525.Az

Təranə Məmmədova: “Məqsədimiz insanı özü-özünə inandırmaqdır” - Fotoreportaj


 

Təranə Məmmədova: “Məqsədimiz insanı özü-özünə inandırmaqdır” - <b style="color:red">Fotoreportaj</b>

“Loqos” zamanın övladıdır. Məqsədimiz insanı özü-özünə inandırmaqdır”. 

“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova maraqla qarşılanan çıxışına bu çağırışla başlayıb, daha sonra bildirdi ki, Azərbaycan sözün geniş mənasında dünyanın cavanlaşan ölkələri sırasındadır.
 
Statistikaya görə bizdə əhalinin yarıdan çoxu yeniyetmələr və gənclərdir. Hansı yaş qrupuna məxsusluğundan asılı olmayaraq cəmiyyət üzvlərinin təbii və sosial münasibətlər baxımından biri-birinə qırılmaz tellərlə bağlı olduqlarını nəzərə alsaq deyə bilərik ki, gəncliyin ruhu ölkənin ruhu deməkdir. Məhz bu səbəbdən 23 il bundan əvvəl müstəqillik uğrunda mübarizənin möhtəşəm dalğasında, xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ilk görüşləri də gənclərlə olmuşdu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin təsis edilməsi, ilk Gənclər Forumunun keçirilməsi, bu sahədə qanunvericilik bazasının yaradılması, dövlət proqramlarının icra edilməsi, ümumiyyətlə sivil məqsədləri nəzərdə tutan dövlət gənclər siyasətinin qurulması ümumən cəmiyyətin inkişafına əhəmiyyətli töhvələr vermişdir. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan dövlət siyasətinin yekunları, nailiyyətlər yeniyetmə və gənclərin sağlam həyat tərzinə, təhsilinə, yaradıcılığına, iş fəaliyyətinə ideal şərait yaratmışdır. Bu gün ardıcıl və dəyərli fəaliyyəti dünyada tanınan Heydər Əliyev Fondunun, Fondun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səhiyyə, təhsil, elm, incəsənət, idman, ekologiya və digər əhəmiyyətli sahələrdə icra etdiyi orijinal layihələr bütün cəmiyyətin, o cümlədən yeniyetmə və gənclərin həyatına yeni rəng qatmış, digər ictimai təşkilatlar üçün əsl örnək və yeni təşəbbüslərə stimul olmuşdur.

Bu uğurların mənbəyində hansı amil dayanır? Səbəb birmənalıdır; çünki, Azərbaycan dövləti insanların həyat şəraitinin yüksəlişini, hər bir kəsin rifah halının rahat və firəvan olmasını özünün başlıca məqsədi sayır. Çünki Prezidentimizin dönə-dönə dediyi kimi, müasir Azərbaycan intibahının mahiyyəti sosial xarakterlidir.

Dünya təcrübəsi göstərir ki, hərtərəfli inkişaf üçün icra edilən dövlət əhəmiyyətli tədbirlər ümumən cəmiyyətin dəstəyini qazanıb, yeni təşəbbüslərlə zənginləşəndə daha fərqli yekunlar alına bilir. Bu ümumi yanaşmanın sadə izahı belədir; cəmiyyətin inkişafına yönəlik dövlət siyasəti insanlar tərəfindən həssaslıqla dəyərləndirilməli, bəs mən xalqıma və dövlətimə hansı təşəbbüslə yardımçı ola bilərəm? – arzusu doğurmalıdır.

 Bir sıra hallarda, bizdən asılı olmayan ictimai mühitdə insanlara – uşaqlara, yeniyetmələrə, gənclərə, ailələrə, valideynlərə psixolji baxımdan dəstək olmaq, mürəkkəb həyat yollarında insanın özünə inamını artırmaq mərkəzimizin başlıca məramıdır – deyə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova “Azərbaycan: Gənclər və Psixologiya” I Konfransında fikrini yekunlaşdırmışdır.

Yeri gəlmişkən, Bakının bənzərsiz memarlıq quruluşuna malik Fairmont Oteldə sözügedən mərkəzin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan: Gənclər və Psixologiya” mövzusunda keçirilən konfransa dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ekspert və psixoloqlarla yanaşı ali məktəb tələbələri, maraqlananlar qatılmışdır.

Azərbaycan Dövlət himninin səslənməsindən və  “Loqos”un yaranma zərurəti, qısa vaxt ərzində gördüyü işlərdən bəhs edən video çarxın nümayişindən sonra aparıcı Ceyhun Əli konfransı açmış və günümüzün aktual mövzularından olan psixoloji proseslər, Azərbaycan gənclərinin bu sahədəki fəaliyyəti, yeniliklər barədə çıxışlar dinlənilmişdir. Ötən qısa vaxt xronikasını canlandıran video-çarxda “Loqos”un 2014-cü ilin martında Bakının N.  Nərimanov rayoununda fəaliyyətə başlaması, müəyyən təcrübələrdən sonra Yasamal rayonunda yeni filialın yaranması zərurəti ön plana çəkilir, peşəkar psixoloqları, loqopedləri cəmləşdirə bilən “Loqos”un uğurları  konkret faktların işığında əks olunur. 

Milli-mənəvi dəyərlərə, dövlətin gənclər siyasətinə əsaslanan mərkəz dünya təcrübəsindən faydalanır, xarici ölkələrdən - Almaniya, Türkiyə və  Rusiyadan mütəxəssislər dəvət edilir, treninqlər, seminarlar, fərdi məsləhətlər təşkil olunur, yüksək səviyyədə həm maarifləndirmə, həm də psixoloji xidmət aparılır.

Paytaxtın xəstəxana və məktəbləri ilə əlaqələr qurulur, cəmiyyətə daha çox faydalı olmaq üçün birgə əməkdaşlıq yolları araşdırılır. “Loqos”un əhatə dairəsi Bakı şəhəri ilə məhdudlaşmır. Mərkəz öz işini həm də respublikanın rayonları ilə əlaqəli şəkildə qurmağa üstünlük verir.

Mərkəzdə intensiv fəaliyyət göstərən kurs, proqram, məşğələ və təlimlər psixoloji durumun sabitləşməsi və sahə üzrə maarifləndirmənin geniş spektrini əhatə edir. “Art klub”, “Psixologiya klubu”, “Ebru sənəti”, “Ümumi psixologiya kursu”, “Qrup terapiyası”, “Analar klubu” bu qəbildəndir.

Mərkəzin fəaliyyət dairəsi genişləndikcə, təcrübə artdıqca daha mükəmməl və faydalı təşəbbüslər önə çıxır, yeni layihələrə imza atılır.

Konfransda belə layihələrdən birinin ideya rəhbəri və təşkilatçısı “Loqos”un gənc əməkdaşı Fidan Azərqızının gənclərin psixoloji maarifləndirilməsinə xidmət edən layihə barədə verdiyi məlumatlar böyük maraq doğurdu. Psixologiya Akademiyası layihəsi iştirakçısı olan 160 gənc öyrənci də konfransa dəvət olunmuşdu. Gənc psixoloq qeyd etdi ki, onların arasında müxtəlif ali məktəblərin tələbələri də var, öz uşaqları ilə doğru-düzgün münasibət qurmaq, övladlarını mənəvi-psixi sağlam böyütmək istəyində olan analar da. Belə bir konfransın iştirakçısı olmaq biz gənclər üçün həqiqətən qürurvericidir. Gənclərin cəmiyyətə açıq olması, özünə inam səviyyəsinin yüksəlməsi baxımından əvəzsizdir.

Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun əməkdaşı Rahu Qurbanova “Loqos”un önəmli mövzuda konfrans düzənləmək təşəbbüsünü yüksək dəyərləndirərək qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan gənclərinə istənilən sahədə özünütəsdiq etmək, uğur qazanmaq üçün böyük imkanlar yaradır. Dünyada, eləcə də ölkəmizdə baş verən ictimai siyasi hadisələr, dəyişikliklər təbii ki, insanların, xüsusən də yeniyetmə və gənclərin psixologiyasına təsirsiz ötmür.

Bu baxımdan “Loqos” kimi mərkəzlərin sayı daim artmalı, maarifləndirmə və psixoloji xidmət işi peşəkarlara həvalə olunmalıdır. Gəncliyin də üzərinə bu sahədə böyük məsuliyyət düşür. Təsadüfi deyil ki, böyük rus yazıçısı Lev Tolstoy lap erkən - 18 yaşında onu uğur və xoşbəxtliyə aparan 10 psixoloji qaydanı müəyyənləşdirmişdi.

Millət vəkili Bəxtiyar Əliyev çıxışında maraqlı məqamlara toxundu. Mərkəzin təşəbbüsünü alqışlayan natiq qeyd etdi ki, psixologiya elminə münasibət totalitar rejimdə dar çərçivədə aparılırdı. Yalnız müdafiə sənayesində, kosmik sahədə psixoloji tədqiqatlara yer verilirdi ki, bunlar da qapalı şəraitdə və məxfi olurdu. Cəmiyyətə çox cüzi informasiya verilirdi. Bu da əlbəttə ki, təlim tərbiyə işinin qurulması, ideoloji proseslərə müəyyən təsir  imkanlarının tapılması məqsədilə edilirdi.

Əvvəllər o məsələlər ki, burjua xarakterli sayılır, tənqidə məruz qalır və elmdən uzaq fikir kimi qəbul edilirdi, müstəqillik dövründə onlara yeni nəzərlə baxıldı. Başqa sözlə Azərbaycan cəmiyyəti psixoloji biliklərlə silahlanmağa başladı. Müstəqilliyimizin ilk illərində ali məktəblərdə psixologiya şöbələri yaradıldı, bu sahədə kadr hazırlığına  start verildi.

Artıq bu sahədə xeyli işlər görülüb və görülür. Qanunvericilik bazası möhkəmləndirilir, elmi-tədqiqat işlərinin həcmi genişləndirilir. Dünyanin hər yerində olduğu kimi, bizdə də psixologiya sahəsində problemlər də var, çatışmazlıqlar da. Azərbaycan ali məktəbləri hər il 350-400 psixoloq  hazırlayır. Beş minə yaxın orta məktəbimiz oldugunu nəzərə alsaq nəticə təbii ki qaneedici olmayacaq. Səhiyyə sahəsində də vəziyyət belədir. Bu gün səhiyyə ocaqlarında  250 psixoloqa ehtiyac var. Son illərdə fəaliyyətə başlayan Psixi Sağlamlıq Mərkəzinin yaradılması, problemin həlli istiqamətində müsbət addımdır.

Günümüzün narahatçılıq doğuran məsələlərindən birinin də  biganəlik olduğunu diqqətə çatdıran natiq bunun yadlaşma  sindromuna gətirib çıxara və nəticədə psixoloji proseslərin daha da dərinləşə biləcəyini vurğuladı. Psixololi maarifləndirmə və psixoloji xidmət mərkəzlərinin işini dəyərləndirən millət vəkili müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, bir milyondan çox vətəndaşı məcburi köçkün taleyi yaşayan ölkə üçün bu sahədə görülən işlərin boyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladı. Onu da əlavə etdi ki, əhaliyə psixoloji dəstək məsələsi vacib olduğu qədər də ehtiyatlı yanaşma tələb edir. Söhbət insan taleyindən, psixoloji müdaxilədən gedirsə bu iş yalnız peşəkarlara etibar olunmalıdır. Hər hansı qeyri peşəkar yanaşmanın, doğru olmayan psixoloji müdaxilənin nəticələri vəziyyəti daha da gərginləşdirər, arzuolunmaz fəsadlar yaradar. Millət vəkili peşəkarların xarici ölkələrdə işləmək meylinə də mənfi münasibətini bidirərək dedi ki, bir vaxtlar BDU-nun məzunlarının təşəbbüsü ilə Psixoloqlar Assosiasiyası yaradılmışdı. Cəmiyyətdə onlara ögey münasibət vardı. Biz onlara dəstək verdik. Uğurlu layihələr həyata keçirdilər, xeyli iş gördülər. Çox təəssüflər olsun ki əmək sərf eləyib yetişdirdiyimiz kadrları xarici ölkələr çəkib apardılar. Psixologiya sahəsində kadr hazırlığı çox vacib məsələdir, onların qorunub saxlanması daha vacibdir.

Ölkəmizin prezidenti İlham Əliyevin insan kapitalının formalaşması ilə bağlı konsepsiyası birmənalı və əhəmiyyətlidir. Orada deyilir ki, bizim siyasətimiz yüksək texnologiyalar cəmiyyətinin qurulmasına nail olmaqdır. Belə cəmiyyəti isə insan kapitalının formalaşması sayəsində qurmaq mümkündür.

Peşəkar psixoloq hazırlığı mühüm məsələdir. Etiraf etməliyik ki, bu gün bütün sahələrdə - kənd təssərrüfatından başlamış bank sisteminə qədər peşəkar psixoloq kadrlarına ehtiyac var. Eləcə də Milli Ordumuzda. 90-cı illərdə baş verənləri xatırlayarsınız yəqin. Fərarilik pik nöqtədə idi. Bəzi gənclər ordudan, vətənə xidmətdən qaçırdı. Bu qorxunc bir tendensiya idi. Şükürlər olsun ki, indi belə hallar yox dərəcəsindədi. Amma orduda sağlam psixoloji iqlimin yaradılması davamlı xidmət tələb edir.Vətənin keşiyini çəkən əsgər bu işi sevərək etməlidir.  Bu danılmaz həqiqətdir ki, psixoloqlar, söhbət təbii ki, peşəkarlardan gedir, seçdikləri yolun şərəfli olduğu qədər çətin və məsuliyyətli olduğunu unutmamalıdırlar. Bu günün aktual məsələlərindən biri də gənclərin potensial imkanlarını  aşkara çıxara bilməsi və onu gerçəkləşdirməsi üçün münbit şəraitin yaradılmasıdır.

Millət vəkili Qənirə Paşayeva  gənclər və psixologiya, ailələr və psixologiya movzularında konfrans, seminar və mühazirələrin davamlı təşkilinin cəmiyyət üçün faydalılığından söz açdı. Mənəvi psixoloji tərbiyənin öncə ailələrdən başlanmasının vacibliyini vurğulayan natiq el müdriki Xoca Nəsrəddinlə bağlı ibrətamiz bir nümunəni xatırlatdı. Övladını düzgün tərbiyə etmək arzusunda olan ata Xoca Nəsrəddindən məsləhət istəyir. Uşağın hansı yaşda olması sualına,- qırx günlükdür,- cavabını alan müdrik sakit və əmin tonla,-cox gecdir,-deyir. Əsrlərin sınağından çıxan bu ibrətamiz örnəyin əlavə şərhə ehtiyacı olmadığını diqqətə çatdıran millət vəkili psixoloji maarifləndirmə işinin kiçik cəmiyyət olan ailədən başlamasının, məktəblərdə bu sahəyə ciddi diqqət yetirilməsinin, məktəb valideyn, müəllim şagird münasibətlərinin müsbət yöndə həll olmasının vacibliyini, uşaqlarda, yeniyetmələrdə güvən hissinin zəifliyi faktorundan narahatlığını söylədi. Qənirə xanım əslində qadın hərəkatı üçün söylənən və özünün də sevdiyi belə bir hikmətli  ifadəni xatırlatdı. Duyğularınıza diqqət edin, düşüncələrinizə çevrilə bilər, düşüncələrinizə diqqət edin, fikilərinizə çevrilə bilər, fikirlərinizə diqqət edin, əməllərinizə çevrilə bilər, əməllərinizə diqqət edin, taleyinizə çevrilə bilər. Sonra o, kütləvi informasiya vasitələrinin psixoloji maarifləndirmə işində böyük rolu olmasından danışdı, radio və televiziyalarda, müxtəlif mətbu nəşrlərdə bu vacib məsələnin kifayət qədər işıqlandırılmadığını həmkarlarının diqqətinə çatdırdı. Psixoloqlara xidmət işi ilə yanaşı cəmiyyətin haqlı narahatlığına səbəb olan psixoloji vəziyyətlər, onların yaranma səbəbləri ilə bağlı araşdırmalar aparmağı tövsiyə edən natiq Türkiyədə  intiharın, depressiyanın çoxalması, antidepressantlardan istifadənin artması səbəblərini öyrənən bir araşdırmadan söz açdı, bizdə də belə araşdırmalara ehtiyac olduğunu dedi. Çıxışının sonunda Q.Paşayeva mətbuat nümayəndələrinə yeniyetmə və gənclərin psixologiyasına, psixi sağlamlığına mənfi təsir göstərən proqram və verlişlərin nümayiş olunmaması mesajını verməklə yanaşı psixoloji marifləndirmənin əhatəsinin genişləndirilməsi,toplumun psixoloji sağlamlığı ilə bağlı peşəkar ekspert, psixoloq və terapevtlərin iştirakıyla müzakirə və diskussiyalara daha çox diqqət ayrılmasının zəruriyyətini bildirdi.

Biz xoşbəxt nəslin nümayəndələriyik ki, iki əsrin qovşağında yaşamışıq. Iki ictimai informasiyanın bir-birini əvəzləməsinin şahidi olmuşuq. Qədim çinlilər deyirdilər ki, səni görüm keçid dövründə yaşayasan. Ağır, acınacaqlı illərdi. Xalqların pərən-pərən düşməsi, mədəniyyətlərin açıq aşkar yer üzündən silinməsi gözlərimiz qarşısında baş verirdi, - deyən professor Qəzənfər Paşayev  yeni nəslin aparıcı qüvvəsi olan gənclərin gördüyü işlərin əsl vətənpərvərlik nümunəsi olmasından qürurlandığını gizlədə bilmədi. Belə bir möhtəşəm otelin bu gözəl zalında kiçik bir təşkilatın yüksək səviyyədə konfrans keçirə bilməsi, dövrün aktual məsələsini müzakirəyə çıxara bilməsi Azərbaycan dövlətinin gəncliyə diqqətinin bariz nümunəsi olmaqla bərabər gənclərin vətənpərvərlik  ruhunun yüksəlməsinin göstəricisidir, - dedi.

Professor Nadir İsmayılovun   Respublika Psixi Sağlamlıq Mərkəzində tibbi psixoloq kadrlarının hazırlaması, psixoterapevt Elmir Əkbərin ailədaxili münasibətlər, bu münasibətləri gərginləşdirən səbəblər barədə dəyərli fikirləri maraqla dinlənildi. Professor Ramiz Əliyev qeyd etdi ki, əvvəllər dünyada aparıcı psixoloqlar kişilər olub. Azərbaycanda vəziyyət necədir? Elə konfransın keçirildiyi zala nəzər salsaq qadınların çoxluq təçkil etdiyini görərik. Məktəblərimizdə kişi müəllimlər demək olar ki, yox dərəcəsindədir. Televiziya ekranlarında qadınlar çoxluq təşkil edir. Bu faktor məni sevindirdiyi qədər də qorxudur. Zənnimcə azərbaycanlı kişilərin passivləşməsi prosesi gedir.  Psixologiyanın qəribəliyi ondadır ki, başqalarının görə bilmədiyini görür, başqalarının önəm vermədiyi xırda  nüansları önə çıxarır. Hörmətli psixoloqlarımız yaxşı olar bunları da araşdırsınlar ki, qadınların fəallaşması fonunda kişilərin passivləşməsi xeyrimizə və ya ziyanımızadır. Professor psixoloji mərkəzlərin artmasından yaranan narahatlığını da əsaslandırdı: Psixoloji xidmət göstərən, maarifləndirməni qarşıya məqsəd qoyan qurumların sayının artması məni bir qədər qorxudur. Sevindirici haldır ki, müstəqilliyimizin ilk illərində daha çox mağaza, ticarət mərkəzləri açmağa həvəs göstərən insanlar bu gün öz  bilik və bacarıqlarını fərdi inkişafla yanaşı, cəmiyyətə daha çox fayda verən sahələrdə sınayırlar. Amma xüsusən psixologiya sahəsində təşviş doğuran bir məqam da var ki, belə mərkəzlərin artması qeyri peşəkarların axınına gətirib çıxara bilər. Çünki ölkəmizdə bu sahədə yetərincə peşəkar psixoloqlar yoxdur. Bir fransız atalar sözündə deyilir ki, yaxşı bağ salmağın kəsə yolu bu işi yaxşı bağbana tapşırmaqdır.

Təhsil nazirliyi İnkişaf proqramları şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu məktəb müəllimlərinin psixololoji biliklərinin azlığı, bəzi hallarda heç olmaması emosional zorakılığa gətirib çıxarır,-dedi. Daha sonra psixoloq kadrlarının azlığından, bir çox hallarda məktəb psixoloqlarının bilik səviyyəsinin aşağı səviyyədə olmasından narahatlıq duyan natiq  Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında səriştəli valideyn proqramının hazırlanması prosesində peşəkar psixoloqları əməkdaşlığa çağırdı.

Pozitiv psixoloq Elvira Babayeva, psixoterapevt Rüstəm Salayev, Azərbaycan Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin icraçı direktoru Şəmsi Gülverdi, Psixologiya Akademiyası layihəsində fəallığı ilə seçilən Solmaz Şükürova və Murad Heydərov mövzu ətrafında çıxışlar etdilər.

İstək liseyinin icraçı direktoru Anar Məmmədov  bildirdi ki, müasir dünya, çağdaş təhsil uşaqların qarşısında çox böyük tələblər qoyur. Güclü olmaq, durmadan çalışmaq tələbi, bal yarışması, xarici dil yarışması və digər yarışlar...  Biz şagirdləri o dərəcədə yükləyirik ki, sanki onlar insan deyil texnikadır. Məktəb insan yetişdirmək vəzifəsidən getdikcə uzaqlaşır. Ən böyük arzum milli-mənəvi dəyərlərə əsaslanan təhsil modelinin hazırlanmasıdır. Boşanmaların sayının çoxaldığı, sosial şəbəkələrin durmadan artdığı, şagirdlərin beynində zərərli dəyərlərin formalaşdığı dönəmdə peşəkar psixoloqlara ehtiyacın nə dərəcədə böyük olduğunu anlamaq çətin deyil. Gənc kadrlar öz üzərlərində ciddi şəkildə işləməli, bilik və bacarıqlarını artırmaqla bərabər təcrübə keçməlidirlər. Sevindirici haldır ki, kifayət qədər peşəkarı ətrafında birləşdirən “Loqos” kimi mərkəzlərin sırası genişlənir.

25 il əvvəl Respublikanın ilk məktəb psixoloqlarından biri kimi işə başlayan Psixologiya üzrə fəlsəfə doktoru “Loqos”un baş psixoloqu Elmira Mirzəyeva da maraqlı məqamlara toxundu. İki dahi Ziqmund Freyd və Eynşteynin yazışmasından bir dialoqu misal gətirdi.  Freyd Eynşteynə yazır ki, mən sənə qibtə edirəm. Eynşteynin nə üçün sualına Freydin cavabı belə olur: - Sən fiziksən, bu sahəyə meyl göstərənlər azdır. Mən psixoloqam və hər kəs də psixoloq olmaq istəyir. E. Mirzəyeva qeyd etdi ki, dahilərin ötən əsrin əvvəllərində səslənən ibrətamiz fikirləri bu gün bizim cəmiyyətimiz üçün də keçərlidir.

Əlavə şərhə ehtiyac olmasa belə deməliyəm ki, Azərbaycanda da bu proses gedir. Psixologiya təhsili olmayanlar hər hansı bir treninqdə iştirak edir, sertifikat alır, özünü psixoloq kimi təqdim edərək fəaliyyətə başlayır. Təəssüflər olsun ki, bir çox halda qeyri peşəkarlara ekranda çıxış etmək imkanları yaradılır. Psixologiya elə bir elm sahəsidir ki, neytral mövqedə dayanmır. Psixoloji müdaxilənin iki tərəfi ola bilər. O ya xeyir, ya da ziyan verəcək. Psixologiya son dərəcə ehtiyatlı olmağı tələb edir. Psixologiyadan anlayışı belə olmayan şəxslər bəzən qəzet, jurnal səhifələrində gördükləri xarici ölkə vətəndaşlarının həyat tərzinə uyğun testləri tərcümə edərək əhali arasında yayır. Bu yalnış və zərərli yanaşmadır.

Uzun illər Azərbaycanda özünü doğruldan, sözün həqiqi mənasında peşəsinin mahiyyətini dərindən dərk edən və bu işə ürəklə yanaşan peşəkarların çalışdığı bir mərkəzin olmasını arzulamışam. Sevinirəm ki, bu gün bu məsuliyyətli vəzifəni öz üzərinə götürən, “Loqos” kimi bir mərkəz var və onun qapıları hər kəsə açıqdır.

Rəhilə Gülgün

 





25.12.2015    çap et  çap et