi isə Rusiya əvvəlki gücünü özünə qaytarıb. Bu iki dünya gücü bir müddət bir-biri ilə intriqa aparmayıb. Hazırda isə ABŞ ilə Rusiya arasında ciddi mübarizə gedir. Bu mübarizə bütün sferaları əhatə edir. Bu, iki dövlət arasında rəqabət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də təsir edir. Bu rəqabətin hesabına, indi Dağlıq Qarabağ probleminin tənzimlənmə prosesində dəyişiklik edərək, münaqişəni həll etmək olar. Böyük uğurlara nail olmaq üçün xırda dəyişikliklərə əl atmaq lazımdır. Hesab edirəm ki, həmsədr kimi Ceyms Uorliki başqası əvəzləsə proses canlanacaq. Çünki yeni həmsədrə Uorlikin dəyişdirilmə səbəbləri bəlli olacağı üçün o bu səhvlərə yol verməməyə çalışacaq".

Ceyhun ABASOV

 





16.12.2015    çap et  çap et