525.Az

Sinəmdə dağ silsiləsi, bu dağları kim siləsi?!- Məmməd Aslanın şeirləri


 

Sinəmdə dağ silsiləsi, bu dağları kim siləsi?!- <b style="color:red">Məmməd Aslanın şeirləri</b>

              

YURD XİFFƏTİ

                 

Dəlidağda qalan ömrüm,

Gündə yüz yol çağır məni.

Unutdumu yal-yamacda

O saldığım cığır məni?!

                 

Yurdsuzların həlakı var;

Dərd mənimdi, hər nə ki var.

Çiynimdə həsrət yükü var:

Bilin dağdan ağır məni.

                 

Sinəmdə dağ silsiləsi.

Bu dağları kim siləsi?!

Səyridi gözüm giləsi:

Xiffət necə boğur məni.

                 

İstəyimə hey dən düşür.

Ürək duyub, heydən düşür,

Yerdən çıxır, göydən düşür:

Qəm tanıyıb fağır məni.

                 

Yarım mənəm, yarım adım;

Yarım buzdu, yarım odum.

Bir yoğurdun, yarımadım;

Dünya, bir də yoğur məni!

18.XII.2012,

Sumqayıt.

                 

SAZIN TACİDARI

Sazımızın Təbrizdə zirvələnmiş

tacidarı Çingiz Mehdioğluna.

                 

Sazla, sözlə pərvazların

Cəmini Təbrizdə gördüm.

Bir divanə saz aradım:

Mehdipur Çingizdə gördüm.

                 

Saz Leylidi, Çingiz – Məcnun!

Bir-birindən necə məmnun!

Sevgilər dastana uyğun:

Yazda gördüm, güzdə gördüm!

                 

Saz igidə yar olanda;

Çingizə qəmxar olanda,

Of da deməz yorulanda,

Bir özgə hal sazda gördüm!..

                 

Çingiz coşar, axar da,

Şimşək olub çaxar da.

Özünü toyda-mağarda;

Öygüsünü sazda gördüm.

                 

Dərin dəryaya dalmışdı:

Adlar silib, ad almışdı!

Bağrında saz od almışdı

Çiçəkli bir düzdə gördüm.

                 

Biləmmədim nə qəsdində,

Nəydi sayrışan şəstində?!

Sazı gah başı üstündə;

Gah nazlanır dizdə gördüm.

İnsdi-cinsdi, bu nə sazdı?!

Haqdan gələn bir murazdı!

Gah Qurbani, gah Abbasdı:

Yolda gördüm, izdə gördüm.

                 

Saz ərənlər qardaşıdı!

Koroğlunun sirdaşıdı!

Pərvazlanıb sirr daşıdı;

Çingizlə bir üzdə gördüm!

 

Bir tilsimdi: qanadlanıb,

Xan çinardı: budaqlanıb!

Saz dil açıb, dodaqdanıb:

Bizdə gördüm, bizdə gördüm!

                 

Gözəlliyin saz ilkimi?!

Keçsin anım bir il kimi!

Ötür susmaz bülbül kimi

Gecədə, gündüzdə gördüm.

                 

Saz Kərəmdi: qan-yaşladı,

Gah yayladı, gah qışladı...

“Çoban-bayatı” başladı,

Toxdadı dənizdə gördüm!

                 

Yerdən-göyə, göydən-yerə:

Gah layladı, gahdan nərə!

Saz odlandı minbir kərə,

Dağ-dağ oldu közdə gördüm.

                 

Barmaq səkər simdən-simə:

Bu tilsimdən – o tilsimə...

Məmməd Aslan, baxsam kimə

Çingizi hər gözdə gördüm.

Bakı.

12.XII.2012.

                 

ÇİÇƏK  ÖMRÜNÜN 

ÇİÇƏK  NAĞILI

                 

Özünə məftun çiçək

Bildi xəzan gələcək:

Solduracaq gülşəni;

Əlinə hər düşəni –

Rəngləri uda-uda;

Solduracaq onu da.

Sonra, sonra da bir gün

Yox olacaq büsbütün...

                 

lll

Dönüb kəpənək oldu,

Ta bənək-bənək oldu:

Qanadları ləçəkdən.

Seçilmədi çiçəkdən...

Uçan çiçək sayağı

Dolandı bağça-bağı.

Çəmənzarla iç-içə...            

Günlər keçdi beləcə...

Azmış kəpənək ömrü;

Neylər bu gödək ömrü?!

                 

lll

Döndü xallı pişiyə,

İsnişdi ev-eşiyə:

Gah yumaqla oynadı,

Gah uşaqla oynadı.

Ülkərə qardaş oldu,

Turana sirdaş oldu.

Evin əziz-xələfi,

Gəzir taxçanı, rəfi.

Həm pişikdi, həm çiçək...

Xeyli ömür sürəcək!

Sumqayıt,

31.XII.2012.

                 

SƏFƏRDƏN  SALAMAT

                 

Zəlimxan Yaqubun Avropada

səhhətinə  qovuşub Vətənə

qayıtmasına gözaydınlığı

                 

Bizi intizarda qoyub getmişdin,

Zəlimxan, xoş gəldin, sən xoşa gəldin!

Qartaldan borc alıb qoşa qanadla,

Buludlar üstündən birbaşa gəldin!

                 

Dolaşan kələfin çözüm ucu var,

Qulun haqqı varsa, Haqqın öcü var!

Sözün nəfəsində Loğman gücü var,

Ağır dərdi çalıb bir daşa, gəldin!

                 

Çatdığın məqama, durduğun yerə

Asan çatmadın ki, sən birdən-birə.

Qızıl teşt içində gəlmədin şerə,

Dərdlə qəxmar olub, bu yaşa gəldin.

                 

Ruhundan, əzmindən enmə aşağı,

Zirvəyə şığıdın, durmadan şığı!

İynə ulduzundan umdun işığı,

Dərdin ləşkəriylə döş-döşə gəldin.

                 

Bol sevgi görürsən millətdən, şair,

Qəlbin dağa dönür ülfətdən, şair.

Tək sən qurtulmadın zillətdən, şair,

Arzuyla, imanla tən qoşa gəldin!

                 

Çatdı imdadına Çərxin çənbəri,

Yoluna gül səpdi alnının təri!

Qəlbinin nuruyla qayıtdın geri,

Barı innən belə min yaşa, gəldin!

Bakı,

28.XI.2012.

                 

ƏCƏLDƏN-MACAL

                 

    Xətirləri yanımda uca olan şair Rəşad Məcid və nasir Aqil Abbas ikisi bir avtomobildə üzləşdikləri qəzadan xətərsiz xilas ola bilmişlər.

    Radiodan bu gözaydınlığını eşidincə xəbəri əlüstü olaraq qoşma sığalına gətirmək fikri keçdi ürəyimdən.

                 

Kimsəyə acımaz, ay Rəşad Məcid,

Cumuxar hər fərdə, hər şefə əcəl.

Baxmaz bu sultandır, ya hər nəçidir,

Qəflətən son qoyar hər kefə əcəl.

                

İnlədər bəşəri dərd inim-inim,

(Əcəllə qovğadı mənim də günüm)...

Yoxluğa hərisdi, varlığa qənim,

Yağıdı şöhrətə, şərəfə əcəl.

                 

Onun nə vecinə yanvar, İlbaşı?!

Tökməz ətəyindən bir hovur daşı.

Cəhd elər bu daşla çox yarsın başı;

Tanımaz bayramda ərəfə əcəl.

                 

İki qələm əhli, iki bəyzadə:

Nə Aqildə zədə, nə səndə zədə...

Allaha şükr olsun, axır ləhzədə

Çəkindi qələmdən bir dəfə əcəl!

                 

Bu da bir heyrətdir, bu da möcüzə:

Əcəl təslim olmuş qələmlə sözə.

Bu gün nə mübarək gün oldu bizə:

Açıldı, dəymədi hədəfə əcəl.

                 

Bir vayın toy oldu, ey dünya, sevin!

Sevgiylə, gülüşlə şənlənsin evin!

Nəfi can almaqdı bu doymaz divin,

Ey kaş, yetişməyə bir nəfə əcəl!

Bakı,

30.XII.2012.

                 

İZ

                 

Tikilər, sökülər, dəyişər aləm;

Dünyamı iz saxlar, izmi dünyanı?!

Özünə qaytarar öz izin səni:

İzsiz abad gördünüzmü dünyanı?!

                 

İzləri silməyə zaman güdükdə,

İzlər yoxa çıxar yalda, gədikdə.

Şeytanın barmağı müdam tətikdə,

Özgəmi bilmisən, özmü dünyanı?!

Zəhmətlə, zillətlə iz olur cığır:

İz enib, dərədən zirvəyə çıxır.

Cığır hamar yola çevrilir axır:

Dikəldir insanın əzmi dünyanı!

                 

Onsuz da ümid yox hər izdən yola,

Zərrədən çıx yola, hər cüzdən yola.

Çıxdım bənövşədən, nərgizdən yola...

Seçimə aldanır gözmü dünyanı?!

Bakı,

05.I.2013.

                 

SADƏLİYƏ NƏ OLUB Kİ?!

                 

Teleekran aparıcısı olan bir nəfər, dünya şöhrətli müğənnimiz Alim Qasımovun sadəliyindən narahatlıq keçirərək deyirdi: “Niyə bu qədər sadəsən?..”

                 

Kökü dərində olanın

Başı göylərdə görünər!

Gah dumandan, gah buluddan

Üzündə pərdə görünər.

                 

Öyüdü var ərənlərin:

Sadəlikdi mülkü ərin!

Kür adına baxma Kürün,

Dərinlik Kürdə görünər.

                 

Sadəlik bir Haqq bəxşişi!

Sadəlikdən qalxar kişi!

Ucaların parlaq işi

Bu dərin sirdə görünər.

                 

Sadələrdən sadə Alim!

Səsi uca, qəlbi həlim!

Sadəliyi nur biləlim:

Dərgahda, pirdə görünər.

                 

Sadələr xalqa gərəkli,

Sadələr xoşlamaz cəhli.

Sadə olan iman əhli:

Xeyirdə-şərdə görünər.

Sumqayıt,

24.XII.2012.

                 

YALAN QORXUSU

                 

“Qorxuram ki: yalan deyəm...”

İndi bunu çox kəs deyir.

Yalan gedib – yalan gələn

Neçə yalan nəfəs deyir.

                 

Qatıq qara, kömür bəyaz;

Düz sözündə düz tapılmaz.

Yalan kəlmə, yalan avaz;

Dediyini tam tərs deyir.

                 

Nədi qoydun yalan dəmə?..

Daş dəm almaz, yalan demə!

Başdan-başa yalannamə,

Neyləməli, nakəs deyir.

                 

Düz dərində, yalan üzdə,

Yalan bitər yalan izdə

Heç şübhəsiz, Rəbbimiz də:

“Yetər, insan, ta kəs!..” deyir.

                 

“Qorxuram ki: yalan deyəm...”

Doğru deyən azmı bəyəm?!

“O doğrunu görüb öyəm!” –

Haqdan gələn gur səs deyir!

Sumqayıt,

04.I.2013.

                 

BARMAQ İŞARƏTİYLƏ

                 

Rahat dil tapmışdım sözlə-söhbətlə,

Qəfil kim caladı bu dərdə məni?!

Bədxahım kölgəmi qoy qılınclasın;

İnşallah, Haqq saxlar nəzərdə məni!

                 

Söz bir yana düşdü, mən də bir yana.

Xəyalım dağıldı mindəbir yana...

Mal bir yana getdi, bəndə bir yana;

Zəndim əldən salar, əzər də məni...

                 

Bunu yad eləməz, simsar eləməz!

Səgrəqib eləməz, kəmsər eləməz!

Demək caizdirsə, “əmsar” eləməz! –

Onlar şam-çıraqla gəzər də məni!

                 

O tuşlanan barmaq kimin barmağı?!

Bacarmasın bir mənzilə varmağı!

Öz ağzına çatmasın öz barmağı:

Etməsin bu qədər bizar da məni!

                 

Bu, necə soydaşlıq, necə həmrəylik?

Bu, necə məzhəbdir, necə biröylük?!

Bu necə zorbalıq, necə “geroyluq?!”.

Yorar bu sorğular, üzər də məni...

                 

Sakit hənirtili bir axşam idim;

Gahdanbir sayrışan kəhkəşan idim...

Söz ilə yol yorub, dağ aşan idim,

İndi kim üfürə, közərdə məni?!

                  

Selmi, ya sunami gəlir üstümə?!

Qənim çıxıb alovuma, tüstümə...

Necə sağdan-soldan durub qəsdimə:

Minbir rəzalətlə bozarda məni.

Sumqayıt,

27.III.2012.

                 

YASTIĞIN YÜNGÜL

                 

Qənbər Bəybalayevə

                 

Yorğana bürümə ora-buranı;

Ələ düşməz bu dünyanın bir anı!

Qalx Şahdağa: geyin qarı-boranı,

Sən ki, bərkimisən şaxtada, Qənbər!

                 

Bir insan ki, dərddən-qəmdən usandı,

Demək: onun unudulub öz andı.

Başqasına “bərk ol!” – demək asandı,

Kişi gərək özün toxtada, Qənbər!

                 

Adam var: mitildi, adam var: qoçu.

Hər dərdin bu başı, hər dərdin ucu...

Hər kəsin ağrısı özünün suçu;

Günah var doxsanda, qırxda da, Qənbər...

                 

Sıyrıl yatağından! – Ləzəyə birbaş!

Yanında qəmxarın mən olaydım kaş!

Öpüş buz bulaqla, zirvəyə dırmaş,

Qubada hər şey var, yoxda da, Qənbər!

                 

Dolan o dağları yamacla-yalla;

Kimdən gəlib zökəm, ona da yolla!

Harda ki, su gördün: bir tilov salla,

Qismət var çayda da, arxda da, Qənbər!

                   

Bu qaya səkildi, o dağ da qaşqa;

Qıy vursan, dağlar da başlayar məşqə!..

Yatmağın, qalxmağın aləmi başqa:

Bir fərq var dəvədə, “xıx”da da, Qənbər.

                 

İstəmirəm: xiffət səni əridə;

Cücəyə döndərər yatmaq nəri də!

Yenə çöl çöldədir, iç içəridə;

Başqalıq duymazsan çarxda da, Qənbər.

                 

Çoxdan-çox dostun, nankor ləcin var;

Arana-yaylağa qəfil köçün var;

Gərəkli səfərin, işin-gücün var:

Fınxırır köhlənin noxtada, Qənbər.

                 

Qımıldan Məmmədin zarafatıyla,

Zirehlən Şahdağın yeddi qatıyla!

Dəmlə kəkotunu dazıotuyla:

İnşallah, yetişər Haqq dada, Qənbər!

Sumqayıt,

6.I.2013.

                 

VAXT ÖLDÜRƏNLƏRİN

QƏFLƏTİ

                 

“Gedək vaxt öldürək...” Bu qəflət çağırışı ilə indi curların çoxu

bir-birilərinin ömrünü gödəltməyə çalışır.

                 

Ölmək deyildir ömrümüzün ən fəci işi;

Müşkül budur ki: ölmədən əvvəl ölür kişi!

Yəhya Kamal Bəyatlı

                 

Bu ölən vaxt sənin ömrünün vaxtı!

Vaxtını öldürmək billah, günahdı!

Canitək, cəlladtək vaxtı öldürmə;

Görərsən: qum kimi ömür-gün axdı...

                 

Öldürdüyün vaxtla bir parçan ölür,

Duymazsan: vaxt haçan, gün haçan ölür...

Vaxtı zərrəcən də öldürmə, qafil,

Ölən hər öldükcə zərrəcən ölür...

                 

Min yol boğazlarsan vaxtı sən azı,

Nə bəndə bir razı, nə Allah razı...

Zaman çimdik-çimdik ölür əlində,

Amma bir yol dəyər vaxtın qapazı.

                 

Vaxt – qızıl sərmayə! Vaxtı öldürmə!

Ölən vaxt taledi, bəxtdi: öldürmə!

Vaxtı öldürərsən, ömrün talanar,

Vaxtdan sonra vaxtın yoxdu, öldürmə!

                 

Vaxtı öldürərsən, cəhlinə heyrət!

O ölən özünsən, özünü seyr et!..

Vaxt səni dipdiri yaşadan qüdrət!

Öldürmə, yazıqsan, vaxtı öldürmə!

                 

Sən özün özünə vaxtın şahısan!

Gah özün olursan, özgə gahı sən.

Unutma Qibləni, Qibləgahı sən! –

Öldürmə, öldürmə, vaxtı öldürmə!

                 

DOLUĞSUNMUŞ DAĞLARIN

KÖNTÖY NAĞILI

                 

“Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar”.

Aşıq Ələsgər

                 

“Dağlar deyir: pullulardan qorxuram:

Əyər məni yaqut, əyər məni dürr...”

Aşıq Allahverdi

                 

Allahın verdiyi uca dağları

Qıydıq əlimizlə itə-qurda biz.

Barı bir daşına söykənmək üçün

İndi dağ tikirik xırda-xırda biz.

                 

“Sırıqsız” torpaqda gül dura bilmir,

Gülsüz torpaq, üzü güldürə bilmir.

Dünya bir çuxuru doldura bilmir,

“Zirvə toxuyuruq” vurhavurda biz.

                 

Qalmadı dağlarda xınalı bir daş:

Darğa bağlarına daşındı birbaş.

Dağ da dil açıban danışaydı kaş...

Dağa qan uddurduq – olsaq harda biz.

                 

Möhtəşəm qayası, daşı var dağın,

Kökü-köməci var, başı var dağın,

Min illəri yoran yaşı var dağın,

Qış boyu dağ donar; bir hovur da biz.

                 

Nəymiş törəyişi, dağın doğumu?!

Axır ki, tapılmış dağın “toxumu”:

Bu da yelpənəyi...o da tağımı?!

Bir vaxt ov ovlardıq, indi torda biz.

                 

Dağlar müqəddəsdi, dağlar qibləgah!

Dağı öz nuruyla süsləmiş Allah!

Cənnətin qucağı, bu ulu dərgah

Kimə qiblə oldu?!. Ahu-zarda biz...

                 

Selləmə yağışa gərək dağ dözə!

İldırım şığıyar, silahı — nizə!

Dağ Məkkə-Mədinə, dağ bir möcüzə!

Möhkəm arxa bildik dağı yurda biz.

                 

Hər qayğıdan uzaq insan kimiydik!

Dağlara hökm edən sultan kimiydik.

Zirvədə qıy vuran tərlan kimiydik!

Bəxtəvər yaşardıq gözü nurda biz.

                 

Xülasə ki:

Kündə kəsən kimi... dağ kündəsi çim,

Yaşıl kündələrdən bir ətək pərçim.

Soldu kəsəklərdə gül əlçim-əlçim,

Görün ki, neylədik çal-çağırda biz?!

                 

Dağ yonun, dağ qurun!.. Axırda hətta

Xalqa bir dağ qurun: “Dəlidağ” adda!

Havasız qalmayaq göylərin altda:

Yayın tüğyanında, cırhacırda biz...

                 

Tikdiyiniz dağda qala da qurun:

Qala sipərindi, qala – qürurun!

Sönməsin qalada ocağın-qorun!

Ələnib çıxmayaq o çıxarda biz.

                 

Məmmədlik bu dərd də Aslana dursun,

Hirs vursun başına, qoy yana dursun!

Mənəvi dəyərlər bir yana dursun,

Dağı diz çökdürdük ən axırda biz...

Sumqayıt,

17.XII.2012.

 

QINAQ

                 

“Yüz ölç – bir biç!”...

                 

Yolçu, bir sözüm var – sənə girişdə:

Sənin nə işin var ərş ilə kürşdə?!

Otur, horranı iç (tapsan əriştə!);

Uzat ayağını yorğana görə.

                 

Taxtadan nə qılınc; qoy qında qalsın,

O yorğun beygirin yorğun da qalsın!

Boynun boş dağarcıq altında qalsın:

Fərli qoz əkmədin qarğana görə...

                 

Sahib ol özünə; ər ol haqqına!

Qoyma şəkərinə milçəklər qona.

Ağlına öyüd ver, gözünü qına:

Bu yük çox ağırdı yorğuna görə!..

                 

Bazarda bu nırxa kim verdi rəvac?!

Pozma tarazını, büdrəmə, yavaş...

Mən də nalbənd idim, guya ki, qardaş;

Nal kəsə bilmədim darğana görə.

                 

Sən quzu güdərdin yamacda – yalda,

Qəlbin ağrımazdı qovğada-qalda.

Başını papaqlı saxla, hər halda:

Barı cücən də yox qırğına görə...

                 

Hər kolun dibində bir tülkü yatır:

Sayqısız yolçunu dərələr udur;

Bir az kənar dayan, ehtiyatlı dur:

Dibi əjdahalı yarğana görə.

                 

Dünya qan qusduqca bir hala yetdi:

Bilmirsən: ya divdi, ya xəyalətdi?!

Millət xıncım-xıncım əzildi getdi,

Kimsə suç daşımır qırğına görə...

                 

Qalxdı əmniyyətdən hər dürlü çətir:

Cırraşdı nəzakət, qalmadı xətir...

Məmməd Aslan desin: sən ibrət götür:

Hər kəs ova çıxar uğruna görə...

Bakı,

30.XII.2012.

                 

ÜZDƏNİRAQ

                 

Hardan belə öyrənmisən

Böyür-böyür böyürməyi?

Yalan-palan əlçimləyib,

Asta-asta əyirməyi?!

                 

Hay-küy ilə baş qatmağı;

Taxta qılınc oynatmağı;

Dibsiz qazan qaynatmağı;

Boş yüyrüyü yüyürtməyi?!

                 

Vayda içib, kefdə içib;

Lap hamıdan siftə içib;

Müftə yeyib, müftə içib;

Müftə doyub gəyirməyi?!

                 

Fağır görsə, qazılanıb;

Qozu-qozu qozulanıb;

Qoç görəndə quzulanıb,

Oğlaq kimi bəyirməyi?!

                 

Boğazını arıtlayıb;

Dil-dodağın barıtlayıb;

Altdan-altdan marıtlayıb

Qəfil qılınc siyirməyi?!

                 

Sən bir qırğı, şikarın qaz;

Canayğından qurtarammaz!..

Quzğun səntək bacarammaz –

Leş üstünə yüyürməyi...

Bakı,

30.IX.1974.

                 

TANRI GÖRKÜ

Xosrov Sərtibinin mənə həsr etdiyi

təkərləməyə gəraylı üstündə cavab

                 

Ay Təbrizdən əsən nəsim,

Sən Xosrovu-Sərtibisən!

Səndən özgə kimim var ki?! –

Çiynim üstdə sər kimisən!

                 

Gül baharım, seyrü-səfam!

Sən safsan ki, mən də safam!

Mehrin ilə müşərrəfəm!

Sevmədin ki, hər kimi sən.

                 

Nəbatinin təşnəsisən!

“Yeki” sənsən, “şeşi” sən!

Dağda qaya çeşməsisən.

İlhamınla zər kimisən!

                 

Şairlik Tanrı görküdür!

Misra gözəllik bərqidir!

Hər yazdığın söz şərqidir;

Davam etdir şərqini sən!

                 

Yaxşı qismət oldu görüş!

Gəzdik yurdu qarış-qarış...

Qoşman itsə, məndən soruş:

Ruhumda əzbər kimisən!

                 

Ərənlərin məsəliylə,

Dünyan dolu təsəlliylə!

Şəhriyarın öz əliylə

Yazılmış əsər kimisən!

                 

Kəleybərdə bağça-barsan!

Dağ deyilsən, dağca varsan!

Fərhad olub, dağ çaparsan,

Sözünlə kəsər kimisən!

                 

Salam göndər ətək-ətək:

Salamınla sənə yetək!

Səsin gəlmir əvvəlki tək:

Haçandı küsər kimisən.

                 

Qucaq açar göylər sənə,

Məmməd salam söylər sənə.

Ləşkər gəlsə, neylər sənə?! –

Bir yenilməz ər kimisən!..

Bakı,

07.XII.2012.

 





21.01.2013    çap et  çap et