525.Az

Prezidentlərin görüşü nə vəd edir?


 

Prezidentlərin görüşü nə vəd edir?<b style="color:red"></b>

Məlum olduğu kimi, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Ermənistan mətbuatı daha əvvəl görüşün dekabrın 1-də Parisdə keçiriləcəyini, daha sonra isə dekabrın 19-da İsveçrədə keçiriləcəyini yazıb.

Azərbaycanda rəsmi səviyyədə görüşün keçiriləcəyi təsdiqlənsə də, amma tarix və məkan hələ ki, açıqlanmayıb.

Hazırda cərəyan edən hadisələr görüşün baş tutacağı halda belə hansısa irəliləyişin olacağını istisna edir. Bu bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqeyi, digər tərəfdən isə region ölkələri arasındakı gərginliklə bağlıdır. Belə ki, ekspertlər Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsinin bütün regiona təsir etdiyini vurğulayırlar. Bir neçə gün əvvəl Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviçin  Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdlərini destruktiv mövqe adlandırması da deyilənləri sübut edir. Türkiyənin istənilən məsələdə mövqeyini tənqid etməyə çalışan rusiyalı rəsmilər, əslində bununla ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskvanın Qarabağ münaqişəsinə yanaşmada ədalətsiz mövqeyini bir daha nümayiş etdirdilər.

Bütün bunlardan çıxış edərək prezidentlərin görüşünün hansı perspektivi olmasına gəlincə, politoloq Fərhad Mehdiyev hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən konktret nəsə gözləmək çox çətindir. Onun sözlərinə görə, diqqət yetiriləndə görmək olur ki, son günlər cəbhə xəttində vəziyyət gərgindir,  digər bir tərəfdən də Rusiyanın ATƏT-dəki nümayəndəsi Türkiyəni destruktiv olmaqla suçlayıb.  Politoloq hesab edir ki, görüşlər öncəsi arxa fon olduqca gərgindir: "Belə şəraitdə bu görüşün mənası ancaq belə izah oluna bilər ki, bir neçə günlük cəbhədə sakitçilik ola bilər vəssalam". Politoloq Rusiya-Türkiyə münasibətləri fonunda Rusiyanın Türkiyədə fəallaşan PKK terror təşkilatına dəstək verməsi mümkünlüyünə də toxunub: "Bəli, Rusiya PKK-ya daha müasir silah ötürməyin yollarını axtaracaq. Məsələ budur ki, hər cür silahı da vermək olmur, bəzi hallarda isə kimin verdiyini ümumiyyətlə bilmək olmur. Məsələn, PKK-ya "İqla" tipli "yer-hava" raketləri verilsə, həmin silahın kimin tərəfindən ötürüldüyü təbii ki, bəlli olacaq".

F.Mehdiyev Suriya türkmanlarının kürd silahlılarına qarşı çıxması iddialarına da toxunaraq qeyd edib ki, Suriyada PKK yoxdur: "Orada YPG var və türkmanlar onlarla müharibə edə bilməzlər. Çünki türkmanların təchizatı və dəstəyi çox zəifdir. Eyni zamanda, YPG sayı daha çoxdur və daha güclüdür  və onlara Rusiya tərəfindən də dəstək verilir. Təəssüf ki, Türkiyə bu cür dəstəyi türkmanlara verə bilmir". Politoloq daha bir amilə də toxunaraq deyib ki, Türkiyə Rusiyanın son təzyiqlərinə çox dözə bilməyəcək, ya da ki, neftin kəskin ucuzlaşması kontekstində Rusiya üzləşəcəyi iqtisadi böhrandan sonra Türkiyə ilə barışıq niyyətini ortaya qoyacaq. Yəni Türkiyə Rusiyanın böhrandan çıxması üçün daha bir barışıq mövqeyi sərgiləyəcək, Rusiya isə bunu qəbul edəcək. Əgər dolların  qiyməti enməyə davam etsə bu Türkiyə- Rusiya münasibətlərində türklərin xeyrinə nəticə verəcək".

Beynəlxalq ekspert Tamerlan Vahabov isə hesab edir ki, Türkiyə və Rusiya arasında yaşanan gərginlikdə özünün müstəqil və praqmatik xarici siyasəti ilə seçilən Azərbaycan bir körpü yolunu oynaya bilər. Azərbaycanın hər iki tərəflə yüksək effektivliyi ilə seçilən ikitərəfli münasibətləri var. Onun sözlərinə görə, Rusiya və Türkiyə regionun aparıcı ölkələrindəndir: "Bu o deməkdir ki, hər iki tərəf regionda baş verən proseslərdə yaxından iştirak edir və bununla da həm üst-üstə düşən maraqları, həm də qarşılıqlı əlaqələri mövcuddur. Buraya nəqliyyat, enerji, təhlükəsizlik kimi regional məsələləri aid etmək olar. O ki qaldı bu ölkələrin iqtisadi cəhətdən itirə biləcəyi istiqamətlərə, burada turizm, tikinti, qida məhsullarının ixracatı, yüngül sənaye-tekstil sahələrinin, ağır sənaye və cihazqayırma sahələrinə potensial zərərdən söhbət açmaq mümkündür. Qeyd edilən iqtisadi sahələrin hər biri iki ölkədə də ixtisaslaşmadan asılı olaraq kifayət qədər inkişaf edib və bir-birinin bazarında yetərincə oturuşub. Bütün bunları rəsmi Moskva və Ankara yaxşı anlayırlar. Bu böhranda ehtimal etmək olar ki, praqmatizm üstünlük təşkil edəcək. Hər iki tərəf yenidən qarşılıqlı dostluq əlaqələrini bərpa edəcəklər".

PƏRVANƏ

 





17.12.2015    çap et  çap et