525.Az

Gənc kinematoqrafçılar üçün yeni fürsət- “Robert Bosch Stiftung”


 

Gənc kinematoqrafçılar üçün yeni fürsət- <b style="color:red">“Robert Bosch Stiftung”</b>

Cənubi Qafqaz ölkələrinin və Qara dəniz regionunun gənc kinematoqrafçılarının “Robert Bosch Stiftung”  mükafatı uğrunda yarışacaqlar

Cənubi Qafqaz ölkələrinin və Qara dəniz reqionunun gənc kinematoqrafçılarının Almaniya kino prodüserləri və kino xadimləri ilə görüşü keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından AzərTAc-a bildiriblər ki, Almaniyanın “Robert Bosch Stiftung” şirkəti Şərqi Avropadan və Almaniyadan olan gənc kinematoqrafçılara filmlərin istehsalı üçün 3 mükafat təsis edib.

Mükafatlar 3 kateqoriya-sənədli, cizgi və qısametrajlı filmlər üçün müəyyən edilmişdir. Hər bir layihə üçün 70 min avro nəzərdə tutulub.

Gənc kinematoqrafçılara rejissorluq, operator işi, ssenari yazılması və s. üzrə qonşu ölkələrin yaradıcılıq üslubu və metodlarını öyrənmək imkanı veriləcək.

Tədbir Beynəlxalq Sofiya Kinofestivalı müddətində 3 gün ərzində keçiriləcək. Ən perspektivli layihələri ilə Cənubi Qafqaz regionundan komandalar (tərkibi rejissor və prodüserdən ibarət olmaqla) Azərbaycan, Gürcüstan, Ermənistan, Qara dəniz regionu ölkələrindən isə Moldova, Rumıniya, Ukrayna və Bolqarıstan dəvət olunacaq. 

Qısametrajlı və sənədli filmlərin layihələrinin alman prodüserlərinə təqdimatı onların gələcəkdə inkişaf etdirilməsini və xarici mütəxəssislərdən məsləhətlər alınmasını da nəzərdə tutur.
Seminarın məqsədi gənc mütəxəssislərə birgə beynəlxalq istehsalın ilkin anlayışlarını təqdim etməkdir. Pitçinq seminarlar öz layihələrini alman mütəxəssislərinə və prodüserlərinə təyin olunmuş vaxtda, qısa şəkildə ifadə etməyi, təqdimat formalarını öyrədəcək və hazırlayacaqdır. Gənc mütəxəssislərə təcrübə toplamaq və məsləhət almaqdan əlavə, öz layihələrini inkişaf etdirmək imkanı da veriləcək. 

“Robert Bosch Stiftung” mükafatına ərizə verməyə ilk addım atmaq məqsədilə birinci növbədə tərəfdaş (rejissor, prodüser) tapmaq, müsabiqədə iştirak etmək üçün isə ərizə formasını doldurmaq lazımdır. 

Ərizə formasını Azərbaycan Kinematoqrafçılar İttifaqından və ya “Narimanfilm” kinoşirkətindən əldə etmək olar.

Müsabiqədə iştirak etmək istəyənlər üçün ingilis dilini bilmək vacib şərtdir. Birliyin hazırladığı informativ bukletlər paylanılıb.

GÜNEL

 





21.01.2013    çap et  çap et