525.Az

Dövlət əhalisini heç bir zaman çətinlikdə qoymayacaq


 

MƏSƏLƏYƏ POPULİST YANAŞMA SONDA ÖLKƏNİN BANK SEKTORUNUN TAMAMİLƏ ÇÖKMƏSİ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR

Dövlət əhalisini heç bir zaman çətinlikdə qoymayacaq<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan manatının növbəti dəfə devalvasiyasından sonra dollarla kredit götürən vətəndaşların ödəmələrində milli valyutanın ucuzlaşması qədər artım baş verib.

Yaranmış vəziyyətlə bağlı həm kredit borcu olan vətəndaşlar, həm də bank rəhbərlikləri narahatlıq keçirirlər. Çünki razılaşdırılan müddət ərzində kreditlərin ödənilməməsi bank sektorunda da bır sıra problemlər yaradır. Ona görə də, dövlət səviyyəsində manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunur. Bu mənada, qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasında ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılaraq kredit borcu olan sakinlərin borclarını ödəyib qurtaranadək 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilməsi qərara alınıb. Bu qərardan sonra "Naxçıvanbank" müştərilərindən kredit ödənişlərini dolların əvvəlki kursuyla alacağı barədə açıqlama verib. Lakin bu qərar ümumilikdə ölkəyə şamil edilməyib.

Bir çox ekspertlər hesab edir ki, ümumi ölkə vətəndaşları üçün oxşar qərarın verilməsi nə qədər gözləniləndirsə, daha yüksək məbləğlərdə borcu olanlar üçün konpensiya mexanizmlərinin tətbiq edilməsi iqtisadi səbəblərdən dolayı bir o qədər müşkül məsələdir. Qeyd olunur ki, bu, ümumilikdə ölkədə bank sektorunun çökməsinə gətirib çıxara bilər. Ancaq daha az məbləğli kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən gözlənilən addım atıla bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cebhe.info"ya məsələ ilə bağlı deyib ki, "Naxçıvanbank"a tətbiq edilən metod oradakı kreditləşmənin faiz dərəcəsinin nisbətən az olmasından asan başa gəlir: "Azərbaycanda təxminən 7 milyard dollarla olan kredit var. 7 milyard dollar olan kreditə "Naxçıvanbank"dakı qaydanı tətbiq edirik və bankları 4 milyarda yaxın zərərə salırıq. Bu banklar son 10 ildə 4 milyard gəlir əldə etməyiblər. Beləliklə də biz bank sektorunu tamamilə çökdürürük. Burada məsələ ondan ibarətdir ki, bu, banklar hesabına baş verməməlidir. Banklar da proseslərdə iştirak edərək öz güzəştlərindən istifadə etməli, şərtləri ortaya qoymalı və müəyyən dərəcədə faiz gəlirlərini ixtisara salmalıdır. Amma paralel olaraq da bu məsələdə əsas icraçı dövlət olmalıdır. Hökumət əhalinin itkilərini konpensasiya etməlidir. Digər ölkələrdə olduğu kimi bu yaxınlarda analoji təcrübə Qazaxıstanda da tətbiq olundu. Ukrayna buna bənzər addımı 2014-cü ildə atmışdı. 2014-cü ilin yanvarına qədər xarici valyuta ilə əldə edilmiş kreditlərin həmin dövrə olan məzənnə ilə geri qaytarılması dövlət tərəfindən hansısa konpensasiyanın ödənilməsi ilə təmin olundu".

Ekspert hesab edir ki, təcrübənin Azərbaycan üzrə banklarda tətbiqində mütləq iştirakçı hökumət olmalıdır və bu istiqamətdə vətəndaşın itkisi konpensasiya edilməlidir: "Həmçinin banklara vəsaitlər verilməlidir ki, bunun qarşılığında da vətəndaşlara banklar hansısa formada güzəştlər etsin. Amma bu iş çox ağırdır və hökumətin bu barədə qərar verməsi düşündürücü məqamdır. Hazırda hökumətin maliyyə vəziyyətini göz önünə gətirdikdə ciddi xərclər yaradan sosial addımlar atacağını düşünmürəm. Banklar da, vətəndaşlar da, hökumət də bu riskləri paylaşmaqla yaranmış çətin vəziyyəti heç olmasa idarə olunana qədər həyata keçirə bilər".

Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "SİA"ya bildirib ki, müxalifəti əhalinin sosial problemlərinin həlli deyil, bu zəmində siyasi reytinq yığmaq maraqlandırır. Onun sözlərinə görə, müxalifət bu gün manatın devalvasiyası ilə bağlı gedən proseslərdə bir qayda olaraq qeyri-obyektiv informasiya yayır: "Onlar məsələni mahiyyətindən uzaqlaşdırmağa çalışırlar. Manat subyektiv qərarlara görə yox, dünya maliyyə bazarlarında gedən proseslərə görə, dollara olan nisbətini dəyişib. Bu, qaçılmaz prosesdir. Bu məsələdə müxalifət siyasi xal yığmağa çalışır. Müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir. Müxalifət desə də, deməsə də bu məsələ iqtidarın diqqətindədir".

Millət vəkili qeyd edib ki, bu gün Mərkəzi Bank əhalinin banklara olan borcu məsələsi ilə bağlı özəl banklara qərar vermək barəsində tövsiyə edib: "Hazırda məsələ özəl banklar tərəfindən araşdırılır. Şübhəsiz ki, əhalinin maraqları nəzərə alınaraq, müəyyən qərara gəlinəcək. Bunun özü də göstərir ki, dövlət əhalisini heç bir zaman çətinlikdə qoymayacaq".

Ceyhun ABASOV

 





29.12.2015    çap et  çap et