525.Az

Elçin Əhmədov: "Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir"


 

2015-Cİ İL ERMƏNİSTAN VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİ ARASINDA KEÇİRİLƏN SAYCA 50-ci GÖRÜŞLƏ YADDA QALDI

Elçin Əhmədov: "Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir"<b style="color:red"></b>

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) (oxu: Qurum 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır) üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində olub. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün qurumun Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edib". 

Bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin sədri, politoloq Elçin Əhmədov Dağlıq Qarabağ münaqişəsilə bağlı beynəlxalq miqyasda görülən işləri təhlil edərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflər arasında vasitəçilik missiyasının yerinə yetirilməsi ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupuna 1992-ci ildən 2015-ci  ilə qədər - 23 il ərzində 6 ölkədən ümumilikdə 28 nəfər həmsədrlik edib: "İtaliya, İsveç və Finlandiyadan hərəyə 1,  ABŞ-dan 10, Fransadan 8, Rusiyadan isə 7 nəfər vasitəçilik institutunda təmsil olunub.  1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olunub. 1997-1998-ci illərdə Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağdan kənarda işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsi ilə yanaşı, Dağlıq Qarabağın statusu məsələsinə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulub) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə -ilkin mərhələdə Dağlıq Qarabağın hüdudlarından kənarda olan işğal edilmiş ərazilərin azad olunması, sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsinin həlli nəzərdə tutulub) həllindən ibarət idi. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmayıb".

Politoloq bildirib ki, 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qətiyyən qəbuledilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürüblər: "Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanıb. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanı özündə ehtiva edib. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirib. Nəticədə, danışıqlar prosesində bir durğunluq yaranıb və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmayıb. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "Ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dayanıb. Daha sonra münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlanılıb və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənilib. Lakin bu görüşün nəticəsində də nizamasalma prosesində konkret irəliləyiş əldə edilməyib".

Mərkəz sədri qeyd edib ki, 2001-ci ilin yanvarın 26-da Parisdə əvvəlcə Marini sarayında, martın 5-də isə Yelisey sarayında aparılan danışıqlar daha sonra aprelin 4-6-da ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam etdirilib: "İki dövlətin prezidentləri arasında intensiv keçirilən  və sonradan "Paris prinsipləri" adını almış bu danışıqlarda əvvəllər irəli sürülmüş 3 təklifin ("paket", "mərhələli" və "ümumi dövlət") tərəfləri qane edən məqamlarının ümumiləşdirilməsi nəzərdə tutulub. Daha sonra 2002-ci ilin mart ayında ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfəri zamanı danışıqların Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri səviyyəsində davam etdirilməsini təklif ediblər. Bu təklif hər iki dövlət tərəfindən qəbul edilib və danışıqlar bu formatda Praqada davam etdirilib. Mahiyyətcə "mərhələli həll" planını özündə əks etdirən Praqa formatının Azərbaycan tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin Dağlıq Qarabağın statusu məsələsini yenidən ilkin şərt kimi müzakirə olunmasını irəli sürməsindən sonra danışıqlar prosesi yenidən dalana söykənib. Bu dövrdə, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar və qurumla qarşılıqlı əməkdaşlıq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib".

E.Əhmədov söyləyib ki, 2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olunub: "Sonradan "Praqa prosesi" adlandırılan danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə ediblər. Münaqişənin nizama salınmasına dair aparılan danışıqların  "Praqa prosesi" adını almış variantının əsas elementləri ondan ibarət idi ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilib. 2004-2006-cı illərdə münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxarıb. Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün Baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olunub. Bundan sonra, 2008-ci ildən bu yana tərəflər arasında 18 görüş keçirilib. Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü  2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə təşkil olunub".

Politoloq əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların və  böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı,  1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılıb:
 
"Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olub. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri  50 görüş keçiriblər. Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşıb. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Lakin Ermənistan  BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki, beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistanın münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapıb. Ona görə də, böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin yeddinci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər".

Ceyhun ABASOV

 





29.12.2015    çap et  çap et