525.Az

Günelin "Kağız gəmilər"i


 

GƏNC YAZIÇI GÜNEL NATİQƏ AÇIQ MƏKTUB

Günelin "Kağız gəmilər"i<b style="color:red"></b>

Açıq məktubları kimlər kimlərə hansı məqsədlə yazır, mən bunun fərqində deyiləm, mənə elə gəlir ki, "açıq məktub" məxfi söhbət üçün açardı.

Deyirəm, ay Günel, şər deməsən, xeyir gəlməz, bəlkə sənin bu "Kağız gəmilər"in düşəydi bir qrofamanın əlinə, heç bilirsən bir qədər əvvəlindən, bir az ortasından, azacıq da axırından oxuyub nə yazardı?.. Bilirsən, nə? Hə, yazardı ki, necə yəni "Kağız gəmilər?" Bəyəm biz bilmirik kağız gəmilərin taleyini? Gölməçəyə salandan azacıq sonra islanıb batır və qarışır o gölməçənin zığına-palçığına... Hə, indi bu minvalla nə söyləmək istəyirsən? Demək istəyirsən ki, bizim gənclərin arzuları ümidləri o kağız gəmilər kimi batığ, qarışıb zığa-palçığa? Yazardı ki, niyə şəkk gətirərsən, insanların içindəki işıqlı sabahlara, nurlu gündüzlərə?

Yazardı ki, başlayaq elə "Kağız gəmilər"dəki birinci hekayədən (əgər buna hekayə demək caizsə?) -"Kələmin içindən çıxmış qızın nağılı"ndan; sənin ədəbi qəhrəmanlarından biri məşhur "On iki stul" əsərinə istinad edərək deyir: "...o bütün dünya elmlərinə yiyələndikdən sonra süpürgəçi işləyirdi". Bu nə deməkdi yoldaş Günel? Budurmu sənin vətəndaşlığın? Sən niyə bu işıqlı cəmiyyətə qara yaxırsan? Bəyəm sən bilmirsən ki, bizim irfan çobanlarımızın xətri indi necə əziz tutulur? Onların üzünə cəmiyyətdə açılan qapılardan xəbərin yoxdurmu? Barmağını yum, bircəciyin say, de görüm o süpürgəçilik eləyən irfan çobanı kimdi? Əlbəttə, istisnalar ola bilər, amma elmi fəzalarda qanad çalanlarımız daha çoxdu, axı, amma sən onları görmürsən, əvəzində yuxu görürsən: "...və hər dəfə yuxudan oyananda varlığının sevincini yaşamağa macal tapmamış yoxluğunu dərk edir və onu yenidən itirirəm". Nə qədər pessimist düşüncə? Gənc yazarın missiyası oxucunu pərvazlandırıb uçurtmaqdı, üzmək yox!!!

"Sərgi salonunun ən kədərli "eksponatı". Guya bu hekayə başlığıdır? Balam, belə də ad olar? Bəyəm sən "ədəbiyyat nəzəriyyəsi"ndən bu qədər xəbərsizsən? Nə isə... Adı hekayə qoyulmuş bu cızma-qaradan belə çıxır ki, əsas personaj "bər-bəzəkli mebelləri, göz oxşayan aksessuarları, möhtəşəm texniki cihazları ilə tamaşaçılara adrenalin kimi təsir etmiş bir sərgi salonunda yalnız orda səslənən melodiyanı "görə" bilir və etiraf edir ki, o italyan musiqiçisinin "eşitdiyim andan qəlbimə hopan o qeyri-adi musiqisi olmasaydı, bu insan çoxluğunda özümü balaca, yalqız bir balıq kimi hiss etməkdə davam edəcəkdim".

Nə isə, bu italyan musiqiçisi çalır və personaj da başlayır bu coşqun, cahanşümul təntənədə sızıldamağa. Və başlayır bu əcnəbi musiqiçiyə də şər atmağa; guya o ömrü boyu insanlardan təcrid yaşayıb və öz "qərib ruhunun sehirli kədəri üçün..." çalıb və çalır. Görürsənmi, sərginin təntənələri, tamaşaçıların üzündəki səadət nurunu təsvir etmək əvəzinə hansı yerdən qan çıxartmaq, hansı budağı silkələmək istəyirsən?

Yoldaş Günel, sən yazırsan ki, içimdəki səsləri tökməyə yer axtararkən ayağım gölməçələrdə islanır, kağız gəmilər kirli sularda büzüşüb palçığa qarışırdı. Ay bərəkallah! Bəyəm sənin içindəki səslər noğul-nabatdı ki, harasa boşaldasan? Daha sonra, yenə həmin cızma-qarada yazırsan ki, "dönüb evə qayıtdım. Yenə doğma divarlar. Qısır divarlar. Barsız divarlar. Olsa-olsa onlar boşluqlara hamilə qala bilərdi". Balası, axı sən niyə "barsız divarlar"dan bar umursan? Cənnət timsallı bağlarımıza nə gəlib? O ki qaldı "qısır divarlar"ın boşluqlara hamilə qalmasına, bu nağıllarda ola bilər, amma məsələ burasındadır ki, sən nağıllarımızı da məsxərəyə qoyursan, axı. Deyirsən ki, Cırtdanla Devin ortaq nöqtələri var və hətta bu ortaqlıq onların arasında olan fərq qədər böyük miqyasdadır. Və sonra da soruşursan "Bəs bu necə ola bilər?" Bilirsən, de də. Oxucudan niyə soruşursan? Maraqlıdır, yox, yox, gülməlidir ki, "Qara bəxtim oyanmazmı?" cızma-qarasında bu mövzuya yenidən qayıdırsan  və  müəmmalı bir Cin rəvayətinə əsaslanaraq yazırsan: "...Bir-birinə zidd qütblərdə daim çevrilmə gedir, bu nəzəriyyəyə görə, AĞI QARANIN, QARANI İSƏ AĞIN DAXİLİNDƏ AXTARMAQ LAZIMDIR". Nə deyim Vallah, tapsan bizə də papaq elə.

"Çiskinli günün yağmur duası"nda iki ayağını bir başmağa dirəyib deyirsən: "Payız yağırdı". A balam, bu payız -ana təbiətin bu ruzi-bərəkət fəsli-yağışdı, doludu, qardı yağa? İndi tay keçib, pis yaxşı duadı da yazmısan. Amma yazmamısan ki, bu duanı neyləyək? Gündə beş dəfə dilimizin ucunda söyləyək? Yoxsa, çınqılı bir torbaya salıb sancaqla cılıqqamıza (canlığımıza) pərçim eləyək? "...Yağmur duası"nda yazırsan ki, mənim də payızım var, hər mövsümdə içimdə, gözümdə, saçlarımda hiss etdiyim payızım, öz yolunu gözləyən payızım. Bu payızın da öz payızı var bəlkə də.

Balası, necə yəni "bəlkə də?" Bu yaradıcılıq sənin üçün tapmacadı? Yeri gəlmişkən, mən "Kağız gəmilər"i vərəqləyəndə hiss elədim ki, sən folklorun tapmaca "bucağında" da (nə üçünsə) sintez aparırsan və nağılların sonunda göydən düşən almaları da, bu almaları yetişdirən ağacları da öz istədiyin kimi "sızıldadırsan" və hərdən şeirlərinə istinad etdiyin Vaqif Bayatlı kimi oxuculara təlqin etməyə çalışırsan ki: "...Yaşamaq bir ağac kimi...". Balası, niyə İNSAN kimi yox, ağac kimi? Hələ sonra da kommunist Nazim Hikmətin misralarını yada salırsan:

 

"Yaşamaq bir ağac kimi tək və hür

Və bir orman kimi qardaşcasına".     

 

İncimə, balası, avazın yaxşı gəlir, oxuduğun ...

"Kağız gəmilər"i vərəqləyəndə mən belə qandım ki, sənin oxuduğun yalnız Marina Svetayeva, Pasternak, Mayakovski, Transtromer, Hemenquey, Brodski, Əziz Nesin, Mandelştam və s.  solaxay (məcazi mənada!!!) yazıçılar, şairlərdi.

Mandelştam haqqındakı "portret məqalə"nin adı da ölüm saçır! "Sözün ölümə gedən yolu!" O.Mandelştam haçansa yazmağa bir şey tapmayanda yazıb ki, dünya ədəbiyyatı nümunələrini mən iki hissəyə bölürəm: İcazəli yazılanlar və icazəsiz yazılan əsərlər. Əvvəlcədən icazə verilmiş şeylər barədə yazanların mən üzünə tüpürmək, başlarına dəyənəklə vurmaq istəyirəm".

Günel yoldaş, lap tutaq ki, O.Mandelştam ac qaldığı günlərin birində, acından belə bir şey qaralayıb, bəs de görüm bu gözəl dövranda sən bu qaralamanı "işıqlandırmaqda" nə məqsəd güdürsən?

Yenə qayıdaq O.Mandelştam haqqındakı "portret"ə. Guya bir yumoristik şeiri ilə "Ellər atası"na, rəhbərə atmaca atan O.Mandelştam haqqında Buxarin deyib ki, "yoldaş Stalin, Mandelştama dəymə, şairlər həmişə haqlıdır, tarix onların tərəfindədir". Hə indi, Günel yoldaş, nə demək istəyirsən? Demək istəyirsən ki, "tarixə düşmək" xətrinə "icazəli əsərlər" yazmayaq? Nədən, kimdən yazmaq yasaqdırsa, onlardan yazaq?

İosif Brodski haqqında elə yazırsan ki, guya Sovet hökuməti əslən yəhudi olan bu şairə göz verib, işıq verməyib. Onda gəl lap açıq danışaq, əgər Sovet hökuməti ona göz verib, işıq verməsəydi, o, Nobel ödülünə layiq görülərdimi? 50 yaşında İtaliyada mühacirətdə olarkən rus mənşəli itlayan tələbəsinə - Mariya Sotsaniyə vurula və sonra da o qızı "eşqin toruna" salıb ala bilərdimi? Hələ də məşədi İbada gülürüksə, bəs o Brodskini niyə qınamayaq? Xəbərin varmı, sənin o Brodskin Soveit hökumətində cəmi 8 il təhsil görüb və 8 illik təhsillə də ABŞ universitetlərində dərs deyib. Bu, Sovet təhsilinin uğuru deyil, bəs nədir? Bilmirəm, xəbərin var, ya yox. Sənin o Brodskin axırdan axıra, bu yazıdan iraq, tüpürdüyünü yalayıb, yazıb ki, başınıza gələnlər üçün heç vaxt, heç kimi, heç nəyi - dövləti, xalqı, tarixi, valideynlərinizi, uşaqlarınızı, günün doğuşunu - günahlandırmayın. Çünki günahı başqa yerdə axtardığınız vaxt həyatınızda nəyisə dəyişmək əzmini və cəsarətini itirirsiniz.

Mənə gülməli gələn yazılarından biri də qardaş Türkiyə haqqında ömrü boyu gülməli şeylər yazan, öz türk arkadaşlarını satira, yumor atəşi altında saxlayan Əziz Nesin haqqında qaraladıqlarındı. Allah səni güldürsün!

"...Yaşamaq bəlkə də ölümü gözləməklə gözəldir..." Guya bu Əziz Nesinin öz dilindən çıxan sözdür. Olsun! Amma sənin xəbərin varmı ki, bu Məhəmməd hümməti - müsəlman olan Əziz Nesin son vəsiyyətində nə söyləyib? Deyib ki, mənim nəşimi kəfənləyib məzara qoymayın, verin Tibb fakültəsinin tələbələrinə ki, yarıb təcrübə aparsınlar. Bəs müsəlmançılıq, bəs şəriət? Bax budur sənin əziz Əziz Nesinin. Belə çıxır ki, Sənin bu Əziz Nesinin atalıq hissindən də "sakat" (yəni səqqət) imiş. Ölənə yaxın yazıb qoyub ki, kitablarımdan toplanan paranı internat məktəbə vəsiyyət edirəm, öz uşaqlarım çörəkpulunu öz əllərinin zəhmətilə qazanmalıdırlar.

"İnsan yalnız dedikləri üçün deyil, həm də susduqları üçün məsuliyyət daşıyır". Bu da Əziz Nesinin sözüdür. Bəyənib, seçdiyin sözü. İndi, yoldaş Günel mən sənin "Kağız gəmilər"ini oxuyandan sonra bir çoxları kimi susa da bilərdim, amma fikirləşdim, bir halda ki, danışanda da, susanda da məsuliyyət daşıyıram, ürəyimi boşaldım. Boşaltdım ki, izim qalsın, sənin nağıl qəhrəmanların demişkən, tikmədim özüm qalam, tikdim ki, izim qala...

Yeri gəlmişkən sənin bir efir həmkarın var, Təranə Vahid, onun da kitabını vərəqlədim və gördüm ki, o öz yazı-pozusuyla səndən də uzağa getməyə can atır! Biz ölmüşük, bəyəm, hələ gör bu yaxınlarda, qəzetdə olmasa da, saytlarda ona nə toy tuturam.

S.A.  Hə, Günel, bütün bunlar sənə bir qrafomanın söyləmək istədikləridi. O ki qaldı mənə, sənin  "Kağız gəmilər"in məni bir neçə gün sadəcə oxucuya çevirdi. Çoxdan idi ki, heç bir toplu məni bu qədər məşğul etməmişdi.   

Hörmətlə, Məmməd ORUC

 





24.12.2015    çap et  çap et