525.Az

İctimaiyyət Uorlikin həmsədrlikdən kənarlaşdırılmasını tələb edir


 

AMERİKALI HƏMSƏDR QONDARMA DAĞLIQ QARABAĞ REJİMİNİN "MÜSTƏQİLLİK" TƏDBİRİNDƏ İŞTİRAK ETMƏKLƏ DANIŞIQLAR PROSESİNƏ CİDDİ ZƏRBƏ VURUB

İctimaiyyət Uorlikin həmsədrlikdən kənarlaşdırılmasını tələb edir<b style="color:red"></b>

Azərbaycanın ictimai-siyasi həyatında narahatlıq və narazılıqla qarşılanan hadisələrdən biri qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyanın ABŞ-a səfərinə icazə verilməsidir.

Xəbər verdiyimiz kimi, separatçıların nümayəndəsi Birləşmiş Ştatlarda bir sıra rəsmi şəsxlərlə görüşlər keçirməyə nail olub. Əsas narazılıq doğuran məqamlardan biri də K.Mirzoyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyası yerinə yetirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşməsidir. Birmənalı şəkildə hesab olunur ki, amerikalı həmsədr erməni separatçısı ilə görüşməklə Dağlıq Qarabağ probleminin həlli prosesinə ciddi sürətdə zərbə vurub.

Xüsusilə qeyd edək ki, C. Uorlik dekabrın 9-da Vaşinqtonda Ermənistanın ABŞ-dakı Səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" adlı qurama tədbirə qatılıb. Azərbaycan Xairici İşlər Nazirliyi bununla bağlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya etiraz notası təqdim edib.

Azərbaycan ictimaiyyəti haqlı olaraq C.Uorlikin həmsədrlik institutundan kənarlaşdırılmasını tələb edir. Dəfələrlə nümayiş etdirdiyi ermənipərəst mövqe ilə cəmiyyətimizdə kəskin etirazla qarşılanan, qınaq obyektinə çevrilən amerikalı həmsədrin onsuzda yarıtmaz fəaliyyəti ilə seçilən vasitəçilik institutunda təmsil olunması Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, probleminin danışıqlar yolu ilə həllinə heç bir fayda vermir. Əksinə müəyyən vaxtlarda ermənilərin xeyrinə verdiyi açıqlamalarla diqqət mərkəzinə düşən amerikalı həmsədrin keçən ilin sonlarında helikopter hadisəsindən sonra Ağdamın işğal olunan ərazilərini "neytral ərazi" adlandırması hələ də ölkə ictimaiyyətinin yaddaşından çıxmayıb.

Münaqişəyə bu cür qeyri-peşəkarlıqla yanaşan, Qarabağ həqiqətlərini təhrif etməklə məşğul olan həmsədrin separatçı rejimin liderləri ilə görüş keçirməsi, qondarma qurumun "müstəqillik" tədbirində iştirak etməsində təəccüblü heç nə yoxdur. Çünki Uorlikin qatı ermənipərəst mövqedə olduğu artıq heç kimdə şübhə doğurmur.

Millət vəkili Sahib Alıyev bildirib ki, Uorlik Mirzoyanla "Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək" məqsədilə görüşdüyünü və bunun problemin həllinə yardım məqsədi daşıdığını deyir: "Heç kəsə sirr deyil ki, rəsmi Vaşinqton hər fürsətdə Ukraynadakı separatizm ocaqlarının aradan qaldırılmasında Dağlıq Qarabağ probleminin çözümündən daha maraqlı olduğunu sərgiləyir. Bu addımlar problemin həllinə yönəlibsə, niyə Krımın "bütün əhalisinin səsini dinləmək" üçün indi orada rəhbər vəzifədə əyləşənlərdən birini Amerikaya dəvət edərək onunla görüşmürlər? Və necə olur ki, üzərinə vasitəçilik missiyası götürən bir adam Konqresdə "Artsaxın müstəqilliyinin ildönümü" adlı tədbirə qatılır. Hələ onu demirik ki, elə həmin Konqresdə, məsələn, "Abxaziyanın müstəqilliyinin ildönümü" adlı tədbir düzənləmək mümkün olardımı?".

S.Alıyev qeyd edib ki, bu görüşlə bağlı guya etdiyi üzrxahlıqda Uorlik separatçı rejimi de-fakto hakimiyyət adlandırıb: "Bununla da dolayı yolla bizə sırıyır ki, onlarla hesablaşmaq, separatçılara tərəf kimi yanaşmaq lazımdır. Əgər Ermənistan özü forpostdursa, hazırda onun kontrolunda olan Dağlıq Qarabağdakı separatçı rejim doğrudanmı de-fakto hakimiyyətdir? Axı heç Ermənistanın özündə de-fakto hakimiyyət ermənilərin əlində deyil. Uorlik bu həqiqəti bilərək belə açıqlama verirsə, ikiüzlü və yalançıdır, ondan vasitəçi olmaz. Bu adam istənilən halda vasitəçiliyə yaramır".

Millət vəkili Azərbaycan Xarici İşlər Nazirliyinin keçirilən tədbir və Mirzoyanla görüşlə bağlı Amerikaya nota verməsini doğru addım hesab edir. Onun sözlərinə görə, Uorlik kimi təmsilçilərinin arzuedilməyən şəxs olduğunu onların diqqətinə çatdırılmasını indiki halda tam məqsədəuyğundur.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ceyms Uorlik beynəlxalq hüququn bütün norma və tələblərini pozub: "Amerikalı həmsədr Dağlıq Qarabağı "müstəqil" subyekt kimi tanımağa cəhd edib. Uorlik ATƏT-in Minsk Qrupunun üzvü olsa da, məsələyə tərəfli münasibət göstərir. O bu hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesinə ciddi zərbə vurur. Erməni separatçıları ABŞ-dan bu cür dəstək aldıqları üçün münaqişənin həllini pozmağa çalışacaqlar. Ona görə də, Azərbaycan Uorlikin bu addımını kəskin şəkildə qınayır,  onun həmsədrlikdən geri çağırılmasını tələb edir. Bu, belə də olacaq. Amerikalı həmsədr atdığı səfeh addımlarına görə cavab verməlidir".

Politoloq qeyd edib ki, prosesdə dönüş yaranması üçün təkcə Ceyms Uorlikin həmsədrlikdən kənarlaşdırılması kifayət etmir: "Münaqişənin həllinə ABŞ təkan verə bilər. Prosesin nizamlanması həmsədr dövlətlərin mövqeyindən asılıdır. Çünki həmsədrlər öz dövlətlərinin tapşırıqlarına uyğun fəaliyyət göstərirlər. Əgər ABŞ prosesdə pozitiv dönüş yaratmaq istəyirsə, bu, mümkün olacaq. Əks halda,  yenə Uorlik kimi bir siyasətçini həmsədr təyin edəcəklər. O da sələfi kimi nala, mıxa vuraraq vaxtı uzatmaqla məşğul olacaq".

Q.Hüseynli bildirib ki, münaqişənin həllində az-çox ümid bəslənilən ölkələr Rusiya ilə ABŞ-dır. Onun sözlərinə görə, gözləntilərimizin əksinə olaraq amerikalı həmsədr münaqişənin mənfi məcrada inkişaf etməsi istiqamətində addımlar atıb.

Politoloq deyib ki, Rusiyada isə çox maraqlı proseslər gedir: "Azərbaycanın Türkiyə ilə sıx münasibətləri Kremli ciddi sürətdə narahat edir, qıcıqlandırır. Bu mənada, hazırkı şəraitdə Dağlıq Qarabağ probleminin həlli real görünmür. Çünki indi Moskvadan ürəkbulandıran açıqlamalar gəlir. Xüsusilə münaqişənin açarının Moskvada olması vəziyyəti daha da gərginləşdirir".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Uorlikin Ermənistanın ABŞ-dakı səfirliyində təşkil olunan qondarma Dağlıq Qarabağın "müstəqillik" günü tədbirinə qatılması, erməni separatçılarının "xarici işlər naziri" Karen Mirzoyanla görüşməsi Azərbaycanın haqlı narazılığına səbəb olub: "Amerikalı həmsədr bununla öz ölkənin yürütdüyü xarici siyasətinin üstündən xətt çəkib. Çünki son aylar ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə genişlənərək qarşılıqlı səfərlərlə nəticələnmişdi. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da fəaliyyətində pozitiv əhval-ruhiyyə var idi. Lakin Uorlikin bu "siyasəti" nəticəsində Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ səfirini çağıraraq ona Bakının Vaşinqtona etiraz notasını təqdim edib".

E.Şahinoğlu vurğulayıb ki, məlum hadisələrdən sonra Azərbaycan ictimaiyyətinin Uorlikə inamı qalmayıb: "Amerikalı həmsədr fikrini belə əsaslandırır ki, guya Azərbaycan ərazi bütövlüyü dəstəkləyir və sadəcə qarşı tərəfin də mövqeyini öyrənmək istəyib. Bunun üçün başqa yollar var. Lakin Uorlik qondarma rejimin "müstəqillik" tədbirinə qatılması bizdə böyük narahatlıq doğurur. Bununla həmsədr münaqişəyə tərəfli yanaşdığını göstərir".

Mərkəz sədri hesab edir ki, Azərbaycan Ceyms Uorlikin həmsədrlikdən kənarlaşdırılması və başqası ilə əvəzlənməsi məsələsini qaldıracaq: "Lakin ABŞ-ın hansı qərar qəbul edəcəyini söyləmək bir qədər çətindir. Vaşinqton anlamalıdır ki, Azərbaycanda Uorlikdən narazılıq var. Bu cür siyasət münaqişənin həllinə mənfi təsir edir".

Amerikalı həmsədrin keçən ilin sonlarında münaqişə ilə bağlı obyektiv açıqlamalar verdiyini xatırladan politoloq bildirib ki, Uorlik Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmalı olduğunu deyib: "Bu bəyanat Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Ancaq bunun üstündən bir az zaman keçdikdən sonra amerikalı həmsədr separatçılarla əlaqə qurmağa, danışıqlar aparmağa başlayıb. Bu da cəmiyyətdə ciddi suallar doğurub".

Ümid edək ki, Vaşinqton Azərbaycanın etiraz notasına obyektiv yanaşacaq və Ceyms Uorliki başqa bir siyasətçi ilə əvəz edəcək. Lakin yeni həmsədrin danışıqlar prosesində nə dərəcə ədalətli mövqe nümayiş etdirəcəyi ABŞ-ın seçimi və iradəsindən asılıdır.

Ceyhun ABASOV

 





17.12.2015    çap et  çap et