525.Az

"Bern görüşünün nəticəsiz başa çatması məqsədlidir"


 

"Bern görüşünün nəticəsiz başa çatması məqsədlidir"<b style="color:red"></b>

Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçirilən görüşü gözlənildiyi kimi hər hansı nəticə ilə yekunlaşmadı.
 
Daha əvvəl ekspertlər də öz açıqlamalarında demişdilər ki,  görüşdən sonra cəbhədə gərginlik azala bilər və tərəflər danışıqları növbət ildə davam etdirəcəklərini bəyan edə bilərlər. Əslində görüş elə bu sonluqla başa çatdı. Amma görüşdən sonra da erməni tərəfi hər zaman olduğu kimi öz vədini pozaraq cəbhədə atəşkəs rejimini intensiv olaraq pozmaqda davam edir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə görüşün keçirilməsini müsbət hal adlandırıb. O xatırladıb ki,  2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Soçi, Nyu-Port (Uels) və Parisdə  görüşləri olub: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlərin Bern görüşündən sonra 19 dekabr tarixli bəyanatlarında Ermənistan və Azərbaycan hərtərəfli həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət olunurlar.

Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, demək olar əksər ekspertlər görüşdən əvvəl  hansısa irəliləyişin olmayacağını bəyan etmişdilər. Həmsədrlərin qısa açıqlamasında da bildirilirdi ki, prezidentlər vasitəçilərin təmas xəttində gərginliyin azaldılmasına dair apardığı işi və Minsk qrupu formatında danışıqların davam etdirilməsini dəstəkləyir: "Yalnız buna görə, ilin sonunda görüş təşkil etmək lazımlı idimi?

Prezidentlərin bundan əvvəlki son görüşü 27 oktyabr 2014-cü ildə Parisdə prezident Fransua Ollandın iştirakı ilə  olmuşdu. Görünən odur ki, həmsədrlər bu il ərzində prezidentlərin görüşünü təşkil etməklə mövcud olduqlarını göstərmək istədilər. Ona görə də nəticəyə ümid olmasa belə bu görüşün keçirilməsinə nail oldular. Həmsədrlər yalnız diplomatdılar, onlar danışıqların irəli aparılmasına, onun dalandan çıxarılmasına  hər hansı impuls verə bilməzlər. Bunun üçün onların təmsil olunduqları ölkələrin rəhbərləri konkret addımlar atmalıdırlar. Təəssüf ki, biz hələ bunu müşahidə etmirik".

Millət vəkili Musa Qasımlı isə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşünü bir neçə baxımdan qiymətləndirmək olar. Hər şeydən əvvəl, bu görüş göstərdi ki, Ermənistan tərəfinin "rəsmi İrəvan üçün Dağlıq Qarabağ münaqişəsinə dair məsələ yoxdur" deyərək, erməni ictimai rəyini sakitləşdirmək cəhdlərinin heç bir əsası yoxdur. Onun sözlərinə görə, ikincisi, bu görüş onu göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın işğal edilmiş əraziləri boşaldılana qədər mövcud olacaq, Azərbaycan dövləti "oldu-bitdi" ilə barışmayacaq və işğal edilmiş bütün ərazilərini azad edəcək: "Üçüncüsü, bu görüş həmsədrlərə də lazım idi. Onlar hansısa bir işi gördüklərini hesabatlarına yazmalı idilər. Həmsədrlərin fəaliyyəti ikrah hissi doğurur. Onlar öz mandatlarını yerinə yetirə bilmirlər".

Politoloq Elşad Mirbəşiroğlu isə vurğulayıb ki, Ermənistan tərəfi atəşkəs rejimini ciddi şəkildə pozmaqla həm prezidentlərin görüşü ərəfəsində, həm də ondan sonra münaqişənin tənzimlənməsi istiqamətində real addımın atılması məsələsinin deyil, cəbhə bölgəsindəki gərginliyin müzakirə olunmasına çalışdığını göstərdi. 

Onun sözlərinə görə, bu uzun fasilədən sonra baş tutan bir görüşdür: "Prezidentlərin  sonuncu görüşündən keçən uzun zaman müddətində ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində müsbət nəticələrə gətirib çıxaracaq hər hansı bir addım atılmayıb. Ən əsası isə münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənməyib. Əksinə, bəzən tənzimləmə prosesinə mənfi təsir göstərən addımlar atılıb.

Məsələn, bir neçə gün öncə amerikalı həmsədr  Ceyms Uorlik qondarma "DQR"dan olan nümayəndələrlə görüşüb. Hesab edirəm ki, prezidentlərin görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin belə bir addım atması bir daha sübut edir ki, digər həmsədr ölkələr kimi ABŞ da münaqişənin tənzimlənməsində obyektiv mövqe tutmaq və prinsipiallıq nümayiş etdirmək fikrindən uzaqdır. Təbii ki, belə olan halda işğalçı Ermənistan özünü tam cəzasızlıq şəraitində hiss edir və qeyri-konstruktiv davranışlarını davam etdirir".

Politoloq bildirib ki, görüş ərəfəsində və sonra Ermənistan tərəfinin cəbhə bölgəsində ciddi gərginlik yaratması da sübut edir ki, o, status-kvo vəziyyətinin qalması üçün əlindən gələni edir: "Bütün bu məqamlar belə qənaət formalaşdırır ki, yenə də Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və davranışları, ATƏT-in MQ-nin məqsədli fəaliyyətsizliyi prezidentlərin görüşünün nəticəsiz başa çatmasını şərtləndirdi".

PƏRVANƏ

 





22.12.2015    çap et  çap et