525.Az

ABŞ beynəlxalq hüququn tələblərini pozur


 

EMİN HƏSƏNLİ: "RƏSMİ VAŞİNQTON KAREN MİRZOYANI ÖLKƏYƏ BURAXMAQLA SEPARATÇILARI DƏSTƏKLƏDİYİNİ GÖSTƏRİB"

ABŞ beynəlxalq hüququn tələblərini pozur<b style="color:red"></b>

"Rəsmi Vaşinqtonun separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyanın ölkəyə daxil olmasına imkan yaratması beynəlxalq hüquq normalarının pozulması deməkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Halbuki, Mirzoyan Birləşmiş Ştatlara daxil olmaqla kifayətlənməyib, rəsmi şəxslərlə görüşlər keçirməyə də nail olub".

Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qondarma Dağlıq Qarabağ rejimin xarici işlər naziri Karen Mirzoyanın ABŞ-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə keçirdiyi görüşə münasibət bildirərkən deyib.

E.Həsənli bildirib ki, özünü demokratiya, insan hüquqları, humanizmin beşiyi adlandıran ABŞ beynəlxalq hüququn tələblərini kəskin şəkildə pozur: "Bu hal ilk dəfə baş vermir. Separatçı rejimin nümayəndələri dəfələrlə Birləşmiş Ştatlara səfər ediblər".

ABŞ-ın Cənubi Qafqaz regionunda işğalçı siyasət yürüdən Ermənistana və onun törətdiyi münaqişə nəticəsində yaranan separatçı rejimə maliyyə dəstəyi göstərdiyini deyən hərbi ekspert bildirib ki, əldə olunan vəsait hesabına işğalçı rejim öz arsenalını aldığı silah-sursatlarla müəyyən qədər zənginləşdirir: "Əgər ABŞ münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, o zaman nəyə görə işğalçılara bu qədər yardımlar edir? Onların məqsədi aydın deyil. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının işğal edilməsi və Ermənistanın öz qoşunlarını  bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsi var. Bu sənədlər indiyədək öz real nəticəsini tapmayıb. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri qətnamələrin icra olunması üçün Ermənistana heç bir tələb irəli sürmür, sanksiya alətlərini işə salmaq istəmir. Halbuki, həm ABŞ, həm Fransa, həm də Rusiya bunu iyirmi il əvvəl etməliydilər. Bu illər ərzində biz tamam əks vəziyyətlə üz-üzə dayanmışıq. Həmsədr dövlətlər Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün heç bir addım atmadığı kimi, işğalçı ölkəyə bəraət qazandırmağa  çalışır, separatçılara dəstək nümayiş etdirir. Bu, qəbuledilməzdir. Həmsədr dövlətlər - ABŞ, Rusiya, Fransa bununla separatizm və terrorizmi dəstəkləmiş olurlar".

İstənilən halda, Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağını, Dağlıq Qarabağın Ermənistan qoşunlarından təmizlənəcəyini deyən E.Həsənli vurğulayıb ki, dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində dünyada heç bir dövlət, o cümlədən, Ermənistan separatçı rejimin "müstəqilliy"ini tanıya bilməyib.

Hərbi ekspert hesab edir ki, ATƏT-in Minsk Qrupu münaqişəyə tərəfli yanaşır: "Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan istiqamətində qoşunların təmas xəttini keçərək ölkədə təxribat törətməyə çalışan erməni diversiya qrupunun üzvlərinin zərərsizləşdirilməsi başda ABŞ olmaqla, həmsədr dövlətlərin etirazı ilə qarşılansa da, onlar bugünədək doğma Kəlbəcərdə valideynlərin qəbirlərini ziyarət edərkən girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin geri qaytarılması istiqamətində heç bir tələb irəli sürməyiblər. Bütün bunlar onu göstərir ki, həmsədrlər ermənipərəst mövqedədirlər. Vasitəçi dövlətlər BMT Təhlükəsizlik Şurasının üzvləri olsalar da, məsələnin sadə həllinə tərəfdar çıxmırlar. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qaytarılmalı və sonda Dağlıq Qarabağa Azərbaycanın muxtariyyatı statusu verilməlidir. Minsk Qrupu münaqişəni həll etmək istəyirsə, bu şərtlərin yerinə yetirilməsinə çalışmalıdırlar. Əgər onlar Azərbaycan ərazisində ikinci erməni dövləti yarada və ya Dağlıq Qarabağ Ermənistana birləşdirə biləcəklərini düşünürlərsə, yanılırlar. Bu, yolverilməzdir. Azərbaycan heç bir halda buna imkan verməyəcək. Danışıqlar mövzusu tamamilə tükənəcəyi halda, rəsmi Bakı hərbi variantlara əl ataraq torpaqlarını işğaldan azad edəcək".

Ceyhun ABASOV

 





16.12.2015    çap et  çap et