525.Az

"Məni ağlada bilən əsərləri çox sevirəm"


 

GÜLNAR MİKAYILLI: "MÜTALİƏ ADAMLARA, HƏYATA, ÜMUMİLİKDƏ MÜHİTƏ FƏRQLİ PRİZMALARDAN BAXMAQ İMKANI YARADIR"

"Məni ağlada bilən əsərləri çox sevirəm"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Soyuq əllər, isti ürək" yarmarkası çərçivəsində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın imza günü keçirilirdi.

Mən də imza günündən reportaj hazırlamaq məqsədilə ordaydım. Tədbirə qatılan oxuculardan bir xanım diqqətimi xüsusilə cəlb etdi. Çünki Xalq yazıçısından imzalı kitab aldıqdan sonra uşaq kimi elə sevinirdi ki, gülümsəməmək əldə deyildi. Ədəbiyyata, sözə böyük önəm verdiyimdən bu detal çox xoş gəldi mənə. Niyəsini hələ də tam dəqiqləşdirməmişəm, amma xanıma yaxınlaşıb imza günü barədə fikirlərini öyrənmədim... Sözün açığı, əsas səbəb komplekslərdi. Cəmiyyətimizdə mövcud olan stereotiplər üzündən,  yanlış anlaşılmaq və xanımı rahatsız etmək istəmədim.

Daha sonra reportajı yazan zaman Xalq yazıçısı Anarla həmin xanımın fotosunu  görəndə qərara aldım ki, "o qızı tapım". Həmin şəkli öz Facebook hesabımda elə  #oqızıtapın haştaqı ilə də paylaşdım... Doğrusu, tapacağıma çox da inanmırdım. Amma çox keçmədən bir həmkarım xanımı tanıdığını yazdı. Beləcə, qəhrəmanımızı tapdım.

Gülnar Mikayıllı Qafqaz Universitetində bakalavriat pilləsində ingiliscə, mexanika mühəndisliyi ixtisasında təhsil alır. Bundan əlavə, ingilis dili müəllimi kimi çalışır.

Onunla "Xan xəzinəsi" kitab evində görüşdük. Seçdiyi kitabı Gülnar xanıma hədiyyə etdim, üstəlik, kiçik bir müsahibə də götürdüm ondan: 

- Gülnar xanım, mütaliədə daha çox hansı janra və müəlliflərə üstünlük verirsiz?

- Daha çox türk müəlliflərə və türk dilində olan tərcümə ədəbiyyatına üstünlük verirəm. Mənimçün əsas olan əsərin təsir gücüdür. Çox kövrək insanam. Ən kiçik olay belə, gözlərimi yaşardır. Məni ağlada bilən əsərləri oxumağı çox sevirəm. Kitabları da əsasən buna uyğun seçirəm. Məsələn, Elif Şafaqın, Tunç Kılınçın əsərlərini bəyənirəm.

- Ümumiyyətlə, mütaliəyə necə başlamısız?

- Uşaq yaşlarımdan marağım olub. Amma valideynlərim, təhsilimə mane olmasın deyə, icazə vermirdilər. Orta məktəbdə ədəbiyyat kitabının sonunda maraqlı hekayələr yer alırdı. Onları həvəslə oxuyurdum. Bir dəfə məktəb kitabxanasından Əkrəm Əylislinin "Kür qırağının meşələri" kitabını götürmüşdüm. Çox təsir etmişdi mənə. Sonluğu xüsusilə təsirli idi, hətta ağlamışdım (gülür).

Mütaliəyə başlamağımın tarixçəsinə gəldikdə, onuncu sinifdə oxuyur, eyni zamanda universitetə hazırlaşırdım. Hazırlıq yoldaşımın əlində bir kitab gördüm, adı maraqlı gəldi və oxumağa qərar verdim. İndiyədək yadımdadı. "Həyatımın soundtrəkisən" adlı əsər idi. Çox bəyənmişdim. Amma indi düşünürəm ki, təcrübəsiz olduğuma görə belə təsir edib. Hazırkı düşüncə tərzimlə elə də güclü əsər olmadığı qənaətindəyəm.

- Sizinlə Anarın imza günündə rastlaşdıq. Onun hansı əsərlərini oxumusuz?

- Açıq desəm, dərslər və işlə bağlı mütaliəyə elə də vaxt ayıra bilmirəm. Ona görə də oxuduğum əsərlər çox deyil. Əksərən yolda, metroda, avtobusda oxuyuram. Anardan yalnız "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini oxumuşam. Təbiət etibarilə çox həssas olduğumdan bu əsəri də oxuyanda göz yaşlarıma hakim ola bilmədim (gülür).

- Belə başa düşülə bilər ki, siz əsəri ancaq ağlamaq üçün oxuyursuz...

- Nə gizlədim, romantik-sentimental əsərləri sevirəm. Hədiyyə etdiyiniz kitabı seçəndə Rəşad Nuri Güntəkinin "Çalıquşu"sunu təsadüfi seçmədim. Filmini izləmişəm. Ənənəmə sadiq qalaraq onda da ağladım (gülür).

- Sualım qəribə səslənə bilər. Amma maraqlıdır, niyə oxuyursuz?

- Məncə, kitab oxumaq fərqli bir hiss olduğu üçün. Adamlara, həyata, ümumilikdə bütün mühitə fərqli prizmalardan baxmaq imkanı yaradır.

- Ədəbiyyat sizə tam olaraq nə verib?

- Qəribə səslənsə də, bilmirəm (gülür).

- Bəs nəyisə alıb?

- Düşünmürəm. Məncə, nələrsə verib. Amma bu, maddi deyil.

- Ruhunuza ən yaxın əsər, yaxud müəllif kimdir?

- Əsərləri müəllifə görə seçmirəm, amma oxuduqlarım arasında ruhuma ən yaxın Kafkanın "Milenaya məktublar" əsəri olub. Uzun müddət təsirindən çıxa bilməmişdim.

- Müasir türk ədəbiyyatı dedikdə ilk ağla gələn, hər halda, Orxan Pamuk olur...

- Orxan Pamuku, çox təəssüf ki, hələ oxumamışam. Amma bu yaxınlarda "Mənim adım qırmızı" əsərini almışam. İlk imkanda oxumağı düşünürəm.

- Hansı yazıçı, yaxud şairlə görüşmək istərdiz?

- Bu barədə heç düşünməmişəm. Amma dəqiq bilirəm ki, əsərlərini çox bəyəndiyim Elif Şafaqla görüşmək istəməzdim...

- Niyə, xəyal qırıqlığına uğramaqdan qorxursuz, ya necə?

- Əslində o, məni bir dəfə xəyal qırıqlığına uğradıb. Elif Şafaq haqqında heç nə oxumamışdım. Hətta onu kişi hesab edirdim. Təxminən 60-70 yaşında qoca bilirdim. Beynimdə artıq bir obraz var idi. Təsadüfən cavan qadın olduğunu öyrənəndə yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Amma xüsusilə "Eşq" romanını çox bəyənirəm. Hətta anama o qədər tərifləmişdim ki, o da oxumuşdu.

- Bəs hansı obrazın, yaxud yazıçının yerində olmaq istərdiz?

- Tunç Kılınçın "Sıfır" əsərində... Orda baş qəhrəman Əli avtomobil qəzası keçirir və həyatla ölüm arasında qalır. Bir qədər fərqli yanaşmadı. Eyni zamanda həyatdan zövq almağı, anı yaşamağı öyrədir. Pepperoni adlı bir yerə düşür. Orda olmaq istərdim (gülür). Yazıçı kimisə Frans Kafkanın yerində olmaq istəyərdim. "Milenaya məktublar" əsəri çox gözəldi. Onu yazarkən hansı hisslər keçirdiyini duymaq maraqlı olardı.

- Məncə, qadınlar daha çox Milenanın yerində olmaq istəyərlər. Çünki siz hisslərlə bizdən daha çox hesablaşırsız.

- Onun yerində olmağı heç istəməzdim. Kafka daha yaxşıdı. O hissləri yaşamaq gözəl olar, hər halda...

- Amma Kafka vərəmdən ölüb...

- Yox, məhz həmin məktubları yazdığı vaxtda olmaq istəyirəm.

- Bəlkə həmin vaxt elə xəstəlikdən əziyyət çəkirmiş...

- Bunu düşünməmişdim (gülürük).

- Azərbaycanlı gənc müəllifləri oxuyursuz?

- Demək olar ki, yox. Təkcə Qaraqanı oxumuşam. Maraqlı yazır.

- Əgər qarşınızda iki seçim olsaydı ki, ya mexanika mühəndisliyi, ya da məşhur yazıçı olmağı seçin...

- Mənə elə gəlir ki, hansısa başqa sənət sahibi olmaqla ədəbiyyatı paralel davam etdirmək mümkündür.

- Amma mən hobbi kimi nəzərdə tutmuram...

- Bilmirəm. Bir məsələni vurğulayım, mən hər şeydən tez bezənəm. Bəlkə də romantik nələrsə yazsaydım, yazıçı olmağı seçərdim, amma əmin deyiləm. Ədəbiyyatdan bezmək istəmirəm.

 





29.12.2015    çap et  çap et