525.Az

"Ermənistan işğal siyasətini davam etdirdikcə müharibə ehtimalı böyükdür"


 

"Ermənistan işğal siyasətini davam etdirdikcə müharibə ehtimalı böyükdür"<b style="color:red"></b>

"Ermənistanın forpost dövlət olması bir həqiqətdir və bu dövlətin heç vaxt müstəqil siyasəti olmayıb. Serj Sarkisyanın 3 il müddətində assosiativ sazişlə bağlı Avropa İttifaqı ilə danışıqlar aparması, razılaşma əldə etdiyi təqdirdə bir gecədə geri çəkilməsi bunu bir daha sübut edir". 

Bu barədə millət vəkili Elman Nəsirli Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşünü, bu görüşdən sonra Ermənistan prezidentinin Rusiyaya səfərinin pərdəarxası məqamlarını şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistanın assosiativ sazişdən imtinası Ermənistanın Kremlin diktəsi altında fəaliyyət göstərdiyinin bariz nümunəsi idi: "Ona belə əmr gəlmişdi, o da əmrə tabe oldu. Bunlar bir daha onu göstərir ki, Ermənistan Rusiyadan tamamilə asılı vəziyyətdədir. Sarkisyanın Berndən sonra Rusiyaya səfər etməsi aydın məsələdir ki, danışıqların nəticələri haqqında hesabat xarakterlidir. Ermənistan Rusiya ilə məsləhətləşməlidir axı, bundan sonra hansı addımları atsın. Onun bundan başqa yolu yoxdur. Çünki bütün addımları məhz Rusiya ilə razılaşdırandan sonra atmalı olur. Müstəqil addım atmaq potensialına malik deyil. Hesab edirəm ki, Sarkisyanın Rusiyaya səfəri daha çox ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan danışıqlarla bağlıdır. Təbii ki, digər məsələlər də müzakirə olunacaq".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün də heç bir nəticəsi olmadı: "Bu görüş daha çox Ermənistan tərəfinin maraqlarına cavab verirdi. Çünki rəsmi İrəvan cəbhə xəttindəki gərginlikdən narahatdır". Onun sözlərinə görə, rəsmi İrəvan yeni müharibənin alovlanması ehtimalından qorxur: "Təbii ki, Ermənistan dərhal təşviş içərisində reaksiya verdi. Rusiya və ABŞ Ermənistan tərəfinin xahişi ilə cəbhə bölgəsindəki narahatçılıqla bağlı açıqlamalar verdi. Yəni bütövlükdə rəsmi İrəvan burada iki məqsəd güdür. Birincisi, bu görüşlərlə bağlı görüntünün davam etməsidir. İkincisi isə Ermənistan cəbhə bölgəsində gərginliyin artmasından həddindən artıq təlaş keçirir. Bu görüşün Azərbaycan üçün heç bir mənası olmadı. Çünki dərhal sonra biz Ermənistan rəsmilərindən qeyri-konstruktiv bəyanatlar eşitdik. Onlar başlıca müzakirə oluna biləcək məsələ kimi "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu" gündəmə gətirdilər. Əgər Ermənistan bu mövqeyində qalırsa, danışıqlar aparılmasının heç bir mənası yoxdur".

Millət vəkili, politoloq Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan güclənən hərbi-siyasi nüfuzu qarşısında Ermənistan hər gün bir qədər daha aciz vəziyyətə düşür. Millət vəkili qeyd edib ki, Sarkisyanın son Moskva səfərində gərginləşən Rusiya -Türkiyə münasibətləri fonunda Moskvadan daha cox güzəştlər əldə etmək və dağılmaqda olan ordusunu gücləndirmək cəhdləri də boşa çıxdı: "Beləliklə də baş verən hadisələr kontekstində Azərbaycan Rusiya münasibətlərinin korlanacağına ümid edən Ermənistan, bunun da mümkün olmadığını gördü. Əksinə, Bern görüşündə Rusiya tərəfinin Sergey Lavrovun münaqişənin nizamlanmasına dair təklifini bir daha müdafiə etdiyini bildirməsi erməniləri xeyli məyus etdi. Lavrovun Serbiyada iki ölkənin xarici işlər nazirlərinə təqdim etdiyi təklif isə yenilənmiş Madrid prinsiplərinə söykənir və münaqişənin mərhələli həllini nəzərdə tutur. Bu isə ermənilərin xəyal etdiyi həll yolu deyil. Azərbaycan tərəfi isə bu təklifi müzakirə etməkdən imtina etmir və onu xeyli məqbul hesab edir. Vəziyyət belə olduqda işğalçı Ermənistan bir növ hərbi -siyasi blef nümayiş etdirmək, bununla da guya təzyiq etməyə nail olacağını düşünür. Sarkisyanin sərsəm bəyanatı da, müharibə ritorikası da elə bundan qaynaqlanır. Vəziyyət isə belədir ki, təmas xəttində və sərhədboyu ərazidə Azərbaycan ordusunun mütləq üstünlüyu var. Bu isə erməniləri vahiməyə salır. Ona görə Sarkisyan və Ohanyanın vurnuxmaları əbəsdir. Onsuz da Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək".

Politoloq Elşad Mirbəşiroğluna görə isə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqca və beynəlxalq ictimaiyyət də buna susqunluqla yanaşdıqca, müharibənin başvermə ehtimalı böyükdür. Onun sözlərinə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq-norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarı olsa da, lakin müharibənin baş verməsi də istisna deyil: "Prezident İlham Əliyevin də dediyi kimi "Biz nəticəsiz danışıqları sonsuzluğa qədər aparmaq fikrində deyilik". Bu sərt və prinsipial mövqe qarşı tərəf və ATƏT-in Minsk qrupunun həmsədrləri üçün çox ciddi qəbul olunmalıdır. Əks halda regionda irimiqyaslı müharibə başlana bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistandan konstruktiv mövqe sərgiləməyi tələb etməlidirlər. Prezidentlərin Bern görüşündə isə biz bir daha nə Ermənistanın, nə də ATƏT-in Minsk qrupu həmsədrlərinin buna hazır olmadıqlarını gördük".

PƏRVANƏ

 





25.12.2015    çap et  çap et