525.Az

Yovşan, tərxun və Nobel mükafatı


 

2015-ci ilin Nobel mükafatı laureatları

Yovşan, tərxun və Nobel mükafatı<b style="color:red"></b>

Fiziologiya və təbabət üzrə 2015-ci ildə Nobel mükafatı laureatlarından biri də Çin alimi Tu Yuyudur.

Mükafat ona bu gün də milyonlarla insana əzab verən, yüz minlərlə insanın ölümünə səbəb olan malyariya xəstəliyini müalicə edən artemizinin preparatına görə verilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yalnız 2015-ci ildə bütün dünya üzrə 214 milyon adam malyariyaya tutulub. Bunlardan 438 mini dünyasını dəyişib.

Keçən əsrin ortalarında Azərbaycanda da bu xəstəliyə tutulanlar var idi. Bizdə bu xəstəliyə həm də isitmə deyirdilər. Dərmanı əsasən acı xinin-kinə idi. Lakin xalq təbabətində ta qədimlərdən isitməni-malyariyanı Azərbaycanın əksər rayonlarında yabanı şəkildə yetişən yovşanın dəmləməsi ilə müalicə edirdilər.

Maraqlıdır ki, süfrələrimizin bəzəyi tərxun da yovşanın bir növüdür. Tərxunun mədəni şəkildə becərilərək süfrəmizə gətirilməsi bəlkə də bu məqsədə “qulluq” edirmiş, o həm ətirli göyərtidir, həm də “loğman” xidməti göstərir.

İlin bütün fəsillərində qiyməti digər göyərtilərdən iki-üç dəfə baha olmasına baxmayaraq, tərxun süfrəmizdə “daimi qeydiyyata” düşən bitkilərdəndir. Xalq təbabətimizdə yovşan-tərxun həm isitmə-malyariyanın, həm də mədə-bağırsaq, yel xəstəliklərində geniş istifadə olunurmuş. Respublikamızın ərazisində 20-dən çox növü yetişir, bu növlərin bəzisinin hündürlüyü 3 santimetr, bəzisi isə bir metrdən də hündür olur. Türkiyə vilayətlərindən birində Yovşan adlı yayla da vardır.

Bəşəriyyət dərmanların sənaye üsulu ilə hazırlanmasına qədər loğmanların, türkəçarə ilə məşğul olanların hazırladığı dəmləmə, tinktura, ekstraktlarla şəfa tapırdı. Təbabətə aid qədim türk əlyazmalarında bir çox dərdlərin bitki və heyvan mənşəli dərmanları haqqında müfəssəl reseptlər vardır.

Vaxtı ilə respublikamızda yeganə elmi-kütləvi jurnal olan “Elm və həyat” da “Qədim tibdən sətirlər” rubrikası vardı. Dərginin hər nömrəsində AMEA-nın Əlyazmaları İnstitutunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nəcib Göyüşovun maraqlı yazıları dərc olunurdu. Oxucularımızın çoxu jurnalın həmin səhifəsini kəsib saxlayardılar. Həmin jurnalda xalq təbabətinin mahir bilicisi Məhəmməd Yusif Şirvaninin “Tibnamə”si əsəri də bir neçə nömrədə çap olunmuşdu. XVII əsrə aid bu əlyazmasında da bir çox xəstəliklərin müalicəsində istifadə olunan otlardan hazırlanmış ilac-dərmanlarda maraqlı məqamlar çox idi.

Nobel mükafatı almış Tu Yuyu da malyariyanı müalicə edən artemizinin maddəsini məhz qədim Çin təbabətinə istinadən yovşan bitkisini tədqiq etməklə kəşf etmişdir. Bu məqsədlə o, qədim müalicə traktatlarını araşdırmış, xalq təbabətindən istifadə edən loğmanların təcrübəsini ətraflı öyrənmişdir. 640-dan çox resept-nüsxə, məsləhət (rekomendasiya), müalicə üçün təyinləri toplamış və onlarda adları çəkilən bitkilərin malyariya əleyhinə effektini müəyyənləşdirmək üçün saysız-hesabsız təcrübələr-sınaqlar aparılmışdır. Tədqiqatçılar otlardan hazırlanmış 380 ekstrakt-cövhəri heyvanlar üzərində sınaqdan keçirmişlər.

Belə otlardan biri yovşan-tərxun daha ümidverici olmuşdur. Maraqlıdır ki, bu otun müalicəvi təsiri haqqında hələ 340-cı ildə yazılmış Çin traktatında məlumatlar vardı. İlk mərhələdə hazırlanmış cövhər müsbət nəticə verməmişdi. Çünki alimlər qədim əlyazmasında göstərilən ilacın hazırlanma qaydasına düzgün əməl etməmişdilər. Qədim təbabətə inamı böyük olan Tu Yuyu bir daha ilacın hazırlanma qaydasını nəzərdən keçirib müəyyənləşdirdi ki, onlar hazırlanma qaydalarında səhvə yol vermişlər. Qədim kitabda deyilirdi ki, dərmanı yovşanı qaynatmaqla deyil, vam odda, mülayim istilikdə dəmə qoymaqla hazırlamaq lazımdır. Məhz belə üsulla hazırlanmış dərman siçanlar və meymunlar üzərində müsbət nəticə verdi. Alim qadın Tu Yuyu malyariya əleyhinə artemizinin dərmanını könüllü olaraq ilk dəfə öz üzərində sınaqdan keçirdi və ilacın müsbət təsirinə qəti əmin oldu.

Beləliklə, hər il milyonlarla insanın səhhətinə ciddi xətər yetirən minlərlə insanın isə ölümünə səbəb olan malyariyanın kəsərli dərmanı artemizinin tapıldı. Maraqlıdır ki, Çin xalq təbabətində istifadə olunan bu dərmanın sənaye üsulu ilə istehsalına nə az-nə çox düz 1775 il vaxt lazım oldu.

Artemizini kəşf etmiş çinli Tu Yuyunun indi 84 yaşı var. Onun kəşfi keçən əsrin 70-ci illərinə aiddir.

Elm sahəsində dünyada ən seçilib-sayılan Nobel mükafatını isə ona kəşfindən təxminən 40 il sonra təqdim etmişlər. Yaxşı ki, Tu Yuyu uzunömürlü insanlardandır. Uzun ömür ona zəhmətinin bəhrəsini görməyə imkan verib.

1775 il bundan əvvələ aid Çin xalq təbabətinin sirlərini dərk edib, dövrümüzdə müasir aparatura ilə müasir əlaclar kəşf edən Tu Yuyu kimi alimlər yaxın zamanlarda Ebola virusunun, quş və donuz qripinin də müalicəsini tapacaqlar. Xalq təbabətinə müəyyən dövrlərdə sayqısızlıq göstərilmiş, türkəçarəyə xor baxılmışdır. Tu Yuyunun bu kəşfi bir daha sübut edir ki, sələflərimiz uzun illərin təcrübəsi ilə bir sıra xəstəliklərin əlacını elə təbiətin özündən axtarıb tapırmış, deməli əsrlərin sınağından çıxmış qədim tibb əlyazmalarındakı nüsxələrə yenidən nəzər yetirmək faydasız olmayacaq.

 





26.12.2015    çap et  çap et