525.Az

"Lukaşeviç çox böyük səhvə yol verib"


 

"Lukaşeviç çox böyük səhvə yol verib"<b style="color:red"></b>

"Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Dağlıq Qarabağa dair səsləndirdiyi fikirlərdə çox böyük səhvə yol verib. Lukaşeviç Türkiyəyə ağıl vermək səlahiyyətində olan adam deyil".
 

Belə bir açıqlama ilə millət vəkili politoloq Rasim Musabəyov  Lukaşeviçin məlum açıqlamasını şərh edərkən çıxış edib. 

Millət vəkili vurğulayıb ki, Türkiyənin mövqeyi prinsipial mövqedir və  burda söhbət təkcə Azərbaycana dəstək verməkdən getmir: "Türkiyə haqlı, ədalətli tərəfə dəstək verir. Dünyanın gözü qarşısında Azərbaycan torpaqlarını işğal ediblər, bir milyona yaxın insanı evsiz-eşiksiz qoyublar, indi Rusiya deyir ki, gəlin, bu məsələyə tərəfsiz yanaşaq.  Hesab edirəm ki, Lukaşeviç başından böyük səhv edib".

R.Musabəyov hesab edir ki, diplomatın mövqeyini Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olar: "Türkiyə üçün bu sözü səfirin,  yaxud  Lavrovun deməsinin heç bir əhəmiyyəti yoxdu. Çünki Rusiyanın Türkiyəyə öyüd-nəsihət verməyə nə hüququ, nə mənəvi haqqı var. Türkiyə nə onların sözünə, "məsləhətinə"  ehtiyac duyur, nə də əhəmiyyət verir". Millət vəkili düşünür ki, bu vaxta kimi Azərbaycan Dağlıq Qarabağ məsələsinə yanaşmada Rusiyadan ədalət görməyib, bundan sonra da ədalət gözləmək mümkün deyil: "Sadəcə olaraq Rusiya Ermənistanla birgə Azərbaycan  torpağlarının işğalının iştirakçısıdır və bu məsələdə onlarla danışmağa məcburuq".

Siyasi şərhçi Araz Aslanlı isə düşünür ki, əgər Lukaşeviç belə bir açıqlama veribsə, deməli, rusiyalı diplomat ya destruktiv sözünün mənasını bilmir  ya da ölkəsini tarixi barədə məlumatsızdır: "Biz ümumən regiondakı işğallarda və qətliamlarda, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, Qarabağı probleminin ortaya çıxmasında və hazırkı vəziyyətin olmasında Rusiyanın "konstruktiv" rolunu yaxşı xatırlayırıq".

Qeyd edək ki, Lukaşeviç  "Rossiya 24" kanalına müsahibəsində bildirib ki,  Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri destruktivdir və bunun heç bir davamı yoxdur. Lukaşeviç qeyd edib ki, ATƏT bu cür mövqeni dəstəkləmir: "Ciddi anlaşılma var ki, həmsədrlər Rusiya, ABŞ və Fransa Minsk qrupunun üzvləri ilə bərabər əsas yükü daşıyırlar. Yeri gəlmişkən, hara ki, Türkiyə də daxildir. Lakin aparıcı rol müəyyən olunub və üç həmsədrlərə verilib. Ona görə də Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri tamamilə destruktivdir və bunun heç bir davamı yoxdur".

PƏRVANƏ

 





16.12.2015    çap et  çap et