525.Az

Azərbaycanın Qarabağ məsələsində mövqeyi birmənalıdır


 

ELÇİN ƏHMƏDOV: "TƏCAVÜZKAR ERMƏNİSTAN İŞĞAL OLUNMUŞ TORPAQLARDAN ÇIXMAQ İSTƏMİR, DANIŞIQLARDAN İMMİTASİYA MƏQSƏDİ GÜDÜR"

Azərbaycanın Qarabağ məsələsində mövqeyi birmənalıdır<b style="color:red"></b>

"Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü əvvəlkilərdən fərqlənməyib. Çünki Ermənistan sülh istəmir".

Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin paytaxtı Berndə keçirilən sayca 50-ci görüşü barədə fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi birgə bəyanatda hər iki tərəfin bərabər tutulması münaqişənin həllinə heç bir kömək etməyəcək: "Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların və  böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı,  1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri 50 görüş keçirib. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşıb. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir".

Politoloq bildirib ki, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir: "Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 70-dən çox görüş keçirib və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Ancaq təcavüzkar Ermənistan işğal olunmuş torpaqlardan çıxmaq istəmir, vaxt uzatmaqla, danışıqlardan immitasiya məqsədi güdür. Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təş-kilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır".

E.Əhmədov hesab edir ki, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk Qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar: "Münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Ermənistan BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bi-lavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistanın münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapıb. Ona görə də, böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər".

Mərkəz sədri vurğulayıb ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir: "Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir".

Politoloq deyib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır: "Problem yalnız Azərbaycanın ərazi bütövlüyü  və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilib. Prezident İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha da artırıb. Eyni zamanda, dövlət başçısı bəyan  edib ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları ilə təsdiq edildiyini vurğulayıb. Dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini bildirməklə yanaşı qeyd edib ki, biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq".

Ceyhun ABASOV

 





23.12.2015    çap et  çap et