525.Az

Millət vəkili “Freedom House”-u tənqid etdi


 

Millət vəkili “Freedom House”-u tənqid etdi<b style="color:red"></b>

“Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları artıq neçə illərdir antiAzərbaycan, erməni dairələri tərəfindən ölkəmizə qarşı təzyiq rıçaqı kimi istifadə olunmasında onların əlində bir oyuncağa, vasitəyə çevriliblər. Bu təşkilatların başında isə insan hüquqlarının müdafiəsi pərdəsi altında öz çirkin və məkrli fəaliyyətini həyata keçirməyə çalışan “Freedom House” təşkilatı gəlir”.

525.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Hüseynbala Mirələmov dilə gətirib.

“Freedom House”-nin hər zaman Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqe sərgilədiyini bildirən millət vəkilinin sözlərinə görə, bu təşkilatın əslində son hesabatından da nə isə gözləməyinə dəyməzdi: “Erməni dairələrinin və onların beynəlxalq havadarlarının sifarişlərini yerinə yetirən bu təşkilat son illər haçan ölkəmizlə bağlı obyektiv mövqe ortaya qoymuşdu ki, indi də ondan belə bir yanaşma sərgiləyəcəyinə ümid edəydik?.. Bu təşkilat sadəcə, öz əvvəlki mövqeyini təkrarlayıb, antiazərbaycançı, xüsusilə erməni dairələrinin onlara verilən tapşırıqlarını yerinə yetirib, icra edib. Eyni zamanda çox gülməlidir ki, insan hüquqlarının müdafiəsini öz üzərinə götürdüyünü bəyan edən bu təşkilat hər zaman birmənalı olaraq bu mövqeyinə qarşı gedir, ümumiyyətlə, hamılıqla tanınan, qəbul edilən beynəlxalq hüquq normalarını, qanunun aliliyi prinsipini ayaqlar altına alıb tapdalayır. Əgər belə olmasaydı ermənilər, Ermənistan tərəfindən 25 ildən bu yana işğala, təcavüzə məruz qalan, bu günün özündə belə, bu təcavüzdən əziyyət çəkən Azərbaycanı “azad olmayan ölkə”, onun işğal olunmuş ərazisini, həmin işğal olunmuş ərazidə oyuncaq, qondarma rejim qurmuş “DQR”-i “qismən azad zona” elan etməzdi. Azərbaycanın tarixi torpaqlarının işğalı nəticəsində yaranmış bir separatçı, terrorçu qurumu bu cür açıq-aşkar şəkildə dəstəkləmək, müdafiə etmək bütün tərəqqipərvər, sülhpərvər dünyanın birmənalı olaraq lənətlədiyi, “yox” dediyi terrorizmi, ekstremizmi və separatizmi canı-könüldən dəstəkləmək, həmin antibəşəri dəyərlərə, cinayətlərə şərik çıxmaq, onları bölüşmək deməkdir. Bunun başqa adı yoxdur və ola bilməz. Bu təşkilat birbaşa ekstremizmə, separatizmə, qanlı terrorizmə açıq-aşkar dəstək verir. İndi belə olan halda, bu təşkilatdan nə isə gözləməyinə, ummağına dəyəmi? Əlbəttə ki, xeyr!”

Millət vəkili eyni zamanda bildirib ki, “Fredom House” tipli antiazərbaycançı qüvvələrin bütün məkrli niyyətlərinə, cəhdlərinə baxmayaraq, onların ölkəmizə, dövlətimizə, mövcud hakimiyyətə qarşı apardıqları “qarayaxma kampanyası”nın heç bir əhəmiyyəti və səmərəsi olmayacaq, bu cəhdlər və niyyətlət alınmayacaq, baş tutmayacaq :

“Bu kimi cəhdlər ölkəmizi, onun inkişafını və bu inkişafı yaradan, gerçəkləşdirən, həyata keçirən indiki siyasi komandanı öz tutduğu yolundan döndərə, yayındıra bilməz, bilməyəcək də.  Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin çox düşünülmüş və uğurlu daxili-xarici siyasət kursu nəticəsində Azərbaycan dünyada öz modelini yaratmağa nail olub. Dünyada artıq inkişafın və tərəqqinin “Azərbaycan modeli” mövcuddur. Dünyanın aparıcı ölkələrinin hələ də məngənəsində boğulduğu maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycan bu böhrandan demək olar ki, itkisiz, ziyansız qurtula bildi.

Bu gün Azərbaycanda yuxarıda dediyim kimi, əsl inkişaf yaşanmaqdadır və bu inkişaflı yaradan, təmin edən qüvvə də ölkəmizi, dövlətimizi, xalqımızı bundan sonra hələ daha çox qələbələrə, uğurlara doğru aparacaq, qovuduracaq. Bu yolda da heç kim, heç bir qüvvə Azərbaycana, mövcud siyasi komandaya mane ola bilməz və ola bilməyəcək. Qoy bunu da çoxları hələ ki gec deyil, birdəfəlik qulaqlarına sırğa edib taxsınlar...”

K.Həmzəoğlu

 





21.01.2013    çap et  çap et