525.Az

Sənətdə bərkimiş imza


 

Sənətdə bərkimiş imza<b style="color:red"></b>

Yadımdan çıxıb, Əjdəri Gəncədə oxuyan dövrdən tanıyıram, ta Lerikin Muğan qışlağında müəllimlik fəaliyyətiylə məşğul olarkən. Yaddaşımda qalan təkcə budu, onda hələ Əjdər, Ol deyildi, ara-sıra mətbuatda gedən şeirlərinin altında adı ilə birgə halal ata-baba soyadı yazılırdı: Cəbiyev. İlk dəfə Əjdər Cəbiyev imzası ötən əsrin 80-cı illərində məni diksindirib.

O əhvalat belə baş verdi. Qızılı payız günlərinin bir günorta saatlarıydı. Çalışdığım “Azərbaycan” jurnalının redaksiyasına baş çəkmək üçün Yazıçılar Birliyinin binasında üçüncü mərtəbəyə qalxdım. Redaktor müavininin qapısını ərklə açdım. Gözəl şair-publisist, zövqünə inandığım tələbkar İsa İsmayılzadənin öz kabinetində yorğun-arğın, azca da fikirli oturduğunu gördüm. Mərhum İsa müəllimin kədərqarışıq zəhmli görkəmində bir işıq vardı. Deyəsən, yazı masasının üstündə “Azərbaycan” dərgisinin hansısa sayı açıq qalmışdı. Mən bu pəjmürdə vəziyyətdə İsanı tək qoyub bayıra çıxmaq, ona yaradıcılıq məqamında mane olmamaq istədim. O, ciddi təkidlə “gəl, qağa, əlimdə heç bir işim yoxdu, sən de görüm, Əjdər Cəbiyevlə tanışlığın var?” – deyə gözlənilmədən maraqla gözünü gözümə dikdi. “Adda-budda şeirlərini oxumuşam, üzünü görməmişəm, İsa müəllim” – dedim. “Mən də tanımıram, görünür, “qapıdan qovulub, pəncərədən girənlərdən” deyil, yaxşı şairdi, jurnalda bir şeiri çıxıb, lap məni dəli eləyib, məni məhvərimdən çıxarıb. Sən bu misralara diqqət elə” – söylədi, sonra pıçıltıyla Əjdər Cəbiyevin dərgidə işıq üzü görən şeirinin şah misralarını oxudu:

... O boylu qadına oxşayan məzar,

Nə səni, nə məni, doğmaz ki doğmaz.

Həmin gün tanımaza-bilməzə xeyli Əjdərin “qeybətini” qırdıq. Məni ən çox təəccübləndirən bəzən illərlə şeir bəyəndirə bilmədiyimiz İsa İsmayılzadənin iki misraya vurğunluğu, orijinal poetik deyim tərzi önündə diz çöküb ağ bayraq qaldırıb, mərdi-mərdanə təslimçiliyiydi. Çünki İsa həqiqətən əsl söz sərrafı idi, istedadsızların başında turp əkirdi, elə sifət göstərirdi, bir də üz-üzə gəlməyə cəsarəti çatmırdı. Əslində onun tanımadığı bir gənc şairin şeirinə aludə olmağı, dönə-dönə qəribə xofla, ehtiyatla əzbər deməyi daxili böyüklüyü və zənginliyiydi. Bu, mənim də nigarançılığımın, bədbinliyimin üstündən xətt çəkmiş, könlümü açmış, kefimi durultmuşdu. Əjdərin qələbəsini öz qələbəm sayırdım...

Sonra Əjdəri mətbuatda, Əkrəm Əylislinin və Yusif Səmədoğlunun redaktorluq elədikləri “Azərbaycan”, “Ulduz” dərgilərinin təptəzə ab-havasında axtardım. Artıq bu imza xeyli püxtələşmiş və geniş oxucu auditoriyasına özünü tanıtmışdı, müntəzəm görünürdü. Sorağı Baltikyanı respublikalardan, Moskvadan gəlirdi – başqa xalqlar ədəbiyyatından uğurla elədiyi tərcümələr ədəbi orqanlara yol tapmışdı, bu nümunələr ciddi sənət qoxusu verirdi, Ədəbiyyat İnstitutunu bitirmiş bəzi “mandatlı” şairciklərin boyat çevirmələrinə oxşamır, “araq-çaxır qoxusu”ndan uzaq idi. Onda sənətdə bərkimiş imzası soyadını unutdurmuşdu, Əjdər Cəbiyev axtardığı, haqdan-ilahidən vergi kimi gəldiyi Əjdər Ola qovuşmuşdu.

“Qoy Əjdər müəllim sizin üçün ezamiyyə vərəqəsi doldursun, gedin Zaqatala-Balakən rayonlarına, həm görüşlər keçirin, həm də ab-havanızı dəyişin” – yumşaq tərzdə dillənən Bədii Ədəbiyyatın Təbliği Bürosunun direktoru Hafiz Əli məndən və Məmməd Kazımdan cavab gözlədi. Məmməd Kazım hər ikimizin adından dil-ağız elədi. Bu zaman uca boylu, gülər üzlü Əjdər Ol qəfildən peyda oldu, deyəsən, yanında şair Kəramət vardı. O, cəld bizi müdirin otağından çəkib apardı, gözlə-qaş arasında xüsusi qonaqpərvərliklə çay dəmlətdirib gətirdi. “Zaqatalanın yaxşı vaxtlarıdı” – deyə kamali-ədəblə ürəyimizi oxudu, qələm götürüb səliqəylə ezamiyyə vərəqələrimizi doldurub bizə uzatdı. O vaxtlar Əjdər Ol Yazıçılar Birliyində çalışırdı.

Sovet vaxtlarıydı, normal, talantlı gənc qələm adamı üçün uyğun iş tapmaq ceyran belinə çıxmış, müşkül məsələyə çevrilmişd. Hansı baş redaktoru və ya direktoru danışdırırdın, ya “ştatım yoxdu” – deyir, ya da xırda-para təsərrüfat işi təklif edir, səbrlə gözləməyi məsləhət görürdü. Bəzən isə bu gözləmə 7-8 il çəkir, mövcud quruluşa lənətlər yağdıran şairi, yazıçını hövsələdən çıxarır, ümidini üzürdü. Arada Əjdər Ol “Yazıçı” nəşriyyatına tez-tez baş çəkdi, o yaradıcı mühitdə işləyib-işləməməyindən xəbər tutmadım. Ən nəhayət, necə deyərlər, “quş özünə yuva tapdı”, indi Əjdər Olun şairliyi, nasirliyi, dramaturq və görkəmli publisist simasında tanınmağı, tərcüməçiliyi bir yana, yerində olan Dövlət məmuru statusunda kamil şəxsiyyət kimi formalaşmağı bütün dostlarının və Əjdərsevərlərin ürəyincədi. Çünki bundan ətrafdakılar daha çox barlanır, nəinki həssas, səxavətli Əjdərin özü. Bütövlükdə isə işıqlı bir insanın simasında cəmiyyət qazanır və faydalanır.

lll

Əjdər Olu bir yazar kimi mənə tanıtdırıb-sevdirən Füzuli sevgisidir və sonra şeirləri. Məhəmməd Füzuliyə qəlbinin darvazalarını taybatay açan, gecə-gündüz beytlərinin odunda qızınan və məclislərdə “qəzəl Allahı”ndan saatlarla say-seçmə nümunə əzbərdən deyən şair ən yüksək alqışa layiqdi və cənnəti özünə sağ ikən qazanıb. Füzuliyə kortəbii aludəçilik, seyrçi vurğunluq, bəsit itaətkarlıq girdaba yuvarlanmaq, quyunun dibinə yıxılmaqdır. Əjdər Ola telekanallarda, aparıcılıq elədiyi məclislərdə qulaq asmışam, o, Azərbaycan əruzunun bəhrlərini, variantlarını, növlərini asanca ayırır, onları aktyor səriştəsi və çılğınlığı ilə əzbərdən söyləyir, məna və məzmununu təhrif etmədən açır. Füzuli möcüzəsinin xofundan çəkinmir, qorxmur, özünəməxsus şəkildə izahına keçir.

Çareyi-behbudimi sordum

müalicdən, dedi:

Dərd dərdi eşqdir,

mümkün deyil səhhət sənə!

Hər bir istedadlı şəxs Füzuliyə xitab edərkən hafizanə surətdə bir azca Füzuliləşir, çünki Füzulinin sözü harmonik ritmdir və bu ahəng cazibəsi qana, ruha oturur, başqa formada haçansa özgə bir kəsdə üzə çıxır. Əjdər Ol da mənəvi varisdir və bu xələf-sələf doğmalığından, bağlılığından, tamlığından və bütövlüyündən kifayət qədər götürüb, nəsə itirdiyi isə yalnız uca Tanrıya bəllidir. Və klassik irsə dəli-dolu Əjdər vurğunluğu təkcə Füzuli eşqiylə tamamlanmır, şairin “yaddaş ərazisi”nin xəritəsi genişdir və bu xəritədə qədim ustadlardan tutmuş çağdaş şairlərimizin yaratdıqlarınacan bədii çələng yer alıb.

Əzabı mən elə gözəl çəkirəm,

Çəkdiyim əzabdan heç kəs usanmır.

Özüm öz başıma sığal çəkirəm,

Məndən söz düşəndə söhbət uzanmır.

“Mən” şeiri mənəm-mənəmlikdən beş ağac uzaq dolanıb gen qaçan təvazökar şairin müstəqillik dönəmimizdə çap olunan sayca üçüncü kitabındandır. Həmin kitab “İndidən...” adlanır. Bunacan müəllifin “Gələcəkdə yaşayıram”ı (Yazıçı, 1987), “Alın yazıma düzəlişim” (Gənclik, 1991) işıq üzü görmüşdü. Söz sənəti əzablı sənətdi, şairin öz içində çəkdiklərini heç kim bilməz, misra üstündə neçə əsib-titrədiyini, “dərdin şəklini necə çəkdiyini”, özünü aldada-aldada “başına sığal çəkdiyini” özü bilər. Heca şeiri gözlənilməz qafiyələrin sintezidir, çünki təzə qafiyə forma baxımından şairdən işlətmə bacarığı, məzmuna minmə səriştəsi tələb edir və Əjdər Ol peşəkarcasına buna yiyələndiyini oxucusuna göstərir.

Dünya ölüm-itim dünyasıdı, ancaq ən bədbin taleli insanın da içində “əlvida” deyib köçəndən sonra bir də bu cahana dönmək xülyası yaşayır. Müdhiş müəmma hamını gözləyir, heç kəs konkret cavab tapmır. Şair də bu gah öləziyib sönən, gah da yanıb işıldayan hadisəyə münasibətini filosofyanə ifadə edir:

Daha inanmışdım, mən də bir sabah,

Elə həmişəlik ölüb gedərəm.

Mənə izn verdi yuxuda Allah,

Bir də bu dünyaya gəlib-gedərəm.

Əjdər Ol “İzn” şeirində şəkk gətirənləri – “bu vəhyi vecinə almaz bilirəm, Allahın özünə inanmayanlar”ı tanıdığına da şünhə yeri qoymur. Bəs bu qayıdış necə qayıdışdır, bəlkə vüsal uzun çəkdi, bəlkə bu, şirin yuxudur? Bəlkə heç bu basabasda növbə çatmadı?

Təzə gəlişimi qəfil biləntək,

Adıma çiçəklər dəriləcəkmi?

Mənə, o dünyaya gedib-gələntək,

Hər yerdə üstünlük veriləcəkmi?

Müəllin başqa bir şairanə nigarançılığı da var: “Bəlkə də gecikdi Allahın əmri, mənə verilmədi bu adım bəlkə”. Son söz yenə Yaradanındı: “düşdüm dolaşığa, ikinci ömrü, birinci ömür tək yaşadım bəlkə”. Yaxşı şeir kəşfdi, şair dərin ümumiləşdirmə ilə Allahın verəcəyi “izn”ə hazır dayandığını, sufiyanə tərzdə möcüzəyə inam bəslədiyini təsdiq edir.

Ürək çırpınacaq, göz doluxacaq,

Birinci qəbrimin yeri itəndə.

Bəlkə indikindən çox darıxacaq,

Mənim köhnə ruhum təzə bədəndə.

 

Ağlınız nə kəsir hekayətimdən,

Ömür sözə dönsə, beş-on kəlmədir...

Bəlkə ölüb getdim, xəcalətimdən,

Heç geri dönməyə üzüm gəlmədi.

Məncə, bu şeir müəllifinin oxucusuna tərəf geri boylanıb baxmağa həmişə, hər vaxt üzü gələcək!

“Atalar üçəcən deyib” el deyim tərzi var. Azərbaycanda əski inama görə, nə  üçünsə kimə ağız açsan, gərək üç dəfə sözünü təkrarlayasan, yaxud bir müşkül məsələnin həllinə başlasan, üç kərə “bismillah” buyurmalısan. Yaxud bir nəfərin qapısına getsən “yox” söyləsələr, səbr edib üç dəfə getməlisən ki, axırı xeyirə calana. Şair “Üç dəfə...” şeirində bu məlum mövzuya açar salmaq istəyib, uğurlu həllini tapıb. “İraq yaman gözdən, birini öysən, üç dəfə “maşallah” demək gərəkdir”, yoxsa öncəki iki cəhdə arxayın olub, işi korlayarsan. “Lap elə xırdaca xahiş”i istər aqildən elə, istərsə də mağmın nadandan, işin alınması üçün “özünü yarımcan etmədin, heç nə”. Axı, “bu söz zəhrimarı bir yol deyirsən”, gedib ünvanına yetişmir.

Zəmanə nə sənə baxır, nə mənə,

Küssən də özündən küsəsən gərək.

“Atalar üçəcən deyib” eşqinə,

Hər şeyə üç dəfə dözəsən gərək.

Əjdər Ol başladığı mövzunu misra-misra hörür. Bəlkə də şeirinin hər bəndini hörüb-quranacan, düzüb-qoşanacan özü demişkən, “üç dəfə” yox, üç yüz dəfə ölüb-dirilir. Çünki bədii nümunələri nə qədər təbii görünsə də, bir o qədər də sərrast və səliqəlidir. Müəllifin heç bir şeirində sözlər xəzəl kimi tökülüb pərakəndə vəziyyətdə ətrafa səpələnmir. Hiss edirsən və görürsən məhz bu söz bu misranın boynundadı. Bu kəlmələr bu bəndin materiallarıdı. Dilə həssas münasibət, məsuliyyətlə yanaşma şeirinin son nöqtəsinəcən ifadə etdiyi mətləbin axırıncı misrasınacan özünü büruzə verir.

Vallah, gec eşidir Allah adamı,

Üç dəfə çağırsaq eşitdi bəlkə.

Mən deyim, qoy təkrar eləsin hamı,

Allah,

Allah,

Allah, düşmüşük bərkə.

Əjdər Ol özünə pıçıldadğı şeirlərində də yalnız bir sifət göstərir. Çünki ünsiyyəti düzgün qurur, etiraf üçün yol qoyur. “Ölümlərin ucuz vaxtı” deyir “ölüb getdi atam-anam”. (“Ölümlərin ucuz vaxtı”) Əlbəttə, labirintdən qurtarmaq mümkündür, “çıxaram dərin quyudan, qardaşlar ipi qırmasa” şərtini qabaqgəlmişliklə şumda kəsir, xırmanda dava düşməsin. (“Çıxaram dərin quyudan”). “Səhər” gəraylısının da motivi eyni ovqatdan qaynaqlanıb:

Tapdalandı yollar, izlər,

İşə düşdü bütün sözlər.

Axmaqlar oturub gözlər,

Dünyanın düzəlməyini.

Vurğuladım ki, hamı bu işıqlı dünyadan bir gün köçüb gedəcək, heç kəs dünyanı dördəlli tutmayacaq. Şairin fəlsəfəsinə görə dünyada ən böyük qorxu unudulmaq qorxusudur: yaddan birdəfəlik silinmək, itib-batmaq qorxusu. Əjdər “İnsan adına” adlı səkkizcə misra şeirində ustalıqla buna cavab tapır və “mat” vəziyyətindən heyrətamiz ustalıqla qurtulur:

... Bunu kim uçurub, onu kim tikib,

düşərmi dənizin, dağın yadına

Axırda adları unudacaqlar,

hər şey çıxılacaq İnsan adına.

Bu yazını ərsəyə gətirib hazırlamaqla Əjdər Olun şeirlərinin ciddi təhlilini aparmaq məqsədi güdmürəm. Sadəcə yaxşı bir şairin şeirlərinə biganə qalmaq istəmədiyimi ifadə edirəm. Və bu xırda gəzişmələri bir dost naməsi adlandırıram. Əjdər Ol nə boyda şairdisə, bir o boyda da nasir və tərcüməçidir, dramaturqdur. “Ölümlə zarafat” (eyniadlı kitab-müəllif) eləməyi sevən incə yumorlu, koloritli publisistdir. “Yazıçı Namiq Abdullayevin axırı”, “Rafiq Tağı ki Rafiq Tağı...”, “Kür Əlisəmid”, “Qrafoman” və digər portret nümunələri dediklərimizə əyani misaldır.

Əjdər Ol Hacıqabulun hansısa kəndində doğulub. Təbii ki, adını çəkdiyimiz rayon Şirvan düzənliyində yerləşir və dostumuzun böyüdüyü doğma Hacıqabulunun iqlimi isti, torpağı şoran və qızmar qumsaldır, bir sözlə yarımsəhradır. Bəs bu qədər milli kolorit hardandır Əjdərin canında-qanında, ruhunda? Məncə, dad-duz qələm dostumun çoxşaxəli yaradıcılığına elə mənsub olduğu şoran torpaqdan hopub.

 





21.01.2013    çap et  çap et