525.Az

Azərbaycan torpaqların işğalı ilə barışmayacaq


 

"DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL OLUNMASI ÜÇÜN TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİNDƏKİ GƏRGİNLİK SƏNGİMƏLİDİR"

Azərbaycan torpaqların işğalı ilə barışmayacaq<b style="color:red"></b>

Məlum olduğu kimi, dekabrın 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin paytaxtı Berndə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
 
Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.

Həmsədrlərin son bəyanatında münaqişənin danışıqlar yolu ilə nizamlanmasına təkan verə biləcək açıqlama verilmədiyi, təcavüzkarla təcavüzə məruz qalanın adlarının açıqlanmadığını, o cümlədən, Rusiya-Türkiyə gərginliyini nərəzə alsaq, prezidentlərinin görüşünün nəticəsiz bitəcəyi gözlənilən idi.

Diqqət çəkən məqamlardan biri Serj Sarkisyanın Bern görüşünün ardınca dərhal Moskvaya yola düşməsidir. Məlumata görə, Ermənistan prezidentinin Rusiya səfəri Kollektiv Təhlükəsizlik Şurası Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyaları çərçivəsində baş tutub. Ermənistan mətbuatında yayılan məlumata görə, Sarkisyan Moskva səfəri çərçivəsində Putinlə görüşəcəyi bildirilib. Bu görüşdə isə Bern danışıqlarının müzakirə ediləcəyi istisna olunmayıb. Bu hal bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistan əsas rol oynamır. İşğalçı ölkə forpost mahiyyət daşıdığından ona verilən tapşırıqlara uyğun olaraq hərəkət edir, onlara "Dur!" əmri verilənədək prosesi uzatmağa çalışır.

Millət vəkili Sahib Alıyev hesab edir ki, görüşün nəticəsiz bitəcəyi gözlənilən idi. Onun sözlərinə görə, görüşü təşkil edənlər məhz bunu istəyir, onların məqsədi münaqişənin həlli yox, onun savaşla əvəzlənməsinin qarşısını almaqdır: "Məntiq budur: Prezidentlər arasında ünsiyyəti saxlasaq, demək, savaş olmayacaq. Dövlət başçısı İlham Əliyevin Sarkisyana öldürücü baxışlarından da aydınca görünür ki, bunu "ünsiyyət" adlandırmaq üçün gərək həmin görüşü gözüyumulu izləyəsən. Açığı heç Serjik danışıqlarda tərəf gözündə də görülmür. Əsl tərəf bu danışıqları təşkil edənlər və bu yolla məsələnin həllini uzadanlardır. Onlar istəsə, ermənilər bir günün içində Azərbaycan torpaqlarını boşaldarlar. Ancaq istəmirlər. Bu cür nəticəsizliyə hesablanmış danışıqlar təşkil edirlər. Azərbaycan tərəfi bütün bunları bilə-bilə ona görə görüşə razılıq verib ki, erməni havadarları bizim Dağlıq Qarabağ münaqişənin sülh yoluyla həllini istəmədiyimizi tirajlamasın. Çünki bu, diplomatik müstəvidə apardığımız işlərə maneçilik törədəcək".

S.Alıyev bildirib ki,  işğalçı Ermənistan bu nəticəsiz danışıqların nəticəsini görəcək: "Havadarlarının ön xətdən snayperləri çəkmək və ermənilərin torpaqlarımızda rahat gəzib-dolaşmaları üçün irəli sürdükləri başqa təkliflərin rədd olunması da elə o deməkdir. O deməkdir ki, itkiləri çoxaldıqca yenə Ermənistandakı əsgər anaları hərbi xuntadan soruşacaq ki, nədən oğulları gedib onların olmayan torpaqlarda ölməlidirlər".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesini öz üzərlərinə götürsələr də heç bir irəliləyişə nail ola bilmirlər.

Politoloq bildirib ki, həmsədrlər zaman-zaman sözlərin, cümlələrin yerini dəyişməklə "yeni təkliflər" adlı fikirlər irəli sürsələrdə, hər kəs bilir ki, bütün bunlar əvvəllərdə müzakirə olunmuş məsələlərdir: "Bu fonda, xoşa gəlməyən hal Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsidir. Bu vəziyyətdən böyük dövlətlər, xüsusilə Qərb ölkələri öz maraqlarına uyğun olaraq istifadə edirlər. Yəni, Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı embarqoya qoşulmayan yeganə NATO ölkəsi Türkiyə idi. İndi isə Moskva ilə Ankaranın da münasibətləri korlanıb və qarşılıqlı embarqolarla nəticələnib".

M.Zülfüqarlı hesab edir ki, bu, gərgin vəziyyətdə Dağlıq Qarabağ probleminin həllində hər hansı bir irəliləyişlərin əldə olunacağına ümid yoxdur: "Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ilk olaraq Türkiyə-Rusiya münasibətlərindəki gərginlik səngiməlidir. Bu, iki dövlət arasında münasibətlərin müsbət istiqamətdə inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə fayda verə bilər. Hazırkı vəziyyət isə yaxşı heç nə vəd etmir".

Azərbaycanın sülhə sadiq dövlət olduğunu qeyd edən Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri, hərbi ekspert Emin Həsənli söyləyib ki, Prezident İlham Əliyevin Ermənistana ən böyük güzəşti danışıqlar prosesini davam etdirərək işğalçı ölkə rəhbəri Sarkisyanla bir masada əyləşməsidir: "Gözləntilər o zaman olar ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - ATƏT-in həmsədr dövlətləri Ermənistana konkret tələblər irəli sürər. Ukrayna böhranı, Krımın ilhaqı ilə bağlı Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana da aid edilməlidir. İşğalçı ölkəyə zəbt etdiyi Azərbaycan torpaqlarından qoşunlarını geri çəkmək üçün konkret müddət qoyulmalıdır. Əfsuslar olsun ki, real vəziyyət bunun əksini deyir. İyirmi ildən artıqdır ki, Ermənistana yürütdüyü işğalçılıq siyasətinə görə vaxt qoyulmur, tələb irəli sürülmür.

E.Həsənli bildirib ki, Azərbaycan münaqişə ilə bağlı öz üzərinə düşən öhdəlikləri həmişə yerinə yetirib, sülh prosesinə sadiqlik nümayiş etdirib. Bununla bərabər ölkəmizin öz iqtisadiyyatını, ordu quruculuğunu inkişaf etdirdiyini deyən hərbi ekspert son hadisələr nəticəsində cəbhə bölgəsində Ermənistanın böyük itkilər verdiyini diqqətə çatdırıb.

Birlik sədrinin sözlərinə görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, gec-tez bu torpaqlar Azərbaycana qayıdacaq: "Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi konkret addımlar atmaq fikrində deyil. Çünki beynəlxalq ictimaiyyət işğalçı ölkəni konstruktiv mövqe nümayiş etdirməyə sövq etmir".

Ermənistanın müstəqil deyil, diasporadan, ayrı-ayrı dövlətlərdən asılı olduğunu deyən hərbi ekspert bu səbəbdən işğalçı ölkədən konkret addımlar atmasını gözləməyin çətin olduğunu vurğulayıb.

E.Həsənli qeyd edib ki, son vaxtlar Azərbaycan ordusunun təmas xəttində həyata keçirdiyi cavab tədbirləri - Ermənistana məxsus helikopterin, pilotsuz uçan aparatların vurulması, diversiya qruplarının zərərsizləşdirilməsi, eyni zamanda, dövlətimizin apardığı xarici siyasət nəticəsində işğalçı ölkənin regional layihələrdən kənarda qalması erməniləri çətin vəziyyətə salıb: "Onların bir çıxış yolu var: işğal etdikləri torpaqları geri qaytarmaq. Əks halda, Ermənistan dövlətinin varlığı şübhə altında qalacaq".

Hərbi ekspert əlavə edib ki, münaqişənin ədalətli həlli üçün Rusiya Ermənistana təzyiq etməlidir: "Əgər Ermənistan torpaqları öz xoşu ilə qaytarmasa, Azərbaycan danışıqları dayandırıb hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməli olacaq".

Ceyhun ABASOV

 





22.12.2015    çap et  çap et