525.Az

Hər obyektə POS-terminal...


 

Hər obyektə POS-terminal...<b style="color:red"></b>

Azərbaycanda 2016-cı ilin yanvarın 1-dən etibarən alkoqollu içkilərin satışı ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların alqı-satqısı zamanı hesablaşmalar yalnız nağdsız qaydada aparılacaq. 

Qanunda dəyişikliklər

2015-ci ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər təsdiq edilib. Aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən olunması və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib.

Vergi Məcəlləsinə əsasən, aksizli malların alışı və satışı "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi" Qaydalarının tələblərinə uyğun həyata keçirilməlidir. Tələblərə görə, aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməkləalınmasını təsdiq edən sənədlər mövcud olmalı, malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirilməlidir. Sadalanan tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən isə, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan yuxarı məbləğdə aksizli malların nağd qaydada satışı və belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınmasının cinayət məsuliyyəti yaratmasını nəzərdə tutur.

Qanunun tələblərinə görə, aksizlimalları istehsal və idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə olunmasını təsdiqləyən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla) cinayət əməli kimi müəyyən olunub.

Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir.  Dünya təcrübəsinə əsasən, həmin mallar ixtisaslaşdırılmış mağazalarda satılır. Aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur.Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadənin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır.

Vergilər Nazirliyi tərəfindən respublika üzrə bütün obyektlərin inventarizasiyası aparılıb və ilin sonuna qədər POS-terminallarla təmin olunması nəzərdə tutulub. Hazırda ölkədə 6 milyona yaxın plastik kart var ki, bu da alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir.

"Hələ vaxta var..."

Alkoqollu içkilərin plastik kartlarla satışı cəmiyyətdə bəzi çaşqınlıqların yaranmasına səbəb olub. Bəzi fikirlərə görə, bu, satışın məhdudlaşması, vergi yükünün artması və ya sahibkarı cərimələməkdir. Lakin alkoqollu içkilərin satışına tətbiq olunan cərimələr vergi yükünü heç bir halda artırmır. Bununla yanaşı, sahibkarlara işlərini qanun çərçivəsində qurmaq üçün kifayət qədər zaman verilir ki, bu vaxt ərzində də Vergilər Nazirliyi maarifləndirmə işlərini davam etdirəcək. Vergilər Nazirliyi tərəfindən aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə görüşlər, mətbuatda mütəmadi dərc olunan bildirişlər, elanlar sahibkarların yeni qaydalarla məlumatlandırılmasına xidmət edir. Yaxşı olar ki, sahibkarlar alkoqollu içkilərin satışına başlamaq üçün cərimələrin tətbiqi tarixini gözləməsinlər. Bu, kartla ödəniş vərdişlərinin formalaşmasına, yarana biləcək nasazlıqların ilin əvvəlinə kimi aradan qaldırılmasına və son nəticədə sahibkarın cərimələrdən azad olmasına səbəb olacaq.

Nağdsız ödəniş - zamanın tələbidir...

Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edir.

Nağdsız ödənişlərin tətbiqi üçün ilk olaraq aksizli malların seçilməsi isə təsadüfi deyil. Məlum olduğu kimi, aksizli məhsullar əhali tərəfindən nisbətən az istehlak olunan və gündəlik tələbat üçün nəzərdə tutulmayan mallardır. Nağdsız ödənişlərə məhz belə məhsullardan başlanması həm plastik kartla ödənişlərin genişlənməsinə şərait yaradacaq, həm də cəmiyyətdə çaşqınlıq yaranmasına mane olacaq. Nağdsız ödənişin formalaşması həm də nisyə ödənişlərin aradan qalxmasıilə nəticələnəcək ki, bu da sahibkar üçün hər satışdan gəlirin yerindəcə əldə olunması deməkdir. Bununla da o, gündəlik gəlirini rahat hesablaya biləcək. Aksizli malların satışında daha böyük məsuliyyət isə iri vergi ödəyicilərinin üzərinə düşür. Onlar partnyor şirkətlərlə əməkdaşlığı qanun çərçivəsində quracaq və uçot sistemi qaydasında olan şirkətlərə məhsul satacaqlar. Öz növbəsində, kiçik şirkətlər də partnyorlarını itirməmək üçün sənədləri və dövriyyəni qanun çərçivəsində qurmağa çalışacaqlar. Bütün bunlar isə ölkədə şəffaf sahibkarlıq mühitinin inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

 





25.12.2015    çap et  çap et