525.Az

Səsin canlı heykəli


 

Səsin canlı heykəli<b style="color:red"></b>

NİZAMƏDDİN ŞƏMSİZADƏ
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, professor

Lap qədim zamanlarda iki tayfa bir-birinə hücum edir. Hər tərəfdən bir adam qalanadək vuruşurlar. Axırda naəlac qalıb onlar bir-birini səsləyir. Bu səsdən məlum olur ki,  onlar hər ikisi türk imiş. Əgər bu səs vaxtında çıxarılsa idi, insanlar qırılmazdı.

Səs insanları birləşdirən möcüzədir. Gözəl səsə malik olmaq səadətdir. Mənim dostum, zahirən də gözəl, boy-buxunlu təmiz qanlı türk Şəmistan Əlizamanlı belə bir səsin sahibi, səadətli ömrün xoşbəxtidir. Bu gün Azərbaycanda bu səs təntənəli himn kimi səslənir.

Şəmistan hərbi mahnıların ifaçısı kimi şöhrət qazanıb. Mən onun səsinə 20 il öncə “İgid əsgər, möhkəm dayan” misrası ilə başlanan mahnını oxuyarkən valeh olmuşam. Deyəsən, sözləri və musiqisi Şahin Musaoğlunundur... Şəmistanın səsində milli qürur və əzəmət var. Bu əzəmət Vətənə hədsiz məhəbbətdən yoğrulub. Şəmistan türk ruhunu vüqarlı səsinə bələyib eldən-elə gəzən dərvişə bənzəyir. Əlbəttə, sufi dərvişə, haqdan gəlib həqiqətə – Tanrıya doğru gedən salikə bənzəyir. O səsi haradan alıb, hara aparır?! Şübhəsiz ki, Şəmistanın  səsi ilahi vergisidir. O Allah əmanəti olan insan ruhunu əzəmətli səsi vasitəsi ilə göylərə – Allah məkanına, Tanrı dərgahına bülənd edir.

Şəmistanın səsində Tanrı nuru, müqəddəs göylərin işığı var. Bu səs bir orduya bərabərdir, o insanın, xüsusilə gənc əsgərlərimizin qanını qaynadır, ruhunu cuşa gətirir. İş elə gətirib ki, Şəmistan mənim də oğlum Fəridə yazdığım “Əsgər oğlum,  leytenantım” adlı şeirə gənc bəstəkar Çilənay Hüseynlinin bəstələdiyi mahnını həm tək, həm də orijinal səsə malik gözəl müğənni Nuriyyə Hüseynova ilə birlikdə təntənəli marş kimi ifa edir. Bu mahnı artıq həm məktəblərdə, həm də hərbi hissələrdə məşhurlaşıb. Bunun səbəbi Şəmistanın vüqar dolu əzəmətli səsidir.

Şəmistanın səsi istiqlal mücadiləsinin canlı nəfəsidir. Bu nəfəsdə əzəli bir Vətən sevgisi, insanpərvərlik, ülvi bir təmizlik, körpə nəfəsinə xas paklıq var. O, bu səslə düşmənlərlə vuruşur, dostlarla mehrləşir. Onu dinləyəndə elə bilirəm ki, Şah dağını qeyrət papağı kimi başıma qoyuram, ürəyim müqəddəs Baba dağı kimi şişib böyüyür, ülviyyətlə nəfəs alıram, Bakı küləyinə dönüb tufan qoparıram, Xəzər dənizi kimi coşub sahillərimi dağıtmaq istəyirəm. Bu səsdə qüdrətli bir türk ruhu, azərbaycançılıq duyğusu, xalqımın əzəməti var. Şəmistanın səsi ilə tarixim danışır, Türkün qəhrəman oğlu Nuru Paşa at üstündə ley kimi düşmən üstünə şığıyır. Məcnun Leylinin qəbri üstünə atılıb:

Yandı bağrım hicr ilə, vəsli-ruxi yar istərəm,

Dərdiməndi firqətəm, dərmani-didar istərəm –

deyir.  Şəmistanın səsi müvəqqəti işğal olunmuş Vətən dərdi ilə ürəyi yananlara bir dərmandır. O, hərbi marşlar oxuyanda elə bilirəm ki, el ayağa qalxıb Vətəni düşmən tapdağından azad edəcək. Çünki bu səsdə bir azadlıq nəşəsi var. Bu səs bayraq kimidir, onu     götürüb döyüşə getmək olar.

Şəmistan yeriyən səs külçəsi – SƏSin canlı heykəlidir. O, müqəddəs ruh kimi tarixdən gəlib  gələcəyə gedir, bizi də öz arxasınca aparır. Səsin gəlsin, Şəmistan!

 





21.01.2013    çap et  çap et