525.Az

Gürcüstanda pomidor turşusundan 15 azərbaycanlı zəhərləndi, bir nəfər öldü


 

Gürcüstanda pomidor turşusundan 15 azərbaycanlı zəhərləndi, bir nəfər öldü<b style="color:red"></b>

Bu gün Tiflis şəhərində (Gürcüstan) pomidor turşusundan zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp) və Qardabani rayonlarından 15 nəfər soydaşımız pomidor turşusundan zəhərlənərək Gürcüstan paytaxtındakı infeksiya xəstəxanasına yerləşdirilib. 

Dünən axşam saatlarında Qardabaninin Təzəkənd kəndindən olan bir ailənin 7 üzvü, bu gün isə həmin ailənin daha 2 üzvü Tiflis xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dünən həmin rayonun Nəzərli kəndində yaşayan daha 3 nəfər də xəstəxanaya müraciət edib. Pomidordan zəhərlənmə hadisəsi Saqareco (Qaraçöp) rayonunun Keşəli kəndində də baş verib. Həmin kənddə zəhərlənən 3 soydaşımız paytaxt xəstəxanasına aparılıb. Zəhərlənmə nəticəsində Keşəli kənd sakini 62 yaşlı Lətif Quliyev xəstəxanada dünyasını dəyişib.

Xəstəxanaya düşən 15 soydaşımızdan 4 nəfər reanimasiya şöbəsinə yerləşdirilib və onların vəziyyəti ağırdır. Hazırda həmin xəstələr süni nəfəs vermə ilə müalicə aparatları altındadır. Qalan 9 nəfərin vəziyyəti orta-ağırdır. Qeyd edək ki, xəstəxanaya zəhərlənmə diaqnozu ilə yerləşdirilən xəstələrdən 2 nəfəri azyaşlı uşaqlardır.

Tiflis xəstəxanasının baş həkimi Kaxa Çomaxidze jurnalistlərə açıqlamasında son günlər Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində zəhərlənmə faktlarının çoxaldığını bildirib. Onun sözlərinə görə, belə kütləvi zəhərlənmələr Gürcüstanda ilk dəfədir baş verir. «Biz belə diaqnoz ilə xəstələr qəbul etməmişik. Qış fəslində əhalinin kustar üsulla hazırladığı konservləşdirilən pomidor turşusu tələblərə cavab vermir və əhali pomidor turşusu və meyvələri hazırlayarkən meyvələr doldurulan bankaları qaynatmırlar, nəticədə bankalarda hava qalır və zəhərlənmə baş verir. Qış aylarında bu zəhərlənmədən qaçmaq üçün ehtiyatlı olmaq vacibdir».

 





19.01.2013    çap et  çap et