525.Az

Milli valyutaların devalvasiyası: qlobal geosiyasi mübarizənin fəsadları


 

Milli valyutaların devalvasiyası: <b style="color:red">qlobal geosiyasi mübarizənin fəsadları</b>

Məlum olduğu kimi, 1 bareli 36-37 dollaradək ucuzlaşan neftin qiyməti 2004-cü ilin səviyyəsinə enib.

ABŞ neftinin dünya bazarlarına çıxarılması qərarı, gələn ildən etibarən İranın da dünya neft bazarlarına çıxmağı planlaşdırması "qara qızıl”ın qiymətinin yaxın gələcəkdə daha da azalmasına səbəb ola bilər. Bundan əvvəl ekspertlər neftin 1 barelinin 20 dollaradək ucuzlaşa biləcəyi xəbərdarlığını ediblər.

Sərbəst məzənnəyə keçid

Qiymətlərdəki kəskin eniş, ilk növbədə, neft hasilatçısı olan ölkələrin, o cümlədən Azərbaycanın milli valyutasının da dəyərini azaldıb. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-dən etibarən üzən məzənnəyə keçid elan etməsi və paralel olaraq, manatın il ərzində ikinci dəfə kəskin devalvasiyaya uğraması qlobal neft və maliyyə bazarlarında yaranan vəziyyətin, eləcə də Rusiya, İran, Qazaxıstan və Azərbaycanın sıx əlaqələri olduğu digər ölkələrin valyutalarının devalvasiyasının nəticəsidir. Rəsmilərin sözlərinə görə, İran rialı son 3 ildə 120 faiz devalvasiyaya uğrayıb, Qazaxıstan təngəsi 108 faiz, Rusiya rublu isə 2 dəfədən çox qiymətdən düşüb.

AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, 21 dekabrda verilən qərarla idarə olunan üzən məzənnəyə keçid baş verir. Yəni Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək, prosesləri nəzarətdə saxlayacaq, sərbəstliyin artırılması isə Mərkəzi Bankın valyuta resurslarına qənaət etməyə imkan verəcək. Məsələ ondadır ki, dollara nisbətdə ucuzlaşmış milli valyutanı yüksək həddə saxlamaq Mərkəzi Banka milyardlarla dollar hesabına başa gəlirdi. Təkcə onu demək kifayətdir ki, 2015-ci ilin əvvəlindən noyabr ayınadək AMB-nin valyuta ehtiyatları 6 milyard 923,7 milyon dollar azalaraq 6 milyard 834,6 milyon dollara enib. Bu isə il ərzində Bankın maliyyə resurslarının yarıdan çoxunun azalması deməkdir.

Manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası birbaşa olaraq Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub. Belə ki, dolların manata qarşı məzənnəsinin 1,05 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 milyard 145 milyon manat artmasına gətirib çıxarıb. AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il dekabr ayının 1-ə 6 milyard 245 milyon dollar olub (bax: Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb / "APA”, 21 dekabr 2015).

Həmçinin, devalvasiya hər il büdcəyə vəsait transfert edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun dollardan manata konvertasiya zamanı vəsaitin bir qisminə qənaət etməsinə imkan yaradır (bax: ARDNF: 1,55 AZN/USD məzənnəsi ilə xərclərə 2 mlrd. dollar qənaət proqnozlaşdırılır / "APA”, 21 dekabr 2015).

Üzən rubl və ya Rusiya təcrübəsi

Bildiyimiz kimi, Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, İranın bir müddətdir ki, üzən valyutaya keçməsi onlarla ticarət əlaqələrində Azərbaycana çətinliklər yaradırdı. Həmin ölkələr də sərbəst məzənnəyə keçidi yaranmış qlobal maliyyə vəziyyəti ilə əlaqədar tətbiq etməli olublar.

Rusiyaya nəzər salsaq, bu ölkə 2014-cü il noyabrın 10-da üzən valyutaya keçid etdi. Həmin vaxta qədər isə il ərzində rubl dollara nisbətdə 50 faiz ucuzlaşmışdı. Devalvasiya ərəfəsində, yəni oktyabr ayında Rusiya Mərkəzi Bankı rublu dəyərdə saxlamaq üçün 30 milyard dollara yaxın vəsait, başqa sözlə, ölkənin qızıl-valyuta ehtiyatlarının 7 faizindən çoxunu xərcləmişdi. Bu isə ölkənin maliyyə sabitliyinə böyük təhlükə yaratmışdı. Hazırkı məqamda, Mərkəzi Bank valyutanın dəyərinə ən kritik məqamlarda müdaxilə edir.

Bu üsulun səmərəlilik dərəcəsini qiymətləndirən rusiyalı ekspertlər xatırladırlar ki, keçmiş Sovetlər Birliyi dövründə hökumətin onillərlə davam edən valyutanın ciddi tənzimlənməsi siyasəti nəticəsində neftin qiymətlərinin ucuzlaşması qarşısında iqtisadiyyat davam gətirə bilmədi, bu siyasət bazarlarda məhsulların yoxa çıxmasına, qara valyuta bazarının yaranması və s. Ilə nəticələndi. Sərbəst üzən məzənnə şəraitində Mərkəzi Bankın minimal müdaxiləsi beynəlxalq rezervlərin qənaətinə şərait yaradır, bu isə makroiqtisadi sabitliyin təminatı deməkdir (bax: Фиксированный vs. плавающий: какой рубль выгоднее России / "slon.ru”, 30 oktyabr 2014).

Neft qiymətlərindəki ucuzlaşmanın və sanksiyaların vurduğu milyardlarla dollar miqdarında zərərə baxmayaraq, Rusiyanın maliyyə sektorunda hazırkı məqamda sabitliyi qoruyub saxlamaq mümkün olub.

Devalvasiyanın gətirdiyi iqtisadi fürsətlər

Manatın ucuzlaşdığı indiki vəziyyətdə Azərbaycan minimal zərər və şəraitin verdiyi yeni imkanlardan maksimum yararlanmağa çalışmalıdır. Bu baxımdan, devalvasiya ümumilikdə qiymət artımına və əhalinin gəlirlərinin azalmasına səbəb ola bilər, lakin onun faydalı cəhətlərini də diqqətdən yayındırmaq olmaz.

Bu imkanlardan biri yerli istehsalın inkişaf etdirilməsidir. Belə ki, dolların bahalaşması xaricdən məhsul alışına marağı azaldır, ölkə daxilində istehsal olunan məhsulların daxili bazarda satışını və ixracını daha əlverişli edir. Xarici və yerli məhsullar arasında düzgün balansın qorunması, ciddi qiymət artımına yol vermədən yerli istehsalın inkişaf etdirilməsi mümkündür. Bundan əlavə, manatın ucuzlaşması turizmin inkişafına da əlverişli şərait yaradır. Manatın dollara nisbətdə ucuzlaşması Azərbaycanda istirahəti və alış-verişi xarici ölkə vətəndaşları üçün daha sərfəli edir, bu isə ölkəyə daha çox maraq cəlb edə bilər.

Beləliklə, həm vəsaitlərə qənaət etməklə, həm də qeyri-neft sektorundan gələn gəlirləri artırmaqla Azərbaycan özünün maliyyə təhlükəsizliyini və əhalinin sosial təminatını qoruyub saxlaya bilər.

ABŞ-Rusiya geosiyasi savaşının qlobal iqtisadi təlatümləri

ABŞ-ın Rusiya ilə geosiyasi mübarizəni gücləndirməsi, ona iqtisadi sanksiyalarla zərbə vurmağa çalışması özünü göstərməkdədir. Bu baxımdan, 2014-cü ildən etibarən neftin qiymətinin kəskin enməsi ilk vaxtlardan ekspertlər tərəfindən bu mübarizənin tərkib hissəsi kimi qiymətləndirildi. Neftin qiymətlərinin universal iqtisadi qanunlara tabe olmayaraq, birxətli enişinin manipulyativ yollarla həyata keçirilməsi və siyasi məqsədlərə xidmət etməsi isə artıq heç bir şübhə doğurmur.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu yaxınlarda müsahibəsində də bildirdiyi kimi, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib: "Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarında neftin sürətlə ucuzlaşması fonunda baş verirdi. Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ-ın neft satışına qiymətin rekord həddə yüksək - az qala 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz – 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsində göstərildiyi kimi, "iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən” ibarətdir. Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi” (bax: Əli Həsənov: İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir / "AzərTAc”, 21 dekabr 2015).

Görünən odur ki, Qərb Rusiyanı zəiflətmək siyasətini davam etdirmək niyyətindədir.  Bunun göstəricisi olaraq, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2016-cı il iyulun 31-dək uzadıb. ABŞ isə sanksiyaların tətbiq edildiyi şəxs və müəssisələrin siyahısına daha 34 yeni ad əlavə edib. Neftin ucuzlaşmaqda davam edəcəyi də istisna deyil.

Rusiya isə sonadək müqavimət göstərəcəyini nümayiş etdirir. Belə ki, neftin ucuzlaşmasına cavab olaraq, "Qazprom neft” 2015-ci ildə hasilatı 20 faiz artırıb. Şirkət neftin 1 barelinin 15 dollara qədər enəcəyi təqdirdə də neft hasilatının rentabelli olacağını bəyan edib (bax: «Газпром нефть» заявила о рентабельности при цене нефти в 15 долларов за баррель / "lenta.ru”, 21 dekabr 2015).

Bu vəziyyət bütün ölkələri həm konkret iqtisadi tədbirlər, həm də milli iradə və əzmkarlıq baxımından uzunmüddətli mübarizəyə hazır olmağa vadar edir.

Newtimes.az
Hülya Məmmədli

 





28.12.2015    çap et  çap et